YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səməd Seyidov: Azərbaycanı insan haqlarının pozulduğu ölkə kimi təqdim etmək heç bir həqiqətə uyğun gəlmir

"Azərbaycanı insan haqlarının pozulduğu ölkə kimi təqdim etmək heç bir həqiqətə uyğun gəlmir."

Bu fikirləri, Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) ikinci iş günündə qurumun Azərbaycan həmməruzəçiləri Pedro Aqramunt (İspaniya) və Tadeusz İvinski (Polşa) tərəfindən hazırlanan “Azərbaycanda demokratik təsisatların fəaliyyəti” adlı hesabatın müzakirəsi zamanı Azərbaycanın nümayəndə heyətinin sədri Səməd Seyidov deyib.

“Artıq yetər. Azərbaycanı insan haqlarının pozulduğu ölkə kimi təqdim etmək heç bir həqiqətə uyğun gəlmir. Siz burada Azərbaycanda həbs olunan insanlardan danışdınız. Bəs niyə görə ön xəttdə öldürülən insanların insan haqlarından danışmırsınız? O cümlədən valideynləri Dağlıq Qarabağda qeyri-qanuni həbsdə saxlanılan uşaqların haqlarından. Biz qeyri-qanuni həbslə bağlı bir söz belə eşitmədik. Siz bizdən üzərimizə götürdüyümüz öhdəliklərə əməl etməyi tələb edirsiniz. Əgər siz öz işinizi düzgün yerinə yetirirsinizsə, onda soruşuram: necə olur ki, bu gün Azərbaycanı tənqid edənlər öz ölkələrində insan haqlarına riayəti təmin etməyə qadir belə deyillər? Azərbaycanı tənqid etməzdən əvvəl, öz ölkəniz haqqında düşünün. Avropa Olimpiya Komitələrinin iclasında Azərbaycan I Avropa Oyunlarına ev sahibliyi etmək üçün namizədliyini irəli sürdü. Bundan sonra bir çox ölkələr Azərbaycanı tənqid etməyə başladılar”, - deyə Seyidov deyib.

Millət vəkili habelə ölkədə həyata keçirilən islahatlardan da danışıb.

“Biz korrupsiyaya qarşı mübarizəyə dair proqramlar həyata keçirməyə başladıq. Çoxlu sayda məsələlər öz həllini tapdı. Buna görə bizi tənqid edirsiniz? Biz əlimizdən gələni edirik. Bu gün bizim Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına dair Avropa İnsan Haqları Məhkəməsinin qərarı var. Siz isə hesabatın qətnamə layihəsində 1-ci bəndin çıxarılması üçün əlinizdən gələni edirsiniz. Halbuki, həmin bənddə Ermənistanın Dağlıq Qarabağ və ona bitişik 7 rayonun işğal etməsi faktı öz əksini tapıb. Maraqlıdır. İnsan haqlarının qorunması üçün mübarizə aparanlar bu bəndi hesabatdan çıxarmaq üçün hər şeyi edirlər. Bu gün Azərbaycanda 1 milyondan artıq qaçqın və məcburi köçkün var. 15 il bundan əvvəl biz Avropa Şurasına üzv olduq. Paylaşdığımız dəyərləri həyata keçirən və insan haqlarının müdafiəsi üçün mübarizə aparan bir ölkədə hansı vəziyyətin şahidi olmaq istəyirsinz? Buna görə sizi gələcək haqqında dərindən fikirləşməyə dəvət edirəm. Təkcə Azərbaycanın yox, eləcə də Avropanın gələcəyi üçün fikirləşmək lazımdır”, - nümayəndə heyətinin sədri bildirib.

 

DİGƏR Xəbərlər Arxiv