YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aydın Mirzəzadə: Ermənistan öz yeritdiyi siyasətin qurbanına çevirilib

“Bu günlər dünyanın diqqəti Ermənistanın paytaxtı İrəvan şəhərinə yönəlib. Elektrik enerjisi tarifinin qaldırılması insanların etirazına və küçələrə axışmasına səbəb olub”. Bu barədə Yeni Azərbaycan Partiyasının Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

A.Mirzəzadə bildirib ki,  tarif bir o qədər çox yox, 6,93 Ermənistan dramı qədər qalxıb, bu isə ABŞ dolları ilə 1,45 sent edir: “Qaldırıldıqdan sonra Ermənistanda elektrik enerjisi üçün tarif 41,85 dramdan 48,78 drama qalxıb ki, bu da ABŞ dolları ilə 10 sent edir. Nə artım, nə də yeni qiymət dünya ölkələri üçün çox da böyük qiymət deyildir, ancaq kasıb Ermənistan cəmiyyəti artıq bu qiymətləri ödəmək imkanında deyil. Diqqəti o çəkir ki, İrəvandakı nümayişləri müxalifət qüvvələri təşkil etməyib və onlar ümumiyyətlə iştirak etmirlər. Nümayişçilər əsasən 30 yaşına qədər olan gənclərdir. Bu Ermənistan cəmiyyətinin sabahı olan hissəsidir ki, onların da sabaha ümidləri qalmayıb və hökumətin qoyduğu qaydalarla yaşaya bilmirlər”.

A.Mirzəzadə qeyd edib ki, neçə gündür ki, güc strukturları nümayişləri dağıdır, fəalları həbs edirlər: “Ancaq bu tədbirlərə baxmayaraq, insanlar yenə də nümayişlərə çıxmaqda davam edirlər. İrəvan izdihamları dağıdır, ancaq problem isə qalır. Problem Ermənistan hakimiyyətinin Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti nəticəsində ölkəsinin ağır sosial duruma düşməsi ilə bağlıdır. Qonşu dövlətlərə qarşı torpaq iddiası Ermənistanın ciddi iqtisadi çətinliklərlə rastlaşmasına səbəb olub. Ermənistanın illik büdcəsi 2015-ci il üçün 3 milyard ABŞ dollarıdır, bunun isə 21, 4 faizi, yəni 642 milyonu müdafiə və təhlükəsizlik sahəsinə yönəlib.

Göründüyü kimi Ermənistan öz yeritdiyi siyasətin qurbanına çevirilib. Düşdüyü ağır vəziyyət artıq cəmiyyətin sosial üsyanına səbəb olur. İzdihamları dağıtmaqla nisbi skitlik yaratmaq olar, ancaq problemi isə həll etmək mükün deyildir”.