YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün istiqamətlər üzrə uğurla inkişaf edir

Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibətilə təntənəli mərasim keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, mərasimdə əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra mərasimdə müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 97-ci ildönümü münasibətilə təbrik nitqi ilə çıxış edib, Silahlı Qüvvələrin şəxsi heyətinə xidmətdə uğurlar arzulayıb. Nazir çıxışında bildirib ki, təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş Silahlı Qüvvələr bu gün Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə bütün istiqamətlər üzrə uğurla inkişaf edir. İl ərzində Silahlı Qüvvələrdə modernləşdirmə məsələləri, döyüş hazırlığı, sosial bazanın gücləndirilməsi istiqamətində mühüm işlər həyata keçirilib. Mütəmadi olaraq döyüş atışlı təlimlərin icra edilməsi bir daha döyüş hazırlığının yüksək səviyyədə olmasının sübutudur. Bütün fəaliyyətlər Silahlı Qüvvələrin Ali Baş Komandanının birbaşa diqqət və qayğısının nəticəsidir.

Zakir Həsənov deyib ki, iyunun 25-də Hərbi Dəniz Qüvvələrinin yeni bazasının açılışında iştirak edən Prezident İlham Əliyev şəxsi heyətin qarşısında çıxış edərək Silahlı Qüvvələrin xidməti döyüş fəaliyyətinə yüksək qiymət verib, ordu qarşısında qəti vəzifələr qoyub. Ali Baş Komandan bildirib ki, Silahlı Qüvvələrin qarşısında duran əsas vəzifə torpaqlarımızı işğaldan azad etməyə daim hazır olmaqdır.

Azərbaycan dövlətinin sülhsevər siyasəti nəticə vermir, çünki erməni tərəfi beynəlxalq səviyyədə qəbul edilən qərar və qətnamələrin tələblərini yerinə yetirmir. Prezident İlham Əliyev xüsusi qeyd edib ki, əgər erməni əsgəri ölmək istəmirsə Füzuliyə, Ağdama gəlməsin.

Silahlı Qüvvələrin 2014-cü və 2015-ci illərdəki fəaliyyətinə nəzər yetirsək görərik ki, cəbhədə ermənilərin təxribatına layiqli cavab verilib və bundan sonra da bütün təxribatların qarşısı inamla alınacaq. Cəbhəboyu təşəbbüs tam olaraq Silahlı Qüvvələrimizin tərəfindədir və gündən-günə möhkəmlənən ordu müqəddəs vəzifəni qısa bir müddətdə yerinə yetirəcək.

“Bu bayram günündə mən bir daha şəhidlərimizin xatirəsini hörmət və ehtiramla yad edir, onların valideynlərini, ailələrini, Vətən uğrunda sağlamlığını itirən döyüşçülərimizi, veteranları, hazırda düşmənlə təmas xəttində, döyüş növbətçiliyində, qarovul xidmətində olan şəxsi heyəti təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti və uğurlar arzulayıram”, - deyə nazir çıxışının sonunda qeyd edib.

Sonra bayram münasibətilə ziyafət verilib.

Tədbir xalq artisti Azərinin və Müdafiə Nazirliyinin nümunəvi hərbi orkestrinin ifasında bayram konserti ilə başa çatıb.