YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli dövlətçilik rəmzi

Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatı və Sabunçu rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlməyinin ildönümünə həsr olunmuş “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbiri giriş sözü ilə açan Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı müstəsna xidmətlərindən söz açıb. Qeyd olunub ki, 1969-cu il iyul ayının 14-də Heydər Əliyevin hakimiyyətə gəlişilə Azərbaycanın inkişafında yeni mərhələ, böyük dönüş və tərəqqi başlandı. Uzaqgörən siyasətçi Heydər Əliyevin təşkilatçılıq qabiliyyəti, mövcud problemləri dərindən öyrənərək onların aradan qaldırılmasını təmin etmək bacarığı Vətənə və xalqa güclü məhəbbəti ilə birləşərək öz bəhrəsini verdi.

YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov çıxış edərək bildirib ki, Azərbaycan xalqının milli dirçəliş, dövlət müstəqilliyi arzusunun ideyadan gerçəkliyə doğru inkişafı öz başlanğıcını məhz 14 iyul 1969-cu ildən götürür: “Böyük rəhbər sübut etdi ki, millətinə xidmət edərkən hansı ideoloji quruluşa mənsub olmağın heç bir fərqi yoxdur. Ulu Öndər yaxşı bilirdi ki, milli dövlətçilik dəyərlərinin qorunması və inkişafı sağlam düşüncəyə, mədəniyyətə və milli özünüdərk hissinə söykənir.”

Daha sonra çıxış edən YAP İdarə Heyətinin üzvü, millət vəkili Hikmət Babaoğlu bildirib ki, Ulu Öndərin hakimiyyətə gəlişi ilə Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu və bütün sahələrdə böyük nəaliyyətlər əldə etdi: “Sovet rejiminin və ideologiyasının ciddi məhdudiyyətlərinə baxmayaraq Ümummilli lider Azərbaycan xalqının gələcəyini hədəf götürmüş, qısa vaxt ərzində əhalini dinamik inkişafa səfərbər etməyə nail olmuşdu.”

Akademik, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru Vaqif Abbasov qeyd edib ki, "Əsrin müqaviləsi"nə gedən yol müxtəlif çətinliklərdən və maneələrdən keçərək, Azərbaycan xalqının ümummilli lideri, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin dəmir iradəsi və möhkəm dövlətçilik əzminin, qətiyyətli və ardıcıl siyasətinin nəticəsi olaraq reallaşdı.  “Əsrin müqaviləsi” nəticəsində Azərbaycan öz gələcək inkişafı üçün lazım olan maliyyə vəsaiti və qabaqcıl texnologiya əldə etdi ki, bunun sayəsində də ölkəmiz qlobal dünya iqtisadiyyatının tərkib hissəsinə çevrildi.