YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan böyük inkişaf yolunda

Rafiq Əliyev

YAP Yevlax rayon təşkilatının sədri

Müasir dövr qloballaşma proseslərinin sürətlənməsi, dövlətlərarası inteqrativ əlaqələrin genişlənməsi və ayrı-ayrı ölkələrdə bu və ya digər dərəcədə iqtisadi böhranın baş verməsi ilə xarakterizə olunur. Müşahidələr göstərir ki, ayrı-ayrı milli təsərrüfatların beynəlxalq aləmə sürətlə inteqrasiya etdiyi və bu təsərrüfatların vahid dünya iqtisadi orqanizmi şəklində formalaşdığı bir dövrdə zəngin təbii və iqtisadi sərvətlərə malik olan ölkələrdə müstəqilliyin qorunub saxlanılması bəzən onun əldə edilməsindən daha çətin və mürəkkəbdir. Ulu Öndər Heydər Əliyevin yaratdığı güclü və müstəqil Azərbaycanın  Prezidenti İlham Əliyevin apardığı müdrik siyasət nəticəsində ölkəmizdə bütün sferalar üzrə uğurlu nəticələr əldə olunmuşdur. Sosial-iqtisadi cəhətdən günbəgün güclənən dövlətimizin hər sahədəki statistik göstəriciləri qeyd olunanların bariz nümunəsidir.

Cari ilin iyulun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirə keçirilib.

Ölkə Prezidenti İlham Əliyev ölkəmizin sosial-iqtisadi və eləcə də ictimai-siyasi vəziyyəti ilə əlaqədar məlumatları geniş və məzmunlu çıxışı ilə ictimaiyyətin diqqətinə çatdırıb. Nəticələrə əsasən qeyd etmək olar ki, Azərbaycan bugün tarixdə ən güclü dövrünü yaşayır və böyük inkişaf yolu keçir. Dövlətimizin başçısı vurğulayıb ki, bütövlükdə altı ay ərzində iqtisadiyyatımız inkişaf edib, halbuki mütləq rəqəmlər o qədər də böyük deyil. Ancaq qeyri-neft sektorumuz və qeyri-neft sektorunun sənaye sahəsi kifayət qədər artıbdır. Qeyri-neft sənayemiz 6,5 faiz artıbdır və qeyri-neft sektoru, ümumiyyətlə, 3 faizdən çox artıbdır. Bizim builki dövlət büdcəmiz rekord həddə çatmışdır, 33 milyard manatdan çox səviyyəyə qalxmışdır. Büdcə dürüstləşməsindən sonra iki əsas istiqamətimiz Qarabağın, Şərqi Zəngəzurun bərpası və hərbi qüdrətimizin artırılması idi. Birinci istiqamətlə əlaqədar deyə bilərəm ki, hər şey nəzərdə tutduğumuz planlardan daha sürətlə icra edilir. Bütün güclərimizi səfərbər etmişik. Artıq bu il Talış kəndinə və Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıtmasını təmin etmişik. İlin sonuna qədər Laçın şəhərinin Zabux və Sus kəndlərinə də keçmiş məcburi köçkünlər qayıdacaqlar. Qayıdış proqramı ardıcıllıqla aparılır və beləliklə, ilin sonuna qədər bizim artıq beş yaşayış məntəqəmizdə - bir şəhər və dörd kəndimizdə vətəndaşlar öz dədə-baba torpaqlarında tam məskunlaşacaqlar.

Qeyd edilən faktlar onu deməyə əsas verir ki, inkişaf yolunda olan Azərbaycanın gələcək hədəfləri məhz ölkəmizin və xalqımızın maraqları naminə hesablanıb. Eyni zamanda cənab Prezident bir neçə gün öncə Gədəbəy rayonunun Söyüdlü kəndində yaranmış ekoloji problemlərə də diqqət çəkdi. Bəli, təbii ki, oradakı hadisələr vətəndaşlarımızın polisimizə daş atması və digər qanunsuz hərəkətlər yolverilməzdir. Çünki Azərbaycan polisi ictimai asayişi qoruyur, bir sözlə bizim təhlükəsizliyimizi təmin edir. Özünün demokratiya prinsipləri ilə yaşadığını bəyan edən ölkələrdə polislər vətəndaşlarla vəhşicəsinə davranır. Biz bir çox ölkədə bunun şahidi oluruq. Ancaq Azərbaycan polisi qanun çərçivəsində etik davranış qaydalarını pozmadan xidmət aparır. Biz isə qanunlarımıza hörmətlə yanaşmalı və onlara əməl etməliyik.

2023-cü ilin birinci yarısına aid hesabat yığıncağında bir daha aydın oldu ki, cənab Prezident həm sosial-iqtisadi, həm də ictimai-siyasi, mədəni və milli məsələlərə toxunaraq, Azərbaycanın böyük inkişaf yolunda olduğunu, tarixdəki ən güclü dövrünü yaşadığını diqqətə çatdırdı. Ölkəmizin davamlı tərəqqisi inkişafın Azərbaycan modelini uğurla dünyaya təqdim etməyə imkan verib. İnkişafın Azərbaycan modelinin əsasını təşkil edən amillər düzgün iqtisadi siyasətlə yanaşı, təbii ki, siyasi sabitlik və xalqla iqtidar arasındakı birlikdir. Məhz bu modelin sayəsində Azərbaycan iqtisadi baxımdan son illərdə xeyli qüdrətlənib. Ölkə Prezidentinin müdrik siyasəti nəticəsində Azərbaycan hər gün daha da güclənir və sürətlə inkişaf edir.