YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İstədiyimizə hər zaman nail oluruq

 Həbib Cəfərov

 YAP Astara rayon təşkilatının sədri

Prezident İlham Əliyev  İlham Əliyev  26 avqust- Laçın Şəhəri Günündə keçirilən bayram tədbirindəki çıxışında bu rayonda aprılan bərpa-quruculuq işlərinin fonunda bütün işğaldan azad edilmiş ərazilərimizdə görülən işlərin aydın mənzərəsinin yarandığını bildirdi: “Biz xoşbəxt günləri yaşayırıq və əminəm ki, xalqımız bundan sonra sülh, əmin-amanlıq şəraitində yaşayacaq, öz doğma torpağında qurub-yaradacaqdır. Laçın rayonunun timsalında biz dirçələn Azərbaycan reallıqlarını görürük, dirçələn torpaqları görürük.”

Dövlət başçısının  Kəlbəcər və Laçın rayonlarına səfəri çərçivəsində açılışında və təməlqoyma mərasimində iştirak etdiyi sosial obyektlərin say tərkibinə diqqət yetirmək kifayətdir. Prezident  İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 5,3 MVA gücündə olan “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasının açılışında, Kəlbəcər rayonunun Zar kəndinin təməlqoyma mərasimində  iştirak etdilər,  Kəlbəcər rayonunda “İstisu” mineral sudoldurma zavodunun tikintisi və “İstisu” Müalicə-İstirahət Kompleksində görülən işlər ilə tanış oldular. Prezident İlham Əliyev Kəlbəcər rayonunda “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Çıraq-1” və “Çıraq-2”, Laçın rayonunda “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyalarının açılışında iştirak etdi, Kəlbəcər–Laçın avtomobil yolunun 38-ci kilometrliyindən 76-cı kilometrliyinədək olan hissəsində görülən işlərlə tanış oldu.  Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, həmçinin Laçın rayonunda Laçın Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış oldular.  Laçın şəhərinə yaxın ərazidə inşa ediləcək mehmanxana kompleksinin təməli qoyma mərasimində, Laçın rayonunun sənaye zonasında mebel fabrikinin, “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun, “Həkəri Balıq Təsərrüfatı”nın,  2 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılışında iştirak edən dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zabux kəndində görülmüş işlərlə tanış oldular və burada kənd sakinləri ilə görüşdülər. Dövlət başçısı və birinci xanım, həmçinin avqustun 26-da Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin  və Prezidentin Laçın rayonunda xüsusi nümayəndəliyinin  təşkilatçılığı ilə  Laçın şəhərində Mənzərəli terrasda və Meydanının qarşısında  keçirilən “Laçın Şəhəri Günü” bayram  şənliklərində iştirak etdilər. Bir səfər çərçivəsində atılan addımlar ümumilikdə görülən işlərin miqyası barədə aydın təsəvvür yaradır. Laçın rayonunun timsalında  dirçələn Azərbaycan reallıqlarını, dirçələn torpaqlarımızı  görürük. Dirçələn Laçın,  Qarabağ,  Şərqi Zəngəzur  gücümüzü göstərir. Bu, onun təsdiqidir ki,  istədiyimizə hər zaman nail oluruq.

Laçında qısa zamanda  görülən işlərin miqyası o qədər böyükdür ki, bu, sonda ilkin mərhələ olaraq laçınlıların 28 May-Müstəqillik Günündə  Laçın şəhərinə qayıdışına yol açdı. Laçının dirçəliş dövrü başlamışdır. O vaxtdan bu günə qədər 1000-ə yaxın Laçın sakini şəhərdə məskunlaşmış və ilin sonuna qədər 900 ailə üçün evlər hazır olacaq. Yəni, bu ilin sonuna qədər bir neçə min həm şəhər, həm kənd sakini Laçında yaşayacaq: “Bu, böyük xoşbəxtlikdir. Bu xoşbəxtliyi bizə bəxş edən bizim müzəffər Silahlı Qüvvələrimizdir. Fürsətdən istifadə edərək bütün şəhidlərimizin əziz xatirəsini hörmətlə yad edir, onlara Allahdan rəhmət diləyirik. Onların qanı-canı bahasına, qəhrəman övladlarımızın şücaəti hesabına bu gün biz buradayıq, bu gün biz doğma torpağımızda bayram şənlikləri keçiririk. Bundan böyük xoşbəxtlik ola bilməz.”

Mənfur düşmən 30 ildə  şəhər və kəndlərimizi dağıdıb. Üç ilə yaxın dövrdə aparılan bərpa-quruculuq işləri çərçivəsində Ağalı, Talış kəndləri sahibinə qovuşdular. Növbəti ünvan Laçın şəhəri oldu. Avqustun 25-də isə Zabux kəndinə 20 ailə qayıtdı. Cənab İlham Əliyev 2023-cü ilin hədəflərini açıqlayarkən laçınlıların ilin sonuna qədər Laçına qayıdacaqlarını bildirmişdir. Göründüyü kimi, işlərin sürətlə aparılması bu hədəfə daha tez nail olmağımıza səbəb oldu. Məlum olduğu kimi,  Zabux və Sus kəndləri də Laçın şəhəri ilə eyni gündə işğalçılardan azad edilmişdir.

Azərbaycan tarixi Zəfəri ilə torpaqlarına sahib çıxan xalq olduğunu təsdiqlədi. Hələ 30 illik işğal dövründə Azərbaycan ən yüksək tribunalardan bəyan edirdi ki,  bir qarış torpağımızı belə düşmənə verməyəcəyik.

Dövlət başçısı İlham Əliyev sözügedən bayram tədbirində aprelin 23-də sərhəddə qoyulan sərhəd-buraxılış məntəqəsindən də bəhs edərək bildirdi ki, bu mühüm addım ərazi bütövlüyümüzün tam təmin olunması deməkdir.

Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması  ədalətin təntənəsidir. Bir zamanlar torpaqlarımızı işğal edən, soydaşlarımızı öz doğma yurd-yuvalarından didərgin salan, onları qətlə yetirən düşmən indi şanlı Azərbaycan bayrağının altından keçərək, sərhədçilərimizin önündə  farağat dayanır.  Laçın sərhəd-buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komitəsinin əməkdaşları istər Azərbaycan ərazisinə daxil olan ermənilərin, istərsə də ölkəmizdə yaşayan erməni əsilli vətəndaşların sənədlərini, eləcə də şübhəli bilinən yükləri yoxlayırlar. Sərhəd-buraxılış məntəqəsi  İkinci Qarabağ müharibəsində əldə olunmuş tarixi Qələbədən sonra regionda yaranmış yeni reallığının tərkib hissəsidir.