YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Münasibətlərimiz səmimiyyət və ehtiram üzərində qurulub

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri

Azərbaycanla Pakistan arasında münasibətlərin təməlində tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək prinsipləri dayanır. Azərbaycan müstəqilliyini qazandıqdan sonra Pakistanla möhkəm təməllər üzərində qurulan siyasi əlaqələr daim inkişaf etdirilib və həmin münasibətlər bugünkü strateji müttəfiqlik səviyyəsinə yüksəldilib.

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin 15 iyunda Azərbaycana səfərini iki qardaş ölkə arasında münasibətlərdə yeni mərhələnin başlanğıcı hesab etmək olar. Səfər zamanı əldə edilən razılaşmalar deməyə əsas verir ki, qarşıdakı dövrdə ölkələrimiz arasında münasibətlər daha da inkişaf edəcəkdir.

Pakistan ölkəmizin müstəqilliyini tanıyan, onunla diplomatik əlaqələr yaradan və Azərbaycanda səfirliyini açan ilk müsəlman dövlətlərindən biridir. Azərbaycana ən yaxın və dost ölkələrdən biri olan Pakistan ölkəmizin mənafeyini bütün beynəlxalq təşkilatlarda ardıcıl olaraq müdafiə edib, Ermənistanın təcavüzünə birmənalı münasibət bildirib.

2020-ci il sentyabrın 27-dən – müharibə başlandığı dövrdən Pakistan dost və qardaş Türkiyə Respublikasından sonra Azərbaycana ən çox siyasi və mənəvi dəstəyini ifadə edən dövlətlərdən olub. Vətən müharibəsindən dərhal sonra Azərbaycanın işğaldan azad etdiyi ərazilərin bərpasına başlaması Qarabağ bölgəsini bir çox dövlətlər üçün iqtisadi maraq məkanına çevirib. Bununla belə Azərbaycan Qarabağın dirçəldilməsində özünün daxili resursları ilə yanaşı, Vətən müharibəsində ona siyasi və mənəvi dəstəyini ifadə edən dost dövlətlərlə əməkdaşlıq etməkdə və həmin ölkələri işğaldan azad etdiyi ərazilərdə müxtəlif iqtisadi layihələrin təşviqinə, bir sözlə sərmayələrin cəlb edilməsində maraqlı olduğunu bəyan edib. Bu baxımdan Azərbaycanın dost Pakistan dövləti ilə münasibətləri daha böyük diqqətə və xüsusi əhəmiyyətə malikdir. Cənubi Asiya dövlətləri sırasında Azərbaycanın ən sıx əlaqələri yaranmış və qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş ölkə Pakistandır. Pakistan İslam Respublikası Cənubi Asiyanın, İslam Şərqinin və İslam Əməkdaşlıq Təşkilatının ən fəal, nüfuzlu və hərbi-siyasi baxımdan güclü dövlətlərindən biridir. ABŞ ilə strateji tərəfdaşlıq münasibətlərinə malik olan bu ölkə həm də dünya siyasətində önəmli rol oynamaqdadır. Pakistan dünyada kütləvi qırğın silahına və raket texnologiyasına malik olan yeganə müsəlman dövlətidir.

Pakistanı tam əminliklə Azərbaycanın Türkiyədən sonra dünyadakı ikinci əsas strateji müttəfiqi hesab etmək olar. İki ölkə arasında həm ikitərəfli, həm də çoxtərəfli intensiv münasibətlər mövcuddur.

Türkiyə ilə yanaşı, Pakistan da ötən 30 il ərzində Azərbaycan torpaqlarını işğal etdiyinə görə işğalçı Ermənistanla diplomatik münasibətlər qurmayan və müxtəlif tribunalardan işğalçı ordunun Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən ikinci dövlətdir.

Bu gün Azərbaycan-Pakistan münasibətləri hər iki ölkənin dövlət başçılarının səyləri nəticəsində özünün ən yüksək inkişaf mərhələsini yaşayır.

Göründüyü kimi son vaxtlar iki ölkə arasındakı hərbi-siyasi və iqtisadi əlaqələri intensivləşdirmək və mövcud potensialdan daha səmərəli istifadə etmək üçün öz səylərini əsirgəmirlər. Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbə və regionda yaranan yeni reallıqlar və əməkdaşlıq imkanları ölkələrimiz arasında əlaqələrin dərinləşməsi istiqamətində yeni perspektivlər açır.