YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Möhkəm və sağlam siyasi sabitlik

Ramiz Hüseynov

YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri

Müasir Azərbaycan Respublikası Prezident İlham Əliyevin uğurlu və uzaqgörən rəhbərliyi sayəsində sosial-iqtisadi inkişaf yollarında qətiyyətlə addımlayır. Ölkəmizin sürətli iqtisadi inkişafı heç şübhəsiz ki, öz dövlətini sevən hər bir Azərbaycan vətəndaşını hədsiz sevindirir və qürurlandırır. 44 günlük Vətən müharibəsindəki böyük Zəfərimizdən sonra qalib xalqımız gələcəyə daha da vüqarla baxır. Qazandığımız böyük uğurların, nail olduğumuz davamlı inkişafın mühüm təməllərindən biri də ölkəmizdə artıq uzun illərdir formalaşmış möhkəm və sağlam siyasi sabitlikdir.

Hər bir güclü dövlətin iqtisadi inkişafı ilk növbədə dayanıqlı enerji təminatı ilə bilavasitə bağlıdır. Müasir dövrdə enerji təminatı probleminin daha da aktuallaşdığını nəzərə alsaq, ölkəmizdə “yaşıl enerji” istehsalının reallaşdırılması istiqamətində son dövrlərdə atılan addımlar çox təqdirəlayiqdir. Qeyd edək ki, artıq Naxçıvan Muxtar Respublikasında elektrik enerjisinin böyük hissəsi su elektrik stansiyaları vasitəsilə istehsal olunur. Ölkəmizin böyük hissəsi artıq rəsmən “yaşıl enerji” zonası elan edilib. Bu həm də ölkəmizin ekologiyasının qorunmasına xidmət edir. Dünya dövlətləri ətraf mühitin qorunmasına xüsusi diqqət ayırır. Bu gün artıq dünyada ekologiyanı korlayan şirkətlər müflisləşirlər.

Azərbaycan Respublikasının gələcəkdə də sürətli iqtisadi inkişafının təmin olunması istiqamətində atılan bu mühüm addımlar heç şübhəsiz ki, xarici düşmənlərimizi və daxildə onlara havadarlıq edənləri bərk narahat edir. Ona görə də təxribatçı qüvvələr ölkəmizdə formalaşmış möhkəm siyasi sabitliyi, əmin-amanlığı pozmaq məqsədilə ən xırda məqamlardan belə yararlanmağa çalışırlar. Son dövrdə Gədəbəy rayonunda baş vermiş hadisələr söylədiklərimizə əyani misaldır.

Prezident İlham Əliyevin 11 iyul tarixində 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədəki çıxışında bir çox məsələlərlə yanaşı Gədəbəy rayonunda baş vermiş hadisələrə də münasibət ifadə olundu. Ölkə başçımız tərəfindən bildirildi ki, Gədəbəydə vətəndaşların bir hissəsi təxribatçıların fitnəsinə uyaraq ədəbsiz, qanunsuz hərəkətlər ediblər və bu da dözülməzdir, qəbuledilməzdir.

Azərbaycanda xaos, özbaşınalıq, təxribat xarakterli addımlara Ulu Öndər Heydər Əliyevin fenomenal liderlik bacarıqları və zəngin dövlətçilik təcrübəsi sayəsində 1993-cü ildə son qoyulub. Artıq heç bir qüvvə Azərbaycanda formalaşmış siyasi sabitliyi poza bilməz. Bir məqamı da xüsusi vurğulamaq lazımdır ki, ölkəmizdə çox möhkəm xalq-iqtidar birliyi formalaşmışdır. Bu birlik sarsılmazdır.

Ölkə başçımızın çıxışında qeyd edildi ki, Azərbaycan Polisi həm birinci Qarabağ müharibəsində, həm də ikinci  Qarabağ müharibəsində torpaqlarımızın müdafiəsində böyük şücaətlər göstərib. Daxili Qoşunlarımızın cəsur əsgərləri düşmənə qarşı mübarizədə canını və qanını əsirgəməyib. Bizim polis gecə-gündüz soyuqda, istidə, düşmənlə üz-üzə səngərdə asayişimizi və təhlükəsizliyimizi qoruyur. Hər bir vicdanlı vətəndaşımız bu fədakar davranışları yüksək qiymətləndirir.

Sonda bir daha iqtisadi məsələlərə geniş diqqət ayıran ölkə başçımız bildirdi ki, “Abşeron” qaz-kondensat yatağından ilkin qazın çıxarılması çox əhəmiyyətli hadisədir.