YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Makroiqtisadi sabitlik ölkəmizin dayanıqlı iqtisadi inkişafının təməl prinsiplərindəndir

Bəxtiyar Nəbiyev

YAP Yasamal rayon təşkilatının sədri

Makromaliyyə sabitliyi makroiqtisadi sabitliyin mühüm tərkib hissəsidir. Makroiqtisadi sabitlik dedikdə məcmu tələblə məcmu təklif arasında, cəmiyyətdə gedən iqtisadi proseslər, istehsalçılarla istehlakçılar arasında proporsiyaların qorunması prosesi başa düşülür. Makromaliyyə sabitliyi dedikdə maliyyə sisteminin komponentlərinin sabit fəaliyyəti başa düşülür. Öz milli iqtisadiyyatını qurmaq istəyən hər bir ölkə üçün maliyyə sabitliyinin təmin edilməsi və qorunub saxlanması vacib hesab olunan məsələlərdəndir. Makromaliyyə sabitliyinə dövlətin iqtisadi funksiyalarının icra olunması mexanizmi kimi də baxmaq olar. Çünki, dövlət iqtisadi proseslərə təsiri maliyyə vasitəsi ilə həyata keçirir. İstənilən ölkənin iqtisadi –siyasi vəziyyətini qiymətləndirmək üçün ilk öncə onun iqtisadi artım göstəricilərinə, həyat səviyyəsinə baxılır. Dayanıqlı və tarazlı iqtisadiyyatın formalaşması, davamlı iqtisadi inkişafın təmin edilməsi, ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyası üçün ölkədə maliyyə sabitliyinin təmin edilməsi vacibdir. Davamlı iqtisadi inkişaf isə cəmiyyətin inkişafıdır. Belə ki, dövlət maliyyə sabitliyini təmin etməklə iqtisadi inkişafa təkan verərək, əhalinin həyat səviyyəsinin yaxşılaşmasına şərait yaradır.

1995-ci ildən etibarən ulu öndər Heydər Əıiyevin rəhbərliyi ilə ölkədə beynəlxalq maliyyə qurumlarının maliyyə və texniki yardımı ilə makroiqtisadi sabitləşdirmə və struktur islahatları üzrə proqram həyata keçirilməyə başlandı. Proqramın birinci mərhələsində ölkədə artıq yuxarıda qeyd edildiyi kimi, qısa müddət ərzində əldə edilmiş makroiqtisadi sabitliyin daha da möhkəmləndirilməsi istiqamətində tədbirlər həyata keçirildi. Sabitləşmə proqramının uğurla yerinə yetirilməsi ölkədə islahatların keyfiyyətcə yeni mərhələsinin – struktur islahatları mərhələsinin başlanması üçün əlverişli şərait yaratdı. Qısa dövr ərzində kiçik özəlləşmə proqramı başa çatdırıldı, radikal aqrar 30 islahatları, torpaqların xüsusi mülkiyyətə verilməsi prosesi başlandı. Torpaq bazarının fəaliyyəti üçün zəruri hüquqi-iqtisadi mühit yaradıldı. Struktur islahatlarının tərkib hissəsi olan bank-maliyyə sektorunun yenidən qurulması, dövlət banklarının yenidən təşkil edilərək özəlləşdirməyə hazırlanması və özəl bank sisteminin möhkəmləndirilməsi istiqamətində də mühüm işlər görüldü. Bundan əlavə dünya ölkələrinin təcrübəsi nəzərə alınmaqla və beynəlxalq maliyyə təşkilatları ilə sıx əməkdaşlıq şəraitində ölkənin sosial-iqtisadi inkişaf strategiyası müəyyən edildi və müvəffəqiyyətlə həyata keçirilməyə başlandı.

