YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Laçın rayonunun timsalında dirçələn torpaqları görürük

Nihad Pənahov

YAP Tovuz rayon təşkilatının sədri

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva  avqustun 25-də Kəlbəcər və Laçın rayonlarına səfər etdilər.  Laçın Şəhəri Günündə təşkil edilən bayram tədbirində çıxış edən cənab İlham Əliyev bildirdi ki, bu gün Laçın şəhəri necə də gözəldir. Bərpa işlərinə keçən ilin oktyabr ayında başladıq. Artıq bu gün Laçında qonaqları qəbul edirik: “Azərbaycanın müxtəlif yerlərindən qonaqlar gəlib, xarici ölkələri təmsil edən diplomatlar gəlib. Bu, bir daha göstərir ki, xalqımız öz doğma torpağında qurub-yaradan xalqdır.”

Xalqımız 30 il torpaqlarımıza qovuşacağımız günü səbirsizliklə gözlədi. Azərbaycan dövlətinin bu istiqamətdə göstərdiyi səylər hər birimizə məlumdur. Qarşı tərəf hər vəchlə danışıqlar prosesini uzatmağa can atır, müxtəlif bəhanələrlə bu danışıqlardan yayınırdı. Cənab İlham Əliyev Laçın Şəhəri Günündə keçirilən bayram tədbirində bu məqamlara bir daha diqqət yönəltdi.

Azərbaycan işğala danışıqlar yolu ilə son qoymağa çalışdı. Aparılan danışıqlar bunu bir daha göstərdi.  Bütün Azərbaycan xalqı, dünya ictimaiyyəti də yaxşı bilir ki, Ermənistan torpaqlarımızdan öz xoşu ilə çıxmaq istəmirdi. Sadəcə olaraq, görüntü naminə belə bir təklif irəli sürürdü ki, guya onlar beş rayonu qaytarmağa hazırdırlar, ancaq Laçın və Kəlbəcər onların əlində həmişəlik qalmalıdır. Müzəffər Ali Baş Komandanın bəyan etdiyi kimi, biz heç vaxt bununla razılaşa bilməzdik.

Azərbaycan dövləti ən yüksək tribunalardan dəyişməz mövqeyini bəyan etdi. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və ola da bilməz. 30 il aparılan danışıqlar da Azərbaycanın mövqeyindən bir addım belə geri çəkilmədiyinin nümayişidir. Münaqişənin həllində sülh danışıqları səmərə vermədiyi təqdirdə hərb yolu istisna edilmədi.  Bu gün qürurla qeyd edirik ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz bizə Zəfər sevincini yaşatdı.

Laçın Şəhəri Günündə keçirilən bayram tədbirində “Bu gün isə biz bütün dünyaya sübut etmişik ki, heç kim bizim iradəmizə təsir edə bilməz. Bunu biz müharibə dövründə göstərmişik, 44 gün ərzində ancaq və ancaq irəli gedərək, düşməni məhv edərək, bayrağımızı qaldıraraq göstərmişik” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, müharibədən sonra keçən 3 ilə yaxın müddətdə də bunu sübut etməyə məcburuq. Çünki bizə qarşı aparılan kampaniya, çirkin təbliğat iradəmizə təsir edə bilməz, yolumuzdan döndərə bilməz. Haqq-ədalət, beynəlxalq hüquq bizim tərəfimizdədir: “Biz heç kimdən qorxmuruq və bunu göstərmişik, həm döyüş meydanında, həm siyasi müstəvidə. Ermənistanın havadarları bunu nə qədər tez anlasalar, o qədər də Ermənistan üçün yaxşı olacaq və bölgə üçün yaxşı olacaq. Çünki biz qurub-yaradan xalqıq. Laçın şəhərini cəmi 8 ay ərzində qurub-yaratmaq xalqımızın həm istedadını, həm iradəsini göstərir və eyni zamanda, onu göstərir ki, bu torpaqların sahibləri bizik.” Cənab İlham Əliyev onu da qeyd etdi ki, Ermənistan 30 il ərzində torpaqlarımızı işğal altında saxlayıb. Azad edilmiş ərazilərə hər gələn insan öz gözləri ilə erməni vəhşiliyinin təzahürlərini görür. Əgər bu torpaq onlara məxsus idisə, nə üçün şəhərlər, kəndlər viran qoyulub, bütün tarixi abidələr dağıdılıb? Onlar da bilirdilər ki, gec-tez biz gələcəyik: “İşğal dövründə keçmiş köçkünlərlə çoxsaylı görüşlərdə mən deyirdim ki, gün gələcək biz öz bayrağımızı Laçında, Şuşada, o vaxt işğal olunan digər şəhərlərdə qaldıracağıq.”

Düşməni döyüş meydanında məğlub etdik. Danışıqlar aparılan müddətdə iqtisadiyyatımızı gücləndirdik. Siyasi gücümüzü artırdıq. Ordu quruculuğu sahəsində biri-birindən mühüm addımlar atıldı. Bunun nəticəsidir ki, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşıb. Tarixi Zəfərimiz ölkəmizin bütün sahələrdə qazandığı uğurların təqdimatı oldu. Rəşadətli Ordumuz düşməni 44 gündə diz çökdürdü və torpaqlarımızdan qovdu. Gənclərimiz vətənpərvərlik, milli ruhda böyüyərək bu sevgilərini canları, qanları ilə tarix yazmaqla sübut etdilər.

Hazırda bu torpaqlarımızda yeni həyat qurulur. Bircə faktı qeyd etmək kifayətdir ki, azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinin miqyası barədə aydın təsəvvür yaransın. Qısa müddətdə iki Beynəlxalq Hava Limanının işğaldan azad edilmiş Füzuli və Zəngilan rayonlarında tikilib istifadəyə verilməsi, üçüncü aeroportun Laçında tikintisinin davamı və 2025-ci ildə başa çatdırılmasının nəzərdə tutulması Azərbaycan dövlətinin qüdrətini, nəyə qadir olduğunu nümayiş etdirir. Dövlət başçısı İlham Əliyev sözügedən çıxışında bildirdi ki, Laçın rayonunun timsalında biz dirçələn Azərbaycan reallıqlarını görürük, dirçələn torpaqları görürük.

Laçınlıların birinci mərhələdə Laçın şəhərinə məhz may ayında qayıdışının rəmzi mənası rayonun may ayında işğal edilməsidir. 1992-ci ilin mayında rayon işğal altına düşdü, 31 il sonra laçınlılar Laçına qayıtdı. Artıq xalqımız mərhələli şəkildə həyata keçirilən qayıdışın sevincini yaşayır. Dünya bir daha bu torpaqların sahibinin kim olduğunu görür. Ermənilərin 30 ildə yerlə-yeksan etdikləri  ərazilərimiz tarixi sahibinə qovuşub yeni həyatı yaşadıqları üçün sevinclidirlər.

Dövlət başçısı İlham Əliyev həmin çıxışında bu ilin aprelində yaradılan Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılmasından danışaraq onu da bildirdi ki, bir daha iradə, cəsarət, öz gücünə əminlik nümayiş etdirərək bunu etdik. Nə qədər bizə təzyiqlər, hədə-qorxular oldu. Bu gün də davam edir. Bu gün də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində Ermənistan və onun arxasında dayananlar ölkəmizə qarşı müxtəlif fitnələr ortaya atırlar: “Heç bir şey bizi yolumuzdan döndərə bilməz. 23 aprel bizim ərazi bütövlüyümüzün tam bərpası deməkdir. Sərhəd-buraxılış məntəqəsinin qurulması ərazi bütövlüyümüzün tam bərpası deməkdir və bunu biz beynəlxalq hüquq çərçivəsində etdik, biz öz ərazimizi qoruyuruq, öz sərhədlərimizi qoruyuruq və qoruyacağıq.”

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulması böyük Şuşa Zəfərindən sonra əldə edilmiş ən böyük və əhəmiyyətli hərbi-siyasi qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Bir zamanlar torpaqlarımızı işğal edən, soydaşlarımızı öz doğma yurd-yuvalarından didərgin salan, onları qətlə yetirən düşmən indi şanlı Azərbaycan bayrağının altından keçərək, sərhədçilərimizin önündə farağat dayanır.