YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

30 illik tarixi dövrdə YAP Gəncə şəhər təşkilatı

Bayram Aslanov

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

Müstəqil Azərbaycanın uğurlara imza atmasında özündə mütərəqqi dəyərləri, prinsipləri, hədəfləri və vəzifələri birləşdirən Yeni Azərbaycan Partiyasının öz payı var. 1992-ci il noyabrın 21-də ziyalıların təşəbbüsü, dahi rəhbər, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaranan partiya 30 il ərzində zamanın sınaqlarından uğurla çıxdı, ölkəmizi zirvələrə, parlaq gələcəyə daşımağa qadir olduğunu, ictimai nüfuzuna görə onunla müqayisə edilə biləcək ikinci partiyanın mövcud olmadığını fəaliyyəti ilə təsdiq etdi.

Böyük şəxsiyyət Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsinə olan inam və etimad elə ilk gündən xalqda Yeni Azərbaycan Partiyasına inamı formalaşdırdı. Həmin son dərəcə ağır və mürəkkəb günlərində, ölkənin ciddi qarşıdurmaya məruz qaldığı bir dövrdə Azərbaycanın bütün şəhər və rayonlarında olduğu kimi zəngin tarix yaşamış qədim Gəncə şəhərində də Ulu Öndərin xeyir-duası ilə yaradılan partiyanın təşkilatlanması prosesi başladı. Dövrün təzyiqlərinə və qadağalarına baxmayaraq, Ulu Öndər Heydər Əliyev ənənələrinə sadiq bir qrup Gəncə ziyalılarının iştirakı ilə tarixi bir gündə - 1993 – cü il 23 iyulda Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının təsis konfransı keçirildi.

Qadağaları, çətinlikləri göz önünə alaraq Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının təsis konfransına toplaşan vətənpərvər insanları yalnız bir məqsəd düşündürürdü: Azərbaycanın müstəqilliyini qorumaq və xalqı gözləyən təhlükələrdən, fəlakətlərdən xilas etmək.

Bəli, Xalqın təkidli tələbi ilə görkəmli dövlət xadimi Heydər Əliyev hakimiyyətə gəldi. Onun memarı və qurucusu olduğu Yeni Azərbaycan Partiyası iqtidar partiyası oldu. Dahi Heydər Əliyev müdrik və uzaqgörən siyasəti ilə xalqı nicat yoluna çıxardı, müstəqilliyimizi əbədi və dönməz etdi. Ulu Öndər Heydər Əliyev partiyanın yarandığı ilk illərdə siyasi təşkilatın uğurlu gələcəyinə, xalqımızın mənafeyini təcəssüm etdirməsinə inamını belə ifadə edib: “Müstəqil Azərbaycan yeni Azərbaycandır. Müstəqil Azərbaycanda yeni ictimai-siyasi quruluş yaranıbdır. Yeni iqtisadiyyat formaları yaranıb, demokratiya, siyasi plüralizm inkişaf edir. Belə bir yeni Azərbaycan keçmişdə yaşadığımız, keçmişdə olan Azərbaycandan fərqlidir. Ona görə partiyamızın adı da Yeni Azərbaycan Partiyasıdır. Məhz Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanı müstəqillik yolunda inkişaf etdirməyə qadir bir partiyadır”.

Yeni Azərbaycan Partiyası da fəaliyyəti ilə ölkəmizdə Ulu Öndər Heydər əsaslanan ən güclü, ən monolit siyasi təşkilat olduğunu təsdiq etdi. Qüdrətli dövlət naminə üzərinə düşən missiyanı “Biz birlikdə güclüyük!” çağırışı ilə şərəf və ləyaqətlə yerinə yetirən Yeni Azərbaycan Partiyası 750 min üzvü olan böyük gücə çevrilib.

1993 – cü il 23 iyulda bir qrup təssübkeşin iştirakı ilə keçirən partiyanın Gəncə şəhər təşkilatında bu gün 43 min 464 üzvün birləşməsi də Heydər Əliyev ideyalarına sədaqətin, dahi rəhbərin layiqli varisi Prezident cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin gələcəyinə inamın göstəricisidir.

Ulu Öndərin siyasi mirası olan Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatı 30 illik tarixində çətin və şərəfli missiyanın öhdəsindən layiqincə gəlib, Ulu Öndər Heydər Əliyev ideyalarına sədaqətini, Prezident cənab İlham Əliyevin günbəgün yeniləşən, təkmilləşən siyasətinə dəstəyini nümayiş etdirib. YAP Gəncə şəhər təşkilatı öz işini partiyanın Proqram və Nizamnaməsinin, partiya qurultaylarının tələbləri səviyyəsində quraraq, rəhbər orqanların qərarlarını, tövsiyə və tapşırıqlarını dəqiq, vaxtında yerinə yetirir, bütün siyasi tədbirlərdə, kampaniyalarda fəal iştirak edir.

YAP Gəncə şəhər təşkilatının 129 ərazi partiya təşkilatında təmsil olunan savadlı, vətənpərvər, xalqını, Vətənini sevən üzvləri Gəncənin ictimai-siyasi həyatında müstəsna xidmətləri ilə seçilirlər. Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatında keçirilən tədbirlər, diskussiyalar, müzakirələr, seminarlar, dəyirmi masalar, forumlar, konfranslar partiya üzvlərinin fəallığına, ideoloji-siyasi səviyyəsinin yüksəlməsinə, fəal həyat mövqeyinin formalaşmasına təsir göstərir.

YAP Gəncə şəhər təşkilatının üzvləri Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin bilavasitə təşəbbüsü və birbaşa rəhbərliyi həyata keçirilən tədbirlərdə, aksiyalarda yaxından iştirak edir, ölkəmizin siyasi-ictimai həyatında böyük hadisə kimi yadda qalan Yeni Azərbaycan Partiyası VII qurultayında qəbul edilən qəraraların, qarşıya qoyulan hədəflərin yerinə yetirilməsində fəallıq göstərirlər.

Partiyanın Sədri cənab İlham Əliyevin dediyi kimi, Cənubi Qafqaz regionunun ən güclü siyasi qüvvəsinə, qalib xalqımızın zəfər partiyası ölkəmizin qüdrətinin daha da artırılmasına töhfələrini əsirgəmir. Ulu Öndər Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan siyasi təşkilat ölkəmizdə siyasi sistemin formalaşmasına, təkmilləşməsinə töhfələr verir. Ümummilli Liderin ideyalarını uğurla davam etdirən Prezident cənab İlham Əliyevin rəhbərlik etdiyi, xalqın daim dəstəklədiyi hakim partiya 30 illik tarixi dövründə öz fəaliyyəti ilə sübut edib ki, yeni müstəqil Azərbaycanı qurmağa, onu zirvələrə, parlaq gələcəyə daşımağa qadir partiyadır.

30 il Heydər Əliyev ideyaları əsasında və Prezident İlham Əliyevin siyasi kursuna uyğun fəaliyyətini davam etdirən YAP Gəncə şəhər təşkilatı bundan sonra da qarşısında duran bütün vəzifələri layiqincə, əzmlə, inamla və şərəflə yerinə yetirməklə milli tərəqqiyə mühüm töhfələr verəcək.