YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dirçələn Qarabağ, Şərqi Zəngəzur Azərbaycanın gücünün göstəricisidir

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

“Biz bütün dünyaya sübut etmişik ki, heç kim bizim iradəmizə təsir edə bilməz. Bunu biz müharibə dövründə göstərmişik, 44 gün ərzində ancaq və ancaq irəli gedərək, düşməni məhv edərək, bayrağımızı qaldıraraq göstərmişik. Müharibədən sonra keçən 3 ilə yaxın müddətdə də bunu sübut etməyə məcburuq. Çünki bizə qarşı aparılan kampaniya, çirkin təbliğat bizim iradəmizə təsir edə bilməz, bizi yolumuzdan döndərə bilməz. Haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, biz heç kimdən qorxmuruq və bunu göstərmişik, həm döyüş meydanında, həm siyasi müstəvidə. Ermənistanın havadarları bunu nə qədər tez anlasalar, o qədər də Ermənistan üçün yaxşı olacaq və bölgə üçün yaxşı olacaq.” Dövlət başçısı İlham Əliyev avqustun 26-da Laçın Şəhəri Günündə keçirilən bayram tədbirində bir daha diqqəti 30 ilə yaxın işğal dövrünün reallıqlarına yönəldərək bildirdi ki, azad edilmiş ərazilərə hər gələn insan öz gözləri ilə erməni vəhşiliyinin təzahürlərini görür. Əgər bu torpaq onlara məxsus idisə, nə üçün şəhərlər, kəndlər viran qoyulub,  tarixi abidələr dağıdılıb? Onlar da bilirdilər ki, gec-tez biz gələcəyik.

Hər zaman ədalətə, beynəlxalq hüquqa söykənən Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfəri ilə bugünümüzün reallıqlarını yaradaraq yeni prioritetlərin müəllənləşdirilməsini şərtləndirdi. Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi quruculuq işləri çox mühüm iqtisadi əhəmiyyətə malik olmaqla bərabər, eyni zamanda,  xalqımızın  və dövlətimizin  sarsılmaz siyasi iradəsini dünyaya nümayiş etdirir. Dövlət başçısı İlham Əliyev bayram tədbirindəki çıxışında onu da bildirdi ki, biz xoşbəxt günləri yaşayırıq və əminəm ki, xalqımız bundan sonra sülh, əmin-amanlıq şəraitində yaşayacaq, öz doğma torpağında qurub-yaradacaqdır. Laçın rayonunun timsalında biz dirçələn Azərbaycan reallıqlarını, dirçələn torpaqları görürük.

Qeyd etdiyimiz kimi,  44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən sonra yeni reallıqlar yaranıb. Bölgədə dayanıqlı sülhün və əmməkdaşlığın  tərəfdarı olan və bunu atdığı addımları ilə təsdiqləyən Azərbaycan Ermənistana sülh müqaviləsinin imzalanmasını təklif etməklə bu istəyi reallığa çevirmək üçün qarşı tərəfdən üzərinə düşən öhdəlikləri yerinə yetirməyi tələb edir. Bölgədə davamlı sülhün təmin edilməsi, kommunikasiyaların açılması əməkdaşlığın coğrafiyasının genişlənməsinə imkanlar yaradacaq. Azərbaycan Prezidenti İlham Əliyevin də çıxışlarında vurğuladığı kimi, bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır.

Müzəffər Ali Baş Komandan Laçın şəhərindən bu mesajı da  ünvanladı:  “Bu il aprelin 23-də Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsi qoyulmuşdur. Bir daha iradə, cəsarət, öz gücünə əminlik nümayiş etdirərək biz bunu etdik. Nə qədər bizə təzyiqlər oldu, nə qədər hədə-qorxular oldu. Bu gün də davam edir, bu gün də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində Ermənistan və onun arxasında dayananlar bizə qarşı müxtəlif fitnələr ortaya atırlar. Heç bir şey bizi yolumuzdan döndərə bilməz. 23 aprel bizim ərazi bütövlüyümüzün tam bərpası deməkdir. Sərhəd-buraxılış məntəqəsinin qurulması ərazi bütövlüyümüzün tam bərpası deməkdir və bunu biz beynəlxalq hüquq çərçivəsində etdik, biz öz ərazimizi qoruyuruq, öz sərhədlərimizi qoruyuruq və qoruyacağıq.”

Laçın sərhəd-buraxılış məntəqəsi Azərbaycanın suverenliyini və təhlükəsizliyini təmin edir. Azərbaycan ərazisində qeyri-qanuni dislokasiya olunmuş 10 minə yaxın hərbçinin rotasiyasının, habelə silah, sursat, mina və xarici terrorçuların daşınmasının, ərazidən təbii sərvətlərin qanunsuz çıxarılmasının qarşısını alır. Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü il 6 iyul tarixli yekdil qərarı Ermənistanın nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı müvəqqəti tədbir görmək tələbini rədd edərək, Ermənistanın Laçın keçid məntəqəsinin qanunsuz olması ilə bağlı iddialarını qəti şəkildə təkzib edib.  Ermənistan həqiqətən də bölgənin sadə sakinlərini düşünsəydi, heç vaxt Ağdam-Xankəndi yolundan Qarabağ bölgəsinə yüklərin çatdırılmasına etiraz etməzdi. “Humanitar” bəhanələrlə edilən manipulyasiyalar vasitəsilə Ermənistan hərbi təxribatlar üçün süni səbəblər yaradır. Hadisələrin gedişatı və erməni siyasətinin xisləti onu göstərir ki, Xankəndidə vəziyyətin pisləşməsi rəsmi İrəvanın marağındadır.