YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarşıda duran hədəflər

Cavid Osmanov 

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyev ilk altı ayın səmərəli keçdiyi bildirərək  bu müddət ərzində ölkəmizin dayanıqlı inkişafının təmin edilməsindən, qeyri-neft sektorunun inkişafından, Qarabağın və Şərqi Zəngəzurun bərpasından, iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsindən bəhs etdi.

Cari ilin altı ayında qeyri-neft sektoru və qeyri-neft sektorunun sənaye sahəsi kifayət qədər artmışdır. Qeyri-neft sənayesində 6,5 faiz və qeyri-neft sektorunda, ümumiyyətlə, 3 faizdən çox artım qeydə alınmışdır.Ölkəmizin maliyyə vəziyyəti böyük dərəcədə yaxşılaşmışdır ki, bunun da bir çox səbəbləri vardır. Maliyyə sektorundakı nizam-intizamın möhkəmləndirilməsi, vergi və gömrük orqanlarında islahatların davam etdirilməsi, şəffaflığın təmin edilməsi - bütün bu amillər imkan verir ki, ilin ortasında büdcəyə yenidən baxılsın və dürüstləşmə aparılsın.  Artıq cari ilin dövlət büdcəsi 33 milyard manatdan çox səviyyəyə qalxmışdır. İlin birinci yarısında əlavə gəlirlərin əldə edilməsi təcili həllini gözləyən məsələləri daha tez zamanda həll etmək üçün büdcəyə əlavələr etmək imkan vermişdir. Bu gün dövlət büdcəsinin 36 milyard manatdan çox olması imkan verir ki, ölkə qarşısında duran əsas investisiya layihələri icra edilsin, ilk növbədə, azad edilmiş torpaqlarda geniş quruculuq işlərinə növbəti təkan verilsin və ölkəmizin hərbi gücü artırılsın.

Altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Prezident cənab İlham Əliyev vurğuladı ki, xarici dövlət borcu ümumi daxili məhsulunun 10 faizinin altında olmalıdır. Mütləq rəqəmlərdə dövlət borcu cəmi 6,7 milyard dollardır və bu da ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. İlin birinci altı ayında profisit təqribən 10 milyard dollara yaxındır. Ölkə başçısı qeyd etdi ki, makroiqtisadi sabitlik uzun illər ərzində təmin edilir. Manatın məzənnəsi altı ildir ki, sabitdir və bu da dünya praktikasında, xüsusilə indiki şəraitdə nadir hadisələrdən biridir. Bu, düşünülmüş siyasətin təzahürüdür və bu siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Həmçinin ilin sonuna qədər inflyasiya birrəqəmli səviyyəyə düşə bilər. Prezident İlham Əliyev burada təbii səbəblərlə yanaşı olan subyektiv səbəblərin daha ciddi araşdırılmalı olduğunu da diqqətə çatdırdı.

Prezident İlham Əliyev müşavirədə ona da diqqət çəkdi ki, Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. İlin sonuna qədər Laçın şəhərinin Zabux və Sus kəndlərinə də keçmiş məcburi köçkünlər qayıdacaqlar. Qayıdış proqramı ardıcıllıqla aparılır. İlin sonuna qədər bizim artıq beş yaşayış məntəqəmizdə - bir şəhər və dörd kəndimizdə vətəndaşlar öz dədə-baba torpaqlarında tam məskunlaşacaqlar. Bütövlükdə nəzərdə tutulmuş investisiya proqramı əsasında bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzura təqribən 12 milyard manata qədər vəsaitin xərclənməsi nəzərdə tutulur. Görülən bütün işlər Azərbaycanın hesabına həyata keçirilir. İki məktəb istisna olmaqla, qalan bütün infrastruktur, inşaat işləri Azərbaycanın büdcəsi hesabına və Azərbaycanın dövlət şirkətləri tərəfindən həyata keçirilir. Eyni zamanda, Heydər Əliyev Fondu ondan çox məscidi yenidən inşa edir, yaxud da ki, onları əsaslı şəkildə bərpa edir.

Ölkə başçı onu da qeyd etdi ki, iqtisadi layihələrin miqyası bütün ölkəni əhatə edir. İnfrastruktur layihələri təkcə Qarabağda, Şərqi Zəngəzurda yox, bütün ölkə üzrə həyata keçirilir. Bu işlərdə isə şəffaflıq amili mühüm əhəməiyyət kəsb edir. Ayrılan vəsaitə böyük qənaətlə yanaşmalı və şəffaflıq tam təmin edilməlidir.

Müşavirədə ölkə başçısı beynəlxalq aləmdə baş verən proseslərdən də bəhs edərək bildirdi ki, dünyanın müxtəlif yerlərində beynəlxalq hüquq işləmir. Beynəlxalq hüquqa, beynəlxalq təşkilatların qərarlarına, qətnamələrinə bel bağlamaq olmaz. Dünyada qaydalar tamamilə pozulub, davranış qaydalarına, beynəlxalq hüquqa əməl edilmir. Böyük dövlətlər bu hüququ pozurlar və sonra da onu əsaslandırırlar. Özümüzü, öz müstəqilliyimizi, seçimimizi, həyat tərzimizi, ərazi bütövlüyümüzü qorumaq üçün daha güclü olmalıyıq. İkinci Qarabağ müharibəsi başa çatandan sonra biz dayanmadan bu istiqamətdə çox ciddi addımlar atmışıq. Hərbi potensial və azad edilmiş torpaqların bərpasına bundan sonra da lazım olan qədər vəsait ayırılacaq. Bu gün Azərbaycan Silahlı Qüvvələri daha böyük hərbi potensiala malikdir və gələcəkdə də həm döyüş qabiliyyəti, həm silah və texnika ilə təchizat baxımından daha da güclü olacaq. Bu gün dünyada güc amili ön plandadır və güclə hesablaşırlar, gücdən çəkinirlər. Ölə başçısı bəyan etdi ki, Azərbaycanla hədə-qorxu, ultimatum dili ilə heç kim danışa bilməz. Heç kim bizim iradəmizə təsir edə bilməz. Bizə qarşı tuşlanmış bütün oxları sındırıb öz ləyaqətimizi qoruya bilmişik və maraqlarımızı qoruya bilmişik.

Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan xalqı əmin ola bilər ki, bizim təhlükəsizliyimiz etibarlı əllərdədir. Bundan sonrakı illərdə Silahlı Qüvvələrimizin modernləşdirilməsi, bu sahədə islahatların dərinləşdirilməsi, yeni silahlı birləşmələrin yaradılması və təkmilləşdirilməsi istiqamətində, o cümlədən ən müasir silahların, texnikaların alınması istiqamətində işlər plan üzrə gedir. Biz öz Silahlı Qüvvələrimizi ən qabaqcıl orduların səviyyəsinə çatdırmalıyıq. Struktur islahatları, idarəetmə və özünü müdafiəetmə qabiliyyəti nöqteyi-nəzərindən biz elə güc yaradırıq ki, yerləşdiyimiz coğrafiyada özümüzü tam əmin hiss edə bilək.

2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyev həmçinin ölkəmizin nəqliyyat, enerji, eləcə də digər sahələrdəki inkişafından bəhs etdi və qarşıda dayanan hədəfləri xatırlatdı.

DİGƏR Xəbərlər Arxiv