YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

27 sentyabr şanlı Qələbə salnaməmizin ilk günü kimi tarixə əbədi həkk olunub

Böyük Zəfərimizə gedən yolun başlanğıc günü artıq dövlət başçısı İlham Əliyevin müvafiq Sərəncamı ilə Anım Günü kimi əbədiləşən 2020-ci ilin 27 sentyabr tarixindən üç il keçir. Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız həmin gün başlanan 44 günlük İkinci Qarabağ müharibəsində hərbi-siyasi yolla azad olundu və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Rəşadətli Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitlərinin canı, qanı bahasına Vətən müharibəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan qəsəbəsi, Xocalı və Laçın rayonlarının bir neçə kəndi daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edildi. Qarabağın tacı Şuşa şəhərinin azad edilməsi və Ermənistanın kapitulyasiya aktını imzalamağa məcbur olması ilə müharibə başa çatdı. Azərbaycanın döyüş meydanında qazandığı böyük qələbə siyasi müstəvidə də öz təsdiqini tapdı. Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını bir güllə belə atılmadan işğaldan azad etmək məcburiyyətində qaldı və bununla da tarixi ədalət bərpa olundu.

Bu, Azərbaycan Ordusunun 44 gündə yazdığı uğur hekayəsinin xronologiyasıdır. Amma bu uğura nail olmaq böyük qətiyyət, yenilməz siyasi iradə, hərtərəfli hazırlıq tələb edirdi. Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın başlanan inkişaf yolu uğurlarla zəngindir. Ulu Öndər Heydər Əliyev 1993-2003-cü illərdə formalaşdırdığı möhkəm təməl sonrakı uğurlarımıza yol açdı. Məhz bu təmələ söykənərək Müzəffər Ali Baş Komandan İlham Əliyev bildirirdi ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq: “Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik”.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Günnüt əməliyyatı, 2020-ci ilin iyul ayında Tovuz döyüşləri zamanı Azərbaycan Ermənistanın torpaqlarımızı işğal etməsi ilə barışmayacağını nümayiş etdirdi. Lakin Ermənistan bu döyüşlərdən də nəticə çıxarmadı, Azərbaycana qarşı təxribatları və diversiyaları davam etdirdi. 2020-ci il sentyabrın 27-də atəşkəs rejimini növbəti dəfə kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan Ordusunun mövqelərinə intensiv zərbələr endirməklə yanaşı, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Nəticədə hərbi qulluqcularla yanaşı, Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak oldu. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks- hücuma keçmək əmrini verdi.

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf edən Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz xalqına Qələbəni bəxş edən rəşadətli orduya çevrildi. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində möhtəşəm Qələbə qazanaraq tarixi nailiyyətə imza atdı. İkinci Qarabağ müharibəsində ölkənin 30 ilə yaxın müddətdə pozulmuş ərazi bütövlüyünün bərpası və xalqımızın mədəniyyət beşiyi Şuşanın azad olunması Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi sərkərdəlik qabiliyyətinin Zəfər zirvəsi çağdaş tariximizə qızıl hərflərlə həkk olundu.

Vüqar Rəhimzadə bildirib ki, artıq üç ildir torpaqlarımızın işğaldan azad edilməsinin qürurunu yaşayırıq. Bu sevinci bizlərə bəxş edən dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarıq. Torpaq, Vətən yolunda canlarından keçən şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə Allahdan şəfa diləyirik. Tarixi Zəfərimizi 3 mindən artıq şəhidimizin qanı, igid hərbçilərimizin şücaətləri ilə qazandıq. 27 sentyabr-Anım Günü bugünkü gənc nəslin vətənpərvərlik, milli ruhda tərbiyəsinə bir çağırışdır. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizi şərtləndirən amillər qeyd olunarkən bu məqam beynəlxalq səviyyədə də etiraf edilir ki, hər hansı bir müharibədə torpaq, Vətən sevgisi əsas amildir. Vətən oğulları canları, qanları ilə dünya hərb tarixinə yeni səhifə yazmaqla bir daha sübut etdilər ki, torpaq, əgər uğrunda ölən varsa Vətəndir. 2020-ci il 27 sentyabr tarixi Qələbə salnaməsinin ilk günü kimi tarixə yazılıb. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edilib. Atılan bütün addımların əsasında tarixi Qələbəmizin əbədiləşdirilməsi, bu tarixi yazan şəhidlərimizin, qazilərimizin qəhrəmanlıqlarla dolu həyatlarını bir vətənpərvərlik məktəbi kimi öyrənmək, onların torpaq, Vətən sevgisindən irəli gələn addımlarını indiki və gələcək nəsillərə çatdırmaq dayanır.

Vüqar Rəhimzadə bu məqamı da xüsusi qeyd edib ki, bu gün Ümummilli Liderin, şəhidlərimizin ruhları şaddır. Azad Qarabağ və azad Şərqi Zəngəzur dirçəlir, soydaşlarımız doğma yurd-yuvalarına qayıdırlar. Dövlətimizin siyasətində şəhid ailələrinə, qazilərə diqqət və qayğı xüsusi yer tutur. Bu diqqət hər birimizin vətəndaşlıq borcudur. Onlar yazdıqları şanlı tarix ilə xalqımızın yenilməzliyini, məğrurluğunu, tarixinə sahib çıxmasını təsdiqlədilər. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Qarabağın tacı Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqımıza məhz Şəhidlər xiyabanından çatdırmaqla, tarixi Zəfərimizdən sonra ilk görüşünü 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə keçirməklə çağırışlarını ifadə etdi. Dövlət başçısı bildirdi ki, müharibə başa çatandan dərhal sonra sizə öz hörmətimi ifadə etmək üçün gəlmişəm. Gəlmişəm sizin valideynlərinizə öz təşəkkürümü bildirim ki, dövlət üçün belə qəhrəman övladlar yetişdiriblər. Birinci təbrik etdiyim insanlar sizsiniz və sizin simanızda bizim bütün qəhrəman döyüşçülərimizdir. Müzəffər Ali Baş Komandan, eyni zamanda, bildirdi ki, gəlmişəm deyim ki, mən hər zaman sizinlə bir yerdə olacağam. Mənə arxalana bilərsiniz. Bizim qəhrəman döyüşçülərimiz gələcək həyatda da daim mənim nəzarətim altında olacaqlar.

YAP Xətai rayon təşkilatının sədri diqqəti postmünaqişə dövründə dövlət başçısının səsləndirdiyi bu çağırışa da yönəldib ki, əgər Ermənistan və ya onun havadarları tərəfindən Azərbaycana qarşı hər hansı təhlükə yaranarsa, ölkəmiz həmin təxribatların qarşısını dərhal almaq üçün cavab tədbirləri görəcək. Bizim dəmir yumruğumuz hər hansı təxribatın qarşısını almağa daim hazır vəziyyətdədir.

Azərbaycan Ordusunun “Qisas” kimi əməliyyatları onun müstəqilliyimizə, suverenliyimizə qarşı hər bir təxribatın qarşısını qətiyyətlə almaq gücünü nümayiş etdirir. Hazırda Azərbaycan Ordusu sərhəddə əməliyyat şəraitini öz nəzarəti altında saxlayaraq yeni uğurlar qazanır. Dövlət başçısı İlham Əliyev sentyabrın 25-də Naxçıvanda qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatlarında “Əgər üç il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində biz işğala son qoymuşduqsa, bu il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qoymaqla ərazi bütövlüyümüzü tam bərpa etmişdiksə, beş gün əvvəl biz suverenliyimizi tam təmin etdik, bərpa etdik. 24 saat ərzində, ondan da az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz məskunlaşmış Ermənistan ordusu təslim oldu, bizim şərtlərimizi qəbul etdi və beləliklə, Azərbaycan öz dövlət suverenliyini tam təmin etmişdir” fikirləri ilə bu uğurların təqdimatını etdi.