YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qürur mənbəyimiz

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

Tarixi sahibinə qovuşmuş torpaqlarımızda aparılan bərpa-quruculuq işlərinin miqyasını təsəvvür etmək üçün təkcə dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın avqustun 25-də Kəlbəcər və Laçın rayonlarına reallaşdırdıqları  səfər çərçivəsində açılışında və təməlqoyma mərasimində iştirak etdikləri sosial obyektlərin say tərkibinə diqqət yetirmək kifayətdir. Bütün bunlar Azərbaycan dövlətinin gücünü, qüdrətini, tarixi torpaqlarında yeni həyatın başlanması istəyini nümayiş etdirir. Müzəffər Ali Baş Komandan İlham Əliyev   ötən il avqustun 26-da xalqa “Biz Laçın şəhərinə qayıtdıq” müjdəsini verdi, sentyabr ayında bu rayona səfər edib şəhərin mərkəzində Azərbaycan Bayrağını ucaltdı və bunlan sonra genişmiqyaslı bərpa-quruculuq işlərinə start verildi. Qısa zamanda  görülən işlərin  miqyasının ölçüyəgəlməzliyi Laçın Şəhəri Günündə özünün aydın ifadəsini tapdı. Belə ki, cənab İlham Əliyev bayram tədbirindəki çıxışında “Laçın rayonu ilə bağlı bir çox önəmli tarixi hadisələr baş vermişdir. Bu gün Laçın şəhəri görün, necə də gözəldir cəmi 8-9 ay ərzində, heç bir il keçməyib. Biz bərpa işlərinə keçən ilin oktyabr ayında başlamışdıq, artıq bu gün biz Laçında qonaqları qəbul edirik. Azərbaycanın müxtəlif yerlərindən qonaqlar gəlib, xarici ölkələri təmsil edən diplomatlar gəlib. Bu, bir daha göstərir ki, xalqımız öz doğma torpağında qurub-yaradan xalqdır” fikirləri ilə görülən bərpa-quruculuq işlərindən keçirdiyi böyük qürur hissini diqqətə çatdırdı.

Görülən işlərin və qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflərin fonunda cənab İlham Əliyev bildirdi ki, Laçın şəhərinin timsalında dirçələn Azərbaycan reallıqlarını, dirçələn torpaqlarımızı görürük.

Qarabağ və Şərqi Zəngəzur cənnətə çevrilir. Dövlət başçısı İlham Əliyev 28 May-Müstəqillik Günündə Laçın şəhərinə qayıdan laçınlılarla görüşüb onlara açarları təqdim edərkən bildirmişdir ki, cənnətin əgər təsviri varsa, bu gün bax, budur: “Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun.”

Torpaqlarımızın işğaldan azad edilməsini qürurunu yaşamaqla bərabər, hər zaman 30 illik işğal dövründə yaşadığımız faciələri də təhlil edir, ərazilərimizin işğalını şərtləndirən amilləri bir daha diqqətə çatdırmağı vacib bilirik. Çünki bunlar çoxəsrlik tariximizin faciəli səhifələridir. Tariximizin hər bir səhifəsini öyrənmək və indiki, gələcək nəsillərə çatdırmaq hər kəsin vətəndaşlıq borcudur.  Reallıq budur ki, 1992-ci ilin may ayında Laçının ermənilərə təhvil verilməsinin arxasında məkrli siyasi niyyətlər dayanmışdı. AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı. Hakimiyyəti istənilən yollarla ələ keçirmək üçün ən çirkin əməllərə əl atdı, Şuşanı, Laçını düşmənə təhvil verdi. “Laçının işğala məruz qalması böyük faciə idi, həm laçınlılar üçün, həm bütün Azərbaycan xalqı üçün. Hər bir kəndin, şəhərin işğala məruz qalması böyük faciə idi, amma Laçının işğalı strateji nöqteyi-nəzərindən böyük bir sınaq idi, böyük bir fəlakət idi” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradıldı və bizim sonrakı itkilərimizin başlanğıcı məhz Şuşa və Laçının itirilməsi oldu: “May ayı müstəqil Azərbaycanın tarixində bu iki faciəvi günlə əlaqəli idi. Yəni, bizim müstəqil həyatımızda may ayı faciəli bir ay idi - çünki 8 mayda Şuşa, 18 mayda Laçın işğal edildi. İşğal bizi içəridən sarsıdırdı və bu işğal digər torpaqlarımızın işğal altına düşməsinin başlanğıcı idi. Çünki birinci Şuşa, ondan sonra Laçın işğal olunmuşdur. Bu gün biz həm Şuşada, həm Laçında toy-bayram edirik, həm də sakinlər qayıdıb, həyat qayıdıb.”

1992-ci ilin may ayında Laçın işğal altına düşdü, 31 il sonra may ayında laçınlılar Laçına qayıtdı. Aprel ayında isə Azərbaycan-Ermənistan sərhədinin Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsinin qurulması ilə ərazi bütövlüyümüzü tam bərpa etdik. Dövlət başçısı bu məqamı böyük qürur hissi ilə qeyd etdi ki, bütün bu reallıqları yaradan biz olmuşuq.

Laçın sərhəd-buraxılış məntəqəsinin açılışı Azərbaycan dövlətinin ən böyük uğurlarından biridir. Məntəqənin açılması regionun geosiyasi mənzərəsini dəyişdirdi və Qələbəmizin beynəlxalq müstəvidə təkrar rəsmiləşdirilməsinə səbəb oldu.  Laçın sərhəd-buraxılış məntəqəsinin açılışı bilavasitə İkinci Qarabağ müharibəsində əldə olunmuş böyük Qələbənin təcəssümü kimi dəyərləndirilir. Tarixi sərhədimizdə Azərbaycan bayrağının ucaldılması və həmin ərazidə rəsmi dövlət qurumlarımızın nümayəndəliklərinin mövcudluğu hər bir azərbaycanlının qürur mənbəyidir.