YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarixi Zəfərimizin təcəssümü

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Tarixi Zəfərimizin reallıqlarını yaşayırıq. Azad Qarabağımız, Şərqi Zəngəzurumuz dirçəliş mərhələsini yüksək səviyyədə yaşayır. Böyük Qayıdış proqramının uğurla icra edilməsi soydaşlarımızın mərhələli şəkildə öz dogma yurd-yuvalarına qayıdışında özünün aydın ifadəsini tapır. Ağalı və Talış kəndlərinin ardınca Laçın şəhərinə qayıdış başladı. Dövlət başçısı İlham Əliyevin Sərəncamına uyğun olaraq bu günlərdə 26 avqust-Laçın Şəhəri Gününü qeyd etdik. Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın avqustun 25-də Kəlbəcər və Laçın rayonlarına səfəri mühüm məqamlarla tarixə yazıldı. Böyük Qayıdış proqramına uyğun olaraq bütün işlər sistemli şəkildə həyata keçirilir.

“İkinci Qarabağ müharibəsi nəticəsində dekabrın 1-də Laçın rayonu işğaldan azad edildi, ancaq Laçın şəhəri və iki kənd – Zabux və Sus kəndləri bizim nəzarətimizdə deyildi. Ona görə ki, keçmiş Laçın dəhlizi bu şəhərdən, bu kəndlərdən keçirdi. Biz qısa müddət ərzində yeni yol çəkərək həm Laçına, həm də Zabux və Sus kəndlərinə qayıtdıq və bu gün səhər zabuxlularla mənim görüşüm olub. Onlar dünən axşam uzun fasilədən sonra – 31 ildən sonra öz doğma kəndlərinə qayıdıblar və artıq burada yaşayırlar” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, laçınlılar mayın 28-dən etibarən artıq buradadırlar. O vaxtdan bu günə qədər 1000-ə yaxın Laçın sakini şəhərdə məskunlaşmış və ilin sonuna qədər 900 ailə üçün evlər hazır olacaq. Yəni, bu ilin sonuna qədər bir neçə min həm şəhər, həm kənd sakini Laçında yaşayacaq. Bu, böyük xoşbəxtlikdir: “Bu xoşbəxtliyi bizə bəxş edən bizim müzəffər Silahlı Qüvvələrimizdir. Fürsətdən istifadə edərək bütün şəhidlərimizin əziz xatirəsini hörmətlə yad edir, onlara Allahdan rəhmət diləyirik. Onların qanı-canı bahasına, qəhrəman övladlarımızın şücaəti hesabına bu gün biz buradayıq, bu gün biz doğma torpağımızda bayram şənlikləri keçiririk. Bundan böyük xoşbəxtlik ola bilməz.”

Azərbaycan azad edilmiş ərazilərdə apardığı genişmiqyaslı bərpa- quruculuq işləri ilə dünyaya təkmil dirçəliş modelini təqdim edir. Şəhər və kəndlər Baş plan əsasında yenidən qurulur. Bütün işlərin zamanında və yüksək səviyyədə həyata keçirilməsi Azərbaycanın hələ 30 illik işğal dövründə Qələbəmizə əminlik əsasında bərpa-quruculuq işləri barədə düşünərək iqtisadi və maliyyə imkanlarını möhkəmləndirdiyini təsdiqləyir. Dövlət başçısı İlham Əliyev sözügedən bayram tədbirində bu mühüm məqamı böyük qürur hissi ilə qeyd etdi ki, bu gün həm Şuşada, həm Laçında toy-bayram edirik, həm də sakinlər qayıdıb, həyat qayıdıb. Hər bir laçınlı, hər bir keçmiş məcburi köçkün bu gün qürur hissi ilə yaşayır. Hər bir azərbaycanlı, Azərbaycanın hər bir yerində bütün Azərbaycan vətəndaşları, dünya azərbaycanlıları qürur hissi ilə yaşayırlar ki, biz tarixi Zəfər çalaraq bütün dünyaya Azərbaycan xalqının gücünü, iradəsini göstərdik və öz doğma torpağımıza qan tökərək qayıtmışıq: “Danışıqlar yolu ilə bunu etmək mümkün deyildi və müharibə yeganə çıxış yolu idi. Biz ədalətli müharibə aparmışıq, biz öz torpağımızda vuruşmuşuq, savaşmışıq. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur, ancaq öz torpağımızı biz heç kimə verən də deyilik. Bu məsələ ilə bağlı hələ işğal dövründə dəfələrlə mən Azərbaycan dövlətinin mövqeyini ifadə edərək deyirdim ki, heç vaxt Azərbaycan xalqı işğalla barışmayacaq, nəyin bahasına olursa-olsun öz doğma torpaqlarına qayıdacaqdır və belə də oldu.”

Xalqımız tarixi torpaqlarına qovuşacağına əmin idi. Azərbaycan dövlətinin qətiyyəti, diplomatik uğurlarının davamlılığı, hərbi gücümüz, xalqımızın birliyi bu əminliyə əsas verirdi. Dövlət başçısı İlham Əliyev həmin çıxışında ərazi bütövlüyümüzün tam təmin edilməsinin təsdiqi olan Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılmasına da diqqəti yönəldi və bildirdi ki, nə qədər təzyiqlər, hədə-qorxular oldu. Bu gün də davam edir. Bu gün də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində Ermənistan və onun arxasında dayananlar Azərbaycana qarşı müxtəlif fitnələr ortaya atırlar. Heç bir şey bizi yolumuzdan döndərə bilməz. Sərhəd-buraxılış məntəqəsinin qurulması ərazi bütövlüyümüzün tam bərpası deməkdir və bunu beynəlxalq hüquq çərçivəsində etdik. Biz öz ərazimizi, sərhədlərimizi qoruyuruq və qoruyacağıq. Laçın sərhəd-buraxılış məntəqəsinin açılışı bilavasitə İkinci Qarabağ müharibəsində əldə olunmuş böyük Qələbənin təcəssümü kimi dəyərləndirilir. Tarixi sərhədimizdə Azərbaycan bayrağının ucaldılması və həmin ərazidə rəsmi dövlət qurumlarımızın nümayəndəliklərinin mövcudluğu hər bir azərbaycanlının qürur mənbəyidir.