YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qlobal Media Forumu Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm tədbirdir

Tarixi şəhərimiz Şuşa erməni işğalından azad edildikdən sonra bir sıra mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edib. Bu günlər isə Qarabağın incisi olan mədəniyyət paytaxtımızda “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumu keçirilir. “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü münasibətilə keçirilən Foruma 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. İştirakçıların sayı və nüfuzu bu beynəlxalq tədbirin önəmindən xəbər verir.

Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva səsləndirib.

Deputat bildirib ki, Forum çərçivəsində media və informasiya-kommunikasiya sahəsində qlobal səviyyədə mühüm aktuallıq kəsb edən məsələlər müzakirə olunur. Bu günədək çoxsaylı beynəlxalq tədbirlərin keçirildiyi Şuşa şəhəri indi də müstəqil Azərbaycanın tarixində ilk dəfədir dünyanın aparıcı media, jurnalist təşkilatları rəhbərlərini, media, informasiya-kommunikasiya sahəsində nüfuzlu ekspertləri, tanınmış jurnalistləri bir araya toplayıb.

Prezident İlham Əliyevin Forumda dərin məzmunlu çıxışında toxunduğu məsələlər barədə danışan S.Fətəliyeva qeyd edib: “Dövlətimizin başçısı çıxışında bir çox məsələlər, o cümlədən regionda baş verən proseslər, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlı fikirlərini ifadə etdi. Vurğuladı ki, Cənubi Qafqazın inkişafı əsasən Azərbaycanla Ermənistan arasında münasibətlərin yaxşılaşmasından asılıdır. Hazırda bütün beynəlxalq təşkilatlar normallaşma prosesində həllin beynəlxalq hüquqa əsaslandığını anlayırlar. Əgər Ermənistan Azərbaycana qarşı hər hansı ərazi iddialarından imtina etsə, sülh sazişinin ilin sonuna qədər imzalanması kifayət qədər mümkündür. Sülh olmasa, bu, regiona sabitlik, təhlükəsizlik bəxş etməyəcək”.

Milli Məclisin deputatı Şuşada keçirilən Qlobal Media Forumunun Azərbaycan həqiqətlərinin və bölgədə baş verən proseslərin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm hadisə olduğunu vurğulayıb.