YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir

İyulun 17-də Yeni Azərbaycan Partiyası (YAP) Salyan rayon təşkilatının təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, YAP İdarə Heyətinin üzvü, professor, AMEA-nın müxbir üzvü Amin İsmayılov, YAP Veteranlar Şurasının sədr müavini, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, YAP Mərkəzi Aparatının məsul əməkdaşı Əli Axundov, ərazi partiya təşkilati sədrləri və sədr müavinləri, ziyalılar, Vətən Müharibəsi iştirakçıları, partiya fəalları iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib,  önünə gül dəstələri düzərək, əziz xatirəsini ehtiramla yad ediblər.

Salyan rayon Heydər Əliyev Mərkəzində təşkil edilən “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” adlı rəsm sərgisinə baxış keçirilib.

Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra YAP Salyan rayon təşkilatının 30 illiyinə həsr edilmiş videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov Yeni Azərbaycan Partiyasının 30 ildən artıq bir dövr ərzində olduqca şərəfli və məsuliyyətli yol qət etdiyini, öz siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrildiyini diqqətə çatdırıb. Yeni Azərbaycan Partiyasının yaradıcısı ümummilli lider Heydər Əliyevin müstəqil, demokratik, hüquqi dövlət quruculuğu yolunda gərgin fəaliyyətinin Azərbaycanın bu gününü və gələcək taleyini müəyyən etdiyini bildirib. Vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin zəngin irsi əsasında və Prezident, partiyamızın Sədri İlham Əliyevin rəhbərliyi altında dövlətimizin qüdrəti, beynəlxalq nüfuzu daha da artacaq. O, rayon təşkilatının 30 il ərzində keçdiyi yola da nəzər salıb.

Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış edərək bildirib ki, zamanın tələbi, xalqın istəyi ilə yaranan və qısa müddətdə ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının bütün uğurlarının arxasında xalqın inamı və bu inamdan irəli gələn dəstək dayanır. Vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının yaradılması ilə Azərbaycanın xilasının, tərəqqi yoluna çıxmasının əsası qoyuldu. Azərbaycanın son illərdə qazandığı böyük nailiyyətlər Ulu Öndər Heydər Əliyevin yaratdığı və bu gün Prezident İlham Əliyevin Sədrliyi ilə tarixi uğurlar əldə edən Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bilavasitə bağlıdır.

YAP İdarə Heyətinin üzvü Amin İsmayılov çıxışında qeyd edib ki, xalq Heydər Əliyevə arxalanmaqla, onun ətrafında sıx birləşməklə öz gələcəyini təmin etmiş oldu. Bu gün sürətlə inkişaf edən müstəqil dövlətimizi uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın, vətənin mənafeyi naminə səy göstərir.

YAP Veteranlar Şurasının sədr müavini, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova ümummilli lider Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti sayəsində yaradılan YAP-ın zəngin və şərəfli inkişaf yolu keçdiyini deyib. Qeyd edib ki, Azərbaycanın ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun milli maraqların ifadəçisi olmasıdır.

Tədbirdə ərazi partiya təşkilatı sədrləri, Salyan rayon Şəkərli kənd ümumi orta məktəbin direktoru, Əməkdar müəllim Səlimağa Səlimli, rayon Sitatistika İdarəsinin rəisi Elnur Hüseynov, YAP Salyan rayon təşkilatının fəal gənc üzvü- Salyan şəhər 6 saylı tam orta məktəbin direktoru Vüsalə Hüseynova və Vətən Müharibəsi iştirakçısı Abdulla Əliyev çıxış ediblər.  

Sonda partiyanın və rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalına fəxri fərman və partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri təqdim olunub.