YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni əməkdaşlıq imkanları yaranır

Anar Nəbiyev

YAP Qazax rayon təşkilatının sədri

“4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumu dünya mətbuatında geniş müzakirə edilir. Prezident İlham Əliyevin bu platformadan səsləndirdiyi çağırışların hər biri geniş müzakirə edilir, Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan mövqeyi təqdir olunur.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına əsasən “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı keçirilən Forumda 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu iştirak edirdi.  Foruma 60 yerli media rəhbəri və nümayəndəsi qatılmışdır.

Qlobal Media Forumu Azərbaycanın malik olduğu imkanların təqdimatında öz sözünü dedi. Belə ki, nəzərə alsaq, hər bir ölkənin inkişafında sabitlik və iqtisadi tərəqqi başlıca amildir, Azərbaycanın bu sahələrdə malik olduğu imkanlar, mövcud durum göz qabağındadır. Azərbaycan sabitlik diyarı kimi nüfuz qazanıb. Dövlət başçısı İlham Əliyev Forum iştirakçılarının suallarını cavablandırarkən Azərbaycanın dayanıqlı iqtisadi inkişafını təmin edən amillərdən geniş bəhs etdi. Bildirdi ki, valyuta ehtiyatımızın artırılması və idarəetmə sistemimizin təkmilləşdirilməsi  əlavə imkanlar qazandırır. İqtisadiyyatımızın istənilən şəraitdə və vəziyyətdə dayanıqlı olmasını təmin etməliyik. Təbii ki, valyuta ehtiyatımızı artırırıq, idarəetmə sistemimizi təkmilləşdiririk.  Vergi və gömrük orqanlarının proqnozları həyata keçirmək qabiliyyətinin kifayət qədər aydın mənzərə yaratdığını vurğulayan Prezident İlham Əliyev bildirdi ki, artıq ilk dəfə deyil büdcəyə əlavələr, artım ilə bağlı qərarlar qəbul edirik. Bunun da əsası odur ki, vergi və gömrük orqanları planlaşdırılandan daha çox gəlir əldə edib. Bu, yalnız şəffaflıq və yeni idarəetmə yanaşması sayəsində mümkün olub.

    Hazırkı dövrün əsas prioritet istiqamətləri Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsi, müdafiə gücümüzün artırılmasıdır. Bu hədəflər öz növbəsində iqtisadi və maliyyə imkanlarımızla sıx bağlıdır.

   Dövlət başçısı İlham Əliyev Azərbaycanın enerji sektorunda qazandığı uğurlardan da geniş bəhs etdi. Bildirdi ki, bu gün Azərbaycan üç il əvvəl inşa edilən boru kəmərinin genişləndirilməsi ilə məşğuldur: “Nəyə görə? Çünki tələbat artır. TAP boru kəməri 10 milyard kubmetrə hesablanmışdısa, 20 milyard kubmetrə qaldırılmalıdır. TANAP 16-dan 32-yə qaldırılmalıdır. Bu, əvvəllər bizdən gözlənilmirdi. Lakin indi gözlənilir və vəziyyət dəyişib. Odur ki, biz genişlənmə haqqında niyə danışırıq? Azərbaycan daha çox qaz istehsal edəcək və hər yeni il əvvəlki ildən daha çox istehsal edir. Məsələn, 2021-ci ildə biz 19 milyard kubmetr ixrac edirdik, keçən il artıq 22-yə qalxmışdır və cari ildə 24 olacaq. Sizinlə görüşmədiyimiz bu aylarda biz ən azı 300 milyard kubmetr ehtiyatı olan “Abşeron” qaz yatağının kəşfini elan etmişik və artıq ilk quyu “Şahdəniz”dəki bütün quyulardan daha məhsuldardır. Odur ki, bizim boru kəmərləri sisteminin genişlənməsi öz resurslarımızın artması ilə bağlıdır.”

Prezident İlham Əliyev Xəzər dənizinin Şərq sahillərindən əlavə qaz ehtiyatlarına gəldikdə, onu bildirdi ki, bunun üçün Transxəzər sualtı qaz boru kəməri inşa edilməlidir. İkincisi, Bakıdan Avropa istiqamətində Cənub Qaz Dəhlizi kimi yeni infrastruktur lazımdır.

Göründüyü kimi, yeni əməkdaşlıq imkanları yaranır. Azərbaycan daim yeni əməkdaşlıq formatlarının müəllifi kimi tanınır. Regional çərçivədə qurulan əməkdaşlığın coğrafiyasının bu gün daha da genişlənməsi Azərbaycanın iqtisadi və siyasi mövqeyinin möhkəmlənməsinin göstəricisidir. Şuşa Qlobal Media Forumu Azərbaycanın hər bir sahədə mövcud imkanları barədə tədbir iştirakçılarını məlumatlandırdı. Məhz bu kontekstdən yanaşsaq, dövlət başçısı İlham Əliyev bildirdi ki, üç saata yaxın davam edən müzakirələr  sayəsində ölkələrinizə çox yaxşı nəticələrlə qayıdacaqsınız. Bizim hökumətimiz üçün də müəyyən maraqlı ideyalar, istiqamətlər olacaq: “Sonuncu təklifim isə ondan ibarətdir ki, bu forum müntəzəm olaraq keçirilsin və buna birinci Şuşa Qlobal Media Forumu adı verilsin.”