YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Biz hədəfə doğru gedirdik, gedirik və bir çox hədəflərə çatmışıq

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

İyulun 21-də 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumunun, həmçinin  60 yerli media rəhbərinin,  nümayəndəsinin qatıldığı  “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumu özəlliyi ilə dünyanın diqqətindədir. Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi Şuşada bir çox beynəlxalq tədbirlər keçirilib. Hər bir tədbir bu məkandan dünyaya səsləndirilən çağırışlarla tarixdə qalıb.  Dünyanın müxtəlif ölkələrinin media nümayəndələrini bir araya gətirən növbəti beynəlxalq əhəmiyyətli tədbirə mədəniyyət paytaxtımız Şuşanın ev sahibliyi etməsinin əhəmiyyəti aydındır. İctimai fikrin formalaşmasında yazılı və elektron KİV-lərin rolunu nəzərə alsaq postmünaqişə dövrünün reallıqlarının qəbul olunduğu və həyata keçirildiyi bir zamanda belə bir tədbirə Şuşanın ev sahibliyi özündə vacib məqamları ehtiva edir.

Dövlət başçısı İlham Əliyev çıxışında və Forum iştirakşılarının suallarını cavablandırarkən daha çox gələcək hədəflərə diqqəti yönəltdi və Azərbaycanın gələcəyi ilə bağlı ümumi modeli təqdim etdi.

“İkinci Qarabağ savaşı dönəmində ölkələrin mövqeyinə, artıq bu, tarixdə qalıb. Biz bilirik bizim yanımızda kim olub, biz bilirik Ermənistanın yanında kim olub, neytral mövqedə kim olub. İndi bu məsələnin yenidən gündəmə gətirilməsi hesab edirəm ki, düzgün olmaz. Bizim əsas vəzifəmiz torpaqlarımızı azad etmək idi, buna da nail olduq” deyən dövlət başçısı İlham Əliyev bildirdi ki, hər bir ölkənin öz gündəliyi, xarici siyasəti, necə deyərlər, öz daxili səbəbləri var.  Bəzi ölkələrdən bəlkə daha çox dəstək gözləyirdik, bəzi ölkələrdən, ümumiyyətlə, heç nə gözləmirdik. Yəni, bu, beynəlxalq münasibətlərin qanunlarıdır: “Deyə bilərəm ki, bizim təcrübəmizdə belə məsələlər ikitərəfli münasibətlərə o qədər də böyük təsir göstərmir. Deyə bilərəm ki, heç işğal dövründə də bir çox ölkələr tərəfindən neytral mövqe görmüşdük, halbuki, bununla razı deyildik, çünki biz haqlı olaraq tələb edirdik ki, haqq-ədalət mövqeyi üstünlük təşkil etsin. Eyni zamanda, işğal dövründə Ermənistanla həmrəy olan ölkələrin mövqeyini görmüşdük. Ancaq yenə də deyirəm, bu, bizim o ölkələrlə münasibətlərimizin dondurulmasına gətirib çıxarmamışdır, bu birincisi. İkincisi, mən hesab edirəm ki, biz buna müəyyən dərəcədə nail olduq, biz qarşı tərəfin meydanında da oynamağa cəhd etməli idik və bunu da etdik.”

İkinci Qarabağ müharibəsi dövründə və müharibədən sonra Ermənistana yaxınlığı ilə seçilən ölkələr artıq öz ermənipərəst mövqeyini gizlədə bilmədilər. Bu, Azərbaycanın o ölkələrlə münasibətlərinin müəyyən dərəcədə gərginləşməsinə gətirib çıxarmışdır. Dövlət başçısı İlham Əliyevin vurğuladığı kimi, ancaq bu, o demək deyil ki, bu, əbədi belə olacaq. Bu mərhələ də başa çatacaq, yeni mərhələ açılacaq və əsas odur ki, sənin gündəliyin olsun: “Biz postmüharibə dövründə hər şeyi ardıcıllıqla etmişdik, bir addım əvvəlki addımın məntiqi davamı idi . Biz hədəfə doğru gedirdik və gedirik, bir çox hədəflərə çatmışıq. Bəzi hədəflər var ki, biz hələ onlara çatmamışıq, amma onlara da çatacağıq. O hədəflərə çatmaq üçün əlbəttə ki, siyasi səriştə də az önəmli deyil. Ona görə bütün ölkələrlə bizim əlaqə kanallarımız açıqdır. Bununla paralel olaraq, biz yeri gələndə öz narazılığımızı da, etirazımızı da, cavab addımlarımızı da lazımi səviyyədə ifadə edirik və atırıq.”

Hər dövrün öz çağırışları var. Azərbaycan möhkəm təməl üzərində uğurla inkişaf edərək bu çağırışları yüksək səviyyədə cavablandırır. Reallıq budur ki, Böyük Qayıdış proqramı tam şəkildə reallığa çevrildikdən sonra işğaldan azad edilmiş ərazilərimizin malik olduqları iqtisadi potensialdan səmərəli istifadə ölkəmizin gələcəkdə davamlı inkişafına öz töhfəsini verəcək. Qlobal Media Forumunda dövlət başçısı İlham Əliyevin sülh və yeni əməkdaşlıq çağırışları əsas yer tutdu. Sülh müqaviləsinin imzalanması bölgəyə dayanıqlı sülh və təhlükəsizlik gətirəcək ki, bu da əməkdaşlığın coğrafiyasının genişlənməsini şərtləndirəcək. Qlobal Media Forumunda aparılan müzakirələr gələcək üçün ideya, istiqamət oldu.