YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sülhün və təhlükəsizliyin əsas təminatçısı

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

Azərbaycan 44 günlük Vətən Müharibəsindən sonra regionda və bölgədə yeni reallıqlar yaratdı. Eyni zamanda ölkəmiz qalib tərəf kimi bu gündə sülhün tərəfdarıdır və bu istiqamətdə müəyyən addımlar atılmışdır.

Xatırladaq ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində ölkəmiz tərəfindən atılan addımlara, Ermənistanla sülh müqaviləsi imzalamağa hazır olmağımıza dair ən yüksək səviyyədə verilən bəyanatlara baxmayaraq, ötən müddət ərzində Ermənistan tərəfindən hələ də qarşılıq verilməyib və hətta Ermənistan tərəfi sərhəddə yeni təxribatlara əl ataraq sülh danışıqlarını süni şəkildə pozmağa çalışır. Lakin indiki reallıq onu göstərir ki, Ermənistanın sülh müqaviləsi imzalamaqdan başqa heç bir çıxış yolu qalmayıb.

Qeyd etmək lazımdır ki. Bir müddət əvvəl Azərbaycan tərəfi Ermənistana 5 prinsipdən ibarət sülh gündəliyi təklif etmişdir.

İyulun 11-də 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyev Azərbaycanın sülh mövqeyi barədə geniş nitq söyləyərək bildirdi ki, “Bizim qarşıda duran vəzifələrimizdən biri təbii ki, Ermənistanla olan münasibətlərimizdir. Burada, bu sahədə, yəni, nəticə təkcə bizdən asılı deyil. Halbuki bizim siyasətimiz Ermənistan tərəfini də vacib addımların atılmasına sövq edir. Ancaq, əlbəttə ki, bu, qarşılıqlı fəaliyyətdir.

Bizim sülh danışıqları ilə bağlı mövqeyimiz aydındır, məntiqlidir, beynəlxalq hüquqa əsaslanır. Hesab edirəm ki, bu prinsiplə, beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh müqaviləsi imzalana bilər. Hər halda mən hesab edirəm ki, belə imkanlar var. Son danışıqlar raundları və bir neçə gündən sonra nəzərdə tutulan yüksək səviyyəli təmaslar bir məqsədi güdür ki, biz sülh anlaşmasına daha da yaxınlaşaq. Biz bunu arzulayırıq, bunu təşəbbüskar kimi irəli sürmüşük. Ancaq yenə də deyirəm, hər şey bizdən asılı deyil, qarşı tərəf də buna hazır olmalıdır və sözdə ifadə etdiyi prinsipləri kağız üzərinə də keçirməlidir.”

Xüsusilə vurğulamaq lazımdır ki, prinsip etibarilə Ermənistanın yeni reallıqla barışması labüddür, çünki başqa yolu yoxdur. Qarabağda yaşayan ermənilərin gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir.

Bu gün Azərbaycanın siyasi və iqtisadi potensialı artıb, ölkəmiz regionda söz sahibi olan dövlətə çevrilib, beynəlxalq siyasət səhnəsində nüfuzu və mövqeyi daha da möhkəmlənib. Qeyd edək ki, həyata keçirilən siyasət ölkəmizin müstəqil, dünyəvi və demokratik dövlət quruculuğu yolu ilə inamla irəliləməsinə, regionda həlledici söz sahibi olmasına, bərabərhüquqlu və qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələrinin qurulmasına əlverişli zəmin yaradıb. Azərbaycan regionda, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin əsas təminatçısıdır.