YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ulu Öndərin tarixi qərarları müstəqilliyimizi əbədi və sarsılmaz etdi

Bayram Aslanov

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

Ömrünü xalqına həsr edən dahi rəhbər Heydər Əliyevin ikinci dəfə Azərbaycana rəhbərlik etdiyi dövr ölkəmizin müstəqillik qazandığı çox çətin və mürəkkəb illərə təsadüf edir. Həmin dövrdə hakimiyyətdə olan səriştəsiz qüvvələrin antimilli siyasəti nəticəsində Azərbaycanda xaos və anarxiya hökm sürməyə başladı. Xüsusilə də, 1990-cı illər Azərbaycanın tarixinə ağır faciələrin yaşandığı bir dövr kimi daxil olub. Həmin vaxt Sovetlər birliyi süqut edəndə 15 ittifaq dövləti sırasında Azərbaycan yeganə ölkə oldu ki, ərazisinin 20 faizi işğal edildi, 20 mindən çox şəhid verdi, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Belə çətin vaxtda Sovet rejiminin qəddarlığı sayəsində Azərbaycan daha bir ağır faciə yaşadı. Dəhşətli 20 Yanvar gecəsi xalqımızın tarixinə qara həriflərlə yazıldı. 20 Yanvar qırğınlarından sonra Ulu Öndər Heydər Əliyev doğulduğu Naxçıvana qayıtdı və burada xalqın iradəsi ilə Ali Məclisə rəhbərlik etməyə başladı. Məhz Ümummilli Liderin qətiyyəti və fədakarlığı sayəsində insanlar müdrik rəhbərin ətrafında sıx birləşərək onun timsalında xilas yolunu tapdılar. Ulu Öndərin arxalandığı, güvəndiyi xalq da öz xilaskarından dəstəyini əsirgəmədi. 90-cı illərin əvvəlində sabaha olan inamı tamamilə sarsılan Azərbaycan xalqı nicatı yalnız və yalnız Heydər Əliyevdə gördü. Çətin günlər yaşayan xalq uzaqgörənliklə düzgün qərar verdi, dahi şəxsiyyət Heydər Əliyevi yenidən hakimiyyətə qaytardı. Onlar qəti əmin idilər ki, Heydər Əliyev müstəqilliyi, dövlət maraqlarını, xalqın, dövlətin maraqlarını qoruyacaq və xalqın mənafeyi ilə bağlı ən düzgün qərar verəcək.

Beləliklə, Ulu Öndər Heydər Əliyev tarixin ən çətin, məsuliyyətli anlarında xilaskarlıq missiyasını öz üzərinə götürdü, ölkəmizi böyük bəlalardan, hərc-mərclikdən anarxiyadan, xaosdan xilas etdi, Azərbaycan xalqının milli mövcudluğunu qoruyub saxladı. Ulu Öndərin siyasi hakimiyyətə qayıdışı milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı.

Ötən əsrin 90-cı illərində ölkəmizin ictimai-siyasi həyatda dərəbəyliyin, özbaşınalığın, qanunsuzluğun hökm sürdüyü bir vaxtda 15 respublikada da mərkəzdən qaçma, öz suverenliyinə qovuşmaq istəkləri qarşısıalınmaz həddə çatmışdı. Belə şəraitdə 1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında Ulu Öndər Heydər Əliyevin tarixi təşəbbüsü ilə Azərbaycanın müstəqilliyinin elan olunması təklifi irəli sürüldü. Bunun nəticəsində həmin sessiyada “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamə qəbul edildi. Həmin ilin oktyabr ayının 18-də isə Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etdi.

Adını tariximizə Vətənin və xalqın xilaskarı kimi yazdıran dahi şəxsiyyət 1991-ci ilin 3 sentyabrında keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fövqəladə sessiyasında çıxışı zamanı qeyd edir ki, bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim. Xalqın bu əhvali-ruhiyyəsini, tələblərini nəzərə alaraq bütün məsələləri götür-qoy etdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm.

Bəli, Müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyev sözünə əməl etdi. Dahi şəxsiyyətin təşəbbüsü ilə qəbul olunan tarixi qərarlar müstəqil Azərbaycan dövlətinin bərpasının əsasını qoydu. 1991-ci il 30 avqust tarixindən keçən zaman xalqın düzgün seçiminin haqlı olduğunu sübut etdi.