YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qüdrətli dövlət, sarsılmaz Ordu

Rafiq Əliyev

YAP Yevlax rayon təşkilatının sədri

Müstəqil müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldiyi ilk gündən əsas amalını doğma torpaqlarımızın-Qarabağın işğaldan azad olunması kimi elan etmişdi. Bəli, təsadüfi deyil ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev də dəfələrlə bildirib ki, qüdrətli sələfinin ona ən önəmli vəsiyyəti məhz Qarabağın işğalına son qoyulması məsələsi olub. 1988-ci illərin sonu 90-cı illərin başlanığıcı ölkəmizdəki vəziyyət son dərəcədə gərgin və acınacaqlı idi. Torpaqlarımız işğala məruz qalmış, vətəndaşlarımız isə qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Xaqımızın təkidli tələbi ilə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ölkəmiz böyük inkişaf yoluna qədəm qoydu. Bu inkişaf sahələrindən biri də məhz 1993-cü ilin sonlarından başlayan ordu quruculuğu siyasətinin uğurla həyata keçirilməsidir. Ordu quruculuğu siyasəti 2003-cü ildən etibarən Prezident İlham Əliyev tərəfindən daha müasir və sürətli mərhələyə qədəm qoydu. Xüsusilə qeyd etmək lazımdır ki, 2013-cü ildən Ali Baş Komandanın rəhbərliyi altında keçirilən hərbi islahatların yeni mərhələsi isə Azərbaycan Ordusunu dünyanın ən güclü 50 ordusu sırasına çıxardı. Məhz bu uğurlu addımların nəticəsi idi ki, Azərbaycan Ordusu cənab Ali Baş Komandanın ali rəhbərliyi ilə Ermənistan ordusunun terror-təxribat aktına cavab olaraq, 2016-cı il Aprel döyüşlərində, 2018-ci il Günnut əməliyyatında, 2020-ci ilin iyul ayında Tovuz rayonu istiqamətində gedən döyüşlərdə və nəhayət 2020-ci il 27 sentyabr tarixində başlayan haqq savaşımızda-Vətən müharibəsində düşmənə ən layiqli cavab verməklə, düşməni döyüş meydanında darmadağın etdi. Bütün bunlar əsası Ulu Öndər tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən ən yüksək səviyyədə davam etdirilən bənzərsiz ordu  quruculuğu siyasətinin bariz nümunəsidir. Bu gün Ordunun döyüş qabiliyyətinin artırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi, xidmətin nümunəvi təşkili, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür.

Bildiyimiz kimi, cari ilin 23 iyun tarixində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə Döyüş bayrağını təqdim edib. Prezident İlham Əliyev tədbirdə səmimi və tarixi məzmunlu çıxışı ilə bir daha bəyan etdi ki, Azərbaycan Ordusu qüdrətli və sarsılmazdır.  

İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi daha geniş vüsət almışdır. Təbii ki, işğal dövründə ordu quruculuğu bizim üçün bir nömrəli vəzifə idi və Ordumuzun, bütün Silahlı Qüvvələrimizin torpaqlarımızın azad olunması üçün hazırlıq işlərinə xüsusi önəm verilirdi və biz buna nail olduq. Vətən müharibəsi Azərbaycan dövlətinin tam Zəfəri ilə yekunlaşmışdır. İkinci Qarabağ müharibəsində Xüsusi Təyinatlı Qüvvələr xüsusi peşəkarlıq və qəhrəmanlıq göstərmişdir. Şuşa azad olunandan sonra Ermənistan dövləti və hökuməti öz məğlubiyyətini qəbul etməyə məcbur olmuşdur.

Bəli, bu ifadələr xüsusi məna daşıyır və onu deməyə əsas verir ki, Azərbaycanın ərazi bütövlüyü təmin edilib, biz öz doğma dədə-baba torpaqlarımızda əbədi olaraq yaşayacağıq. Qədirbilən xalqımız yaxşı bilir ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə hələ bundan sonra bütün sahələr üzrə ölkəmizdə çox sayda möhtəşəm layihələr həyata keçiriləcək və nəhəng inkişaf proqramları yerinə yetiriləcəkdir.