YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qardaşlığımız bütün dünyada qibtə ilə izlənilir

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 12-də ölkəmizdə səfərdə oldu. Qardaş ölkədə keçirilən prezident seçkilərindən geniş bəhs edən cənab Rəcəb Tayyib Ərdoğan bildirdi ki, Prezident üsul-idarəsinin ikinci dönəmində 86 faizlik iştirak səviyyəsi ilə keçirilən budəfəki seçki dünyada müstəsna deyə biləcəyimiz bir seçki olmuşdur: “Bu seçkidən də millətimin iradəsi ilə qalib çıxmaq, yenidən ilk səfərimizi Şimali Kiprə və həmin gün Bakıya gələrək burada gerçəkləşdirmək bizi son dərəcə məmnun etmişdir. Biz öz evimizdəyik və indi burada mətbuata bəyanatla çıxış edirik.”

Türkiyə və Azərbaycanın iki qardaş ölkə olduğunu böyük qürur hissi ilə vurğulayan Rəcəb Tayyib Ərdoğan keçilən yolun təhlili əsasında qeyd etdi ki, “Bir millət, iki dövlət” düşüncəsi ilə bu günə qədər addımladıq. İndiyə qədər addımladığımız bu yolda bundan sonra da qərarlı şəkildə davam edəcəyik.

İki qardaş ölkə daim nümayiş etdirdikləri dostluq, müttəfiqlik nümunəsi ilə dünyanın diqqətində olub. Hər zaman qeyd etdiyimiz kimi, bu əlaqələr 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən sonra ən yüksək səviyyəyə qalxıb. Rəsmi Ankara 30 illik işğal dövründə də Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan mövqeyinə dəstək olaraq ən yüksək tribunalardan bəyan edirdi ki, dünya ikili standarlara əsaslanan siyasətinə son qoymalıdır. Bu çağırışlar sırasında xüsusi qeyd edilirdi ki, Ermənistana “Dur!” demək zamanı çoxdan çatıb. Beynəlxalq təşkilatlar ədalətsizliyə göz yunmaqla özlərinə qarşı inamsızlıq yaradırlar.

44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana verdiyi dəstəyi xalqımız heç zaman unutmayacaq. Diplomatik cəbhədə Azərbaycanın haqq səsinin müdafiəsinə qalxan Türkiyə sonadək ölkəmizə mənəvi və siyasi dəstək göstərdi. Türkiyə-Azərbaycan dostluğu dünya üçün nümunədir. Bu gün iki dövlət arasındakı münasibətlərin analoqu yoxdur. Çünki iki ölkənin dövlət başçıları arasındakı qardaşlıq bu gün xalqları arasında da çox yüksək səviyyədə inkişaf edir. Tarixin heç bir dönəmində Türkiyə-Azərbaycan münasibətləri bu qədər yüksək səviyyədə olmayıb. Bakı və Ankara qarşıya qoyulan hədəflərə çox sürətlə yaxınlaşırlar.

İki qardaş ölkə arasında hərbi sahədə əməkdaşlığın böyük perspektivləri var. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan Ordusu Türkiyə Ordusunun modeli əsasında inkişaf edir. İki qardaş ölkənin Prezidentlərinin səfər çərçivəsində Hərbi Hava Qüvvələrinin yeni Mərkəzi Komanda Məntəqəsinin açılışında iştirak etməsi də hərbi sahədə güclənən əməkdaşlığımızın göstəricisidir. Səfər çərçivəsində, həmçinin Azərbaycan və Türkiyənin birinci xanımları Mehriban Əliyeva və Əminə Ərdoğanın görüşü, onların tarixi məkan olan İçərişəhəri ziyarət etməsi, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin fəaliyyəti ilə tanış olmaları da məmnunluq doğurdu.

Azərbaycanın postmünaqişə dövrünün reallıqlarının uğurlu icrası istiqamətində atdığı addımlardan və əldə etdiyi nəticələrdən məmnunluğunu ifadə edən Türkiyə Prezidenti bu reallığı qeyd etdi ki, qətiyyətli olduğun, inandığın zaman istədiyinə nail olmaq mümkündür. Azərbaycan da bu nəticəyə nail oldu: “Əlbəttə, indi qarşımızda atılacaq bəzi addımlar var. İnşallah, bu addımları da uğurla atdıqca Azərbaycan mövcud əhalisi ilə təbii ki, daha da irəli gedəcək.”