YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əməkdaşlığın böyük potensialı

“Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana rəsmi səfəri mühüm önəm kəsb edir. Bu gün Azərbaycanla Pakistan əlaqələri iki qardaş ölkə arasında olan münasibətlərdir. İki ölkə arasındakı münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Azərbaycan və Pakistan hər zaman bir-birinin mövqeyini dəstəkləyib. Bu bir reallıqdır ki, Pakistan Ermənistanın ərazilərimizin 20 faizini işğalda saxladığı dövrdə Azərbaycana dəstək verib. 44 günlük Vətən müharibəsi zamanı da Pakistan Azərbaycana güclü dəstək göstərib.”

Bunu YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O qeyd edib ki, Pakistan məhz Azərbaycan ərazilərini işğal etdiyinə görə, Ermənistanla diplomatik münasibətlər qurmayan ölkədir: “Bu baxımdan da Prezident İlham Əliyevin cari ilin 15 iyun tarixində Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verilmiş birgə bəyanatında olduqca vacib mesajlar verilib. Bu günki reallıqda Azərbaycan özünün ərazi bütövlüyünü təmin edib. Bölgədə sülhə və təhlükəsizliyə başlıca əngəl olan işğal siyasəti sona çatdırılıb. Məhz bu konteksdə