Bu gün bu istiqmaətdə uğurlu fəaliyyət isə ulu öndər Heydər Əliyevin layiqli siyasi davamçısı, Prezident İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə başlayır. Bu mərhələdə ölkə iqtisadiyyatının sürətli inkişafı və əhalinin sosial rifahının davamlı olaraq yüksəldilməsi, bazar mexanizminə əsaslanan effektiv iqtisadiyyatın və idarəetmə sisteminin formalaşması üzrə yeni strategiyalar qəbul olundu. Azərbaycan Respublikasının konstitutsiyasına görə insan və vətəndaşların hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.

Qeyd etmək yerinə düşər ki, dövlətin davamlı inkişafını təmin etmək üçün Azərbaycanda bütün zəruri amillər mövcuddur. “Azərbaycan 2030 sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı proqramın təsdiq olunması dövlətin idarə olunmasında strateji planlaşmanın təcəssümüdür. Risklərin azalmasına, sahələrin sürətli inkişafına, həmçinin istiqamətlər üzrə sahəvi prioritetlərin müəyyən olunmasına xidmət edən sözügedən strateji idarəetmə metodu, eyni zamanda ölkəmizin gələcək inkişaf mənzərəsini də müəyyən edir. Sosial-iqtisadi və mədəni həyatında böyük təkamül yolunu inamla keçərək Azərbaycan sabit, təhlükəsiz və müasir həyat səviyyəsini təmin etmiş ölkə kimi dünyada tanındı. Ölkənin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artmış, cəmiyyətdə dövlətçilik ənənələri güclənmiş, müasir sosial-iqtisadi infrastruktur quruculuğu uğurla həyata keçirilmişdir.

Dövlətin iqtisadi inkişafından qaynaqlanan yüksək maliyyə imkanları uzun illər makroiqtisadi sabitlik və artıma mühüm töhfə vermiş, təhlükəsizliyitəmini üçün güclü potensial yaratmışdır. Ölkədə yaşanan siyasi sabitlik, təhlükəsizlik mühiti və davamlı iqtisadi inkişaf xalqın rifahını təmin edən əsas taleyüklü amillərdir. Ölkəmizin uzunmüddətli davamlı və sürətli inkişafı üçün cəmiyyət, biznes və dövlət üçlüyünün uğurlu əlaqəsi möhkəmləndiriləcəkdir. Dövlətin iqtisadiyyatda rolunun bazaryönlü islahatlar vasitəsilə effektiv və səmərəli idarə olunması, özəl mülkiyyət institutlarının gücləndirilməsi, biznesə dost dövlət idarəetməsi və xarici bazarlara yerli məhsulların çıxışını artırmaq məqsədilə ticarət rejimlərinin daha da liberallaşdırılması iqtisadi yüksəlişin təməl amilləri olacaq.

Ölkədə özəl təşəbbüslərin yaradıcı və innovativ əsaslarla inkişaf etdirilməsi iqtisadi resursların daha yüksək əlavə dəyər yaradan sahələrə istiqamətlənməsini təmin edəcəkdir. Milli iqtisadiyyatımız qlobal iqtisadiyyatın tərkib hissəsi olduğundan, xarici mühitdən təsirlənə bilir. Bu səbəbdən uzunmüddətli dövrdə iqtisadiyyatın daxili və xarici təsirlərə dayanıqlığı gücləndirilməli, makroiqtisadi sabitlik daha da möhkəmləndirilməlidir. Ölkədə makroiqtisadi sabitliyin və dayanıqlığın gücləndirilməsi məqsədilə yeni reallıqlara uyğun büdcə qaydasına əsaslanan fiskal çərçivə formalaşdırılmalıdır. Yalnız şaxələnmiş iqtisadiyyat dayanıqlı ola bilər. Bunun üçün əsas məqsəd iqtisadiyyatda qeyri-neft sektorunun payının artmasına nail olmaqdır.Xarici təsirlərə dayanıqlıq sütunlarından birini dövlətin valyuta ehtiyatları, digərini isə intizamlı borclanma təşkil edir. Xarici valyuta ehtiyatlarının dayanıqlı səviyyədə saxlanılması üçün Dövlət Neft Fondundan transfertin dövlət büdcəsində payı tədricən azaldılmalıdır. Makroiqtisadi sabitliyin əsas meyarı olan qiymətlərin aşağı və stabil olmasıtəmin edilməlidir. Belə bir sabitlik iqtisadiyyatda gözləntiləri yaxşılaşdırmalı, əhalinin yığımlarını dəyərsizləşmədən qorumalı və investisiyaları artırmalıdır.

Qeyd edək ki, makroiqtisadi sabitlik ölkəmizin dayanıqlı iqtisadi inkişafının təməl prinsiplərindəndir. Cari ilin iyul ayının 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir ki, ölkə başçısının bu müşvariədə çıxışında makroiqtisadi sabitliklə bağlı qeyd etdiyi məsələlər çox əhəmiyyətlidir. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qeyd etmişdir: “Müsbət məqamlardan biri və bu da xüsusilə qeyd olunmalıdır. Çünki bir çox ölkələrdə, hətta ölkələrin əksəriyyətində biz tamamilə başqa mənzərə görürük. Amma bizdə xarici ticarət balansımızın müsbət - yəni, profisiti çox böyük səviyyədədir. Ölkələrin böyük əksəriyyəti daha çox idxal edir, nəinki ixrac edir. Bizdə isə bu, tam əksinədir və ilin birinci altı ayında bizim profisitimiz təqribən 10 milyard dollara yaxındır. Əgər bu templər qorunsa, təsəvvür edin, biz ilin sonuna qədər hansı rəqəmlərə çatacağıq. Təbii ki, bunun birbaşa təsiri makroiqtisadi sabitliyin təmin edilməsinədir. Makroiqtisadi sabitlik uzun illər ərzində təmin edilir. Manatın məzənnəsi altı ildir ki, sabitdir və bu da dünya praktikasında, xüsusilə indiki şəraitdə nadir hadisələrdən biridir. Yəni, bu, düşünülmüş siyasətin təzahürüdür və bu siyasətin mərkəzində təbii ki, Azərbaycan vətəndaşı dayanır. Çünki makroiqtisadi sabitlik təbii ki, ölkə iqtisadiyyatına təsir edir. Amma, ilk növbədə, bunun ən ciddi təsiri insanların yaşayış səviyyəsinədir. Bizdə isə həm minimum əməkhaqları, həm minimum pensiyalar müntəzəm olaraq artırılır. Bununla paralel olaraq manat sabitdir”.

Beləliklə, əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən uzunmüddətli dövr üçün düşünülmüş iqtisadi siyasət ölkədə makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf üçün əsaslı zəmin yaratmışdır. Nəticədə geniş sahibkarlar təbəqəsi formalaşmış, ölkənin sosial-iqtisadi inkişafında özəl sektorun rolu daha da artmış və ümumdünya iqtisadi sisteminə inteqrasiya sahəsində mühüm nailiyyətlər əldə olunmuşdur. Davamlı iqtisadi islahatlar çərçivəsində bu siyasət qlobal iqtisadi çağırışlara uyğun müasir konseptual yanaşmalarla daha da təkmilləşdirilmiş, strateji məqsədlərə uyğun sərbəst bazar münasibətlərinin və özünüinkişaf qabiliyyətinə malik sosialyönümlü, diversifikasiya olunmuş milli iqtisadiyyatın formalaşdırılması təmin edilmişdir. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində makroiqtisadi sabitlik qorunub saxlanılmış, qeyri-neft sahələrinin və bütövlükdə regionların tarazlı inkişafı sürətlənmiş, strateji valyuta ehtiyatlarından səmərəli istifadə təmin olunmuş, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, əlverişli biznes və investisiya mühiti formalaşmış, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşmışdır.