YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İkili standartların jarqonu

Rüstəm Nağıyev

YAP Gədəbəy rayon təşkilatının sədri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyunun 20-də Çinin “China Media Group” media korporasiyasına müsahibəsi iyulun 22-də “China Global Television Network” televiziya kanalında yayımlanıb və maraqla qarşılanmışdır. Müsahibənin aktuallığı və konkret məsələlərə münasibət bildirilməsi Cənubi Qafqaz regionunda baş verən proseslərə qətiyyətli münasibət baxımından diqqət çəkmişdir.

Müsahibədə Prezident ilk növbədə Ümummilli Lider Heydər Əliyevlə bağlı sualları cavablandırarkən qeyd etmişdir ki, bugünkü Azərbaycan Heydər Əliyevin gərgin siyasi mübarizəsinin əsəridir. Azərbaycan-Çin münasibətlərinin əsasının məhz Heydər Əliyev tərəfindən qoyulmasına diqqət çəkən Prezident bildirmişdir ki, müstəqil Azərbaycanın Prezidenti seçiləndən sonra Ulu Öndərin əsas xarici siyasət prioritetlərindən biri Çinlə ikitərəfli münasibətlər qurmaq idi: “Xatırlayıram ki, o, Çinə rəsmi səfərdən böyük təəssüratla qayıtmışdı. Heydər Əliyev Çinin artmaqda olan gücünü, həmrəy cəmiyyətini və aydın məqsədlərə malik ölkəni gördü - bunlar təxminən 30 il öncə baş vermişdi”.

Çinin ərazi bütövlüyünü hər zaman dəstəkləyən və bu gün də öz mövqeyində qalan Azərbaycan beynəlxalq hüququn bütün normalarına qeyd-şərtsiz əməl edilməsinin tərəfdardır. Lakin təəssüf ki, nə Çinə, nə də Azərbaycana qarşı münasibətdə bu normalara əməl olunmur. Bu zaman ikili standartlar dövriyyəyə girir və bundan sonra separatizm baş qaldırır. Bunun da əsas səbəbkarları təbiidir ki, həmin separatizmə dəstək verən qüvvələrdir.

Ölkəmizin başçısı Azərbaycanda belə bir vəziyyətin 30 il davam etməsinin əsaslarını olduqca aydın təsvir etmiş, lakin belə bir tendensiyanın bundan sonra davam etməsinin qeyri-mümkünlüyünü ifadə etmişdir: “Amma, Azərbaycana gəldikdə, amillər müxtəlifdir. Əsas olmasa da, həmin amillərdən biri Birləşmiş Ştatlarda, Fransada və bəzi digər Qərb ölkələrində erməni lobbisinin böyük infrastruktura malik olmasıdır. Onlar dövri olaraq Azərbaycana hücum çəkirlər, siyasətçiləri ələ alırlar, onların cəmiyyətinə, parlamentinə, mətbuatına və hökumət orqanlarına yol tapırlar. Bütün oxları Azərbaycana tuşlayırlar və bir növ, Azərbaycanofobiya mühitini yaradırlar. Lakin, bu, yeganə səbəb deyil. Düşünürəm, əsas səbəb ondan ibarətdir ki, Azərbaycan öz milli maraqlarına əsaslanan müstəqil siyasət yürüdür. Bəzi ölkələrdən fərqli olaraq, Azərbaycan prioritetlərimizə və milli maraqlarımıza cavab verməyən hər hansı işə qoşulmur. Başqa sözlə desək, biz müstəqil davranırıq və siyasətimiz müstəqildir. Biz əlimizdə olan bütün vasitələrlə özünəməxsusluğumuzu və ləyaqətimizi müdafiə edəcəyik”.

Müstəqil siyasətimizin və ləyaqətimizin müdafiəsi sahəsində yorulmaz mübarizə aparan Prezident İlham Əliyev sözügedən müsahibəsi ilə həm bir sıra güclərə, həm də erməni havadarlarına önəmli mesajlar çatdırmışdır. Bu mesajların əsas mahiyyəti ondan ibarətdir ki, biz minlərlə igid oğullarımızın qanı bahasına qazandığımız azadlığımızı və suverenliyimizi qorumaq iqtidarındayıq, müstəqil dövlət kimi də bundan sonrakı siyasətimiz də, mübarizəmiz də belə davam edəcəkdir.