YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Təhlil edilməli və nəticə çıxarılmalıdır!

Fidan Hüseynova

YAP Quba rayon təşkilatının sədri

Azərbaycanın dünya birliyindəki nüfuzu getdikcə yüksəlir, əlaqələri genişlənir. Ölkəmizin mötəbər beynəlxalq təşkilatlarla fəal əməkdaşlığı, bəzi hallarda bir sıra nüfuzlu qurumlara sədrlik etməsi və qarşıya qoyduğu vəzifələri layiqincə yerinə yetirməsi beynəlxalq aləmdə yüksək dəyərləndirilir. Vətən müharibəsində qazandığımız şanlı Qələbə respublikamızın reytinqini daha da artırdı. Dünya ictimaiyyəti də şahid oldu ki, 30 il ərzində qüdrətli dövlətlərin və nüfuzlu beynəlxalq təşkilatların həll edə bilmədikləri problemi Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuz 44 gün ərzində icra etdi. Bu tarixi Qələbə Azərbaycanın xarici siyasətinin növbəti uğuru oldu.

Cari ilin 21 iyul tarixində Azərbaycanın mədəniyyət mərkəzi Şuşa yenidən dünya ictimaiyyətinə qucaq acdı. Azərbaycanın tarixi mədəniyyət mərkəzi, Qarabağımızın baş tacı olan Şuşa “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Qlobal Media Forumu üçün məkan seçildi. Forumda 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Həmçinin 60 yerli media qurumunun rəhbəri və nümayəndəsi iştirak edib.

Prezident İlham Əliyev forumda dünyada və regionda baş verən siyasi proseslərlə əlaqədar media nümayəndələrini maraqlandıran sualları cavablandırmaqla yanaşı, bir çox mühüm məsələlərdə ölkəmizin konkret mövqeyini də nümayiş etdirib. Dövlətimizin başçısı, xüsusilə, Ermənistan-Azərbaycan münasibətlərində normallaşma prosesi ilə əlaqədar olaraq, Ermənistanın atmalı olduğu addımları bir daha vurğulayıb. Prezident Ermənistanın sülh sazişi imzalamaqdan başqa yolu olmadığını açıq şəkildə bəyan edərək müharibədən sonra İrəvanın sülhə doğru məcburiyyətdən bəzi addımlar atdığını, amma bu addımların yetərli olmadığını bildirdi. Sülh sazişi imzalanmadığı təqdirdə, bunun nəticələri, şübhəsiz ki, ağır olacaq. Cənubi Qafqazda inkişaf və tərəqqi üçün şərtləri diktə edən tərəf Azərbaycandır. Sülhə nail olunması hər iki ölkənin iqtisadiyyatına ciddi töhfə verəcək. Aydın məsələdir ki, hazırda sülhün gətirəcəyi iqtisadi dividentlərə möhtac olan tərəf Ermənistandır.

Forumda dövlətimizin başçısı Azərbaycanın enerji sahəsində həyata keçirdiyi layihələr və gözləntilər haqqında da vacib məsələlərə də toxunub. Prezident İlham Əliyev Cənub Qaz dəhlizinin uğurla icra edildiyini və artıq iki ildir ki, Azərbaycan Avropaya əhəmiyyətli qaz tədarükçüsünə çevrildiyini, eləcə də Avropa Komissiyasının Prezidentinin Azərbaycanı etibarlı tərəfdaş adlandırdığını bildirib. Azərbaycan enerji sahəsində beynəlxalq layihələrin təşəbbüskarı və uğurlu icraçısı kimi dünyada tanınır və qəbul edilir. Bu sahədə Azərbaycan mühüm aktorlardan birnə çevrilmişdir. Xüsusən də Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunu bütün dünya qəbul edir. Bu baxımdan TAP və TANAP boru kəmərlərinin genişləndirilməsi ilə bağlı gözləntilər ölkəmizin bu sahədə nə qədər etibarlı tərəfdaş olduğunu bir daha nümayiş etdirir.

Prezident İlham Əliyev Azərbaycanın milli maraqları, prioritetləri ilə bağlı bir çox mühüm məsələlərə toxundu. Böyük Qayıdışla bağlı dövlətimizin başçısının qeyd etdiyi məqamlar olduqca önəmlidir. Belə ki, ölkə başçısı 30-dan çox şəhər və kəndin Baş planının təsdiqləndiyini, həm Qarabağ, həm Şərqi Zəngəzur rayonları üzrə təxminən növbəti üç il ərzində 150 mindən çox insanın qayıdacağını bildirib.

Prezident İlham Əliyevin Şuşada keçirilən Forumda səsləndirdiyi fikirlər həm Ermənistan, həm də sülh təşəbbüsündə olan ölkə və təşkilatlar tərəfindən bir daha ciddi təhlil edilməli və nəticə çıxarılmalıdır.