YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

BQXK-nın Azərbaycanın Qarabağ bölgəsində fəaliyyəti qeyri-legitimdir

“Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycanın Qarabağ bölgəsində fəaliyyətində aşkar olunan pozuntular təşkilatın nüfuzuna ciddi xələl gətirir. Komitənin nümayəndələrinin öz səlahiyyətlərindən sui-istifadə edərək qaçaqmalçılıq fəaliyyəti ilə məşğul olmaları tam araşdırılmalı və qarşısının alınması üçün uyğun tədbirlər görülməlidir”.

Bu fikirləri politoloq Ramiz Alıyev söyləyib.

O qeyd edib ki, Laçında dövlət sərhədində buraxılış məntəqəsi fəaliyyətə başladığı tarixdən BQXK-ya məxsus nəqliyyat vasitələri oradan maneəsiz hərəkət edib və onlara hər cür şərait yaradılıb. Lakin Komitənin nümayəndələri onlara yaradılan bu şəraitdən, münasibətdən sui-istifadəyə yol verib, yaxud onlar ermənilər tərəfindən ələ alınıblar. “Dünyada humanist prinsiplərin həyata keçirilməsində böyük rol oynayan bir qurumun Ermənistanda Azərbaycana qarşı fəaliyyəti haqlı olaraq müxtəlif suallar doğurur. Laçın sərhəd-buraxılış məntəqəsi fəaliyyətə başlayandan sonra Azərbaycan-Ermənistan sərhədi tam nəzarətə götürülüb və ölkəmizin ərazisinə giriş-çıxış beynəlxalq hüququn normalarına uyğun həyata keçirilir. Bütün dünyada bir ölkədən digərinə giriş-çıxış qanunlarla tənzimlənir. Azərbaycanın Qarabağ iqtisadi zonasında yaşayan ermənilər də Laçın postundan yoxlanılaraq ölkəmizi tərk edir və ya geriyə dönürlər. Bunu “blokada” kimi təqdim etmək anlaşılmazdır və gülüş doğurur. BQXK-nın nümayəndələri Qarabağdakı ermənilərə kömək məqsədilə Azərbaycan-Ermənistan sərhədindəki buraxılış məntəqəsindən istifadə edirlər. Amma son hadisələr göstərir ki, onlar ermənilərin buradakı çirkin fəaliyyətlərinə qoşulublar. BQXK-nın Azərbaycanın Qarabağ bölgəsində fəaliyyəti qeyri-legitimdir. Azərbaycan ərazisində beynəlxalq təşkilatın başqa ölkədə yerləşən ofisinin fəaliyyət göstərməsi nonsensdir. BQXK-nın Bakı ofisi fəaliyyət göstərdiyi halda, nə üçün qurumun Ermənistandakı nümayəndəliyi bizim ərazimizdə fəaliyyət göstərməlidir? Komitənin əsas fəaliyyət istiqamətlərindən biri əsir və girovlara kömək etməkdir. Amma biz yaxşı bilirik ki, həm Birinci Qarabağ müharibəsində, həm də 44 günlük Vətən müharibəsində adıçəkilən komitə azərbaycanlı əsir və girovlara yetərincə diqqət ayırmayıb. Amma onlar hər zaman ermənilərə qarşı isti münasibət bəsləyiblər”, - deyə politoloq əlavə edib.

R.Alıyev qeyd edib ki, BQXK-nın Qarabağda fəaliyyət göstərən nümayəndələri arasında yer alan və Azərbaycana olduqca mənfi münasibət bəsləyən şəxslərin Qarabağdakı separatçılarla əlaqələrində daha təhlükəli məqamların olduğunu düşünməyə haqqımız var. Heç kəs zəmanət verə bilməz ki, onlar Ermənistandan Qarabağa silah-sursat daşımırlar. Azərbaycanın hüquq-mühafizə orqanları yerli və beynəlxalq qanunları pozan bu şəxslərin barəsində ciddi ölçü götürməli, onların ölkə ərazisinə girişi məhdudlaşıdırılmalıdır: “Biz yaxşı bilirik ki, müharibə dövründə də BQXK Azərbaycana qarşı qərəzli mövqe tutmuşdu, bu təşkilatın nümayəndələri yalnız Ermənistanı müdafiə edirdilər. Onların qaynar nöqtələrə daxil olaraq hərbi məlumatlar toplamaları və düşmən tərəfə ötürmələrinə dair ciddi şübhələr mövcuddur. BQXK-ya məxsus tibbi yardım avtomobillərindən qaçaqmalçılıq üçün istifadə edilməsi Azərbaycan qanunlarının kobud şəkildə pozulmasıdır. Bu, həm də ölkəmizin beynəlxalqa humanitar təşkilata olan etimadından sui-istifadə halıdır. Ona görə də Azərbaycan haqlı olaraq Laçın buraxılış məntəqəsindən nəqliyyat vasitələrinin keçidini müvəqqəti dayandırıb. Azərbaycan BQXK-nın qanunsuz fəaliyyətinə göz yuma bilməz və qanun çərçivəsində addımlar atılmalıdır”.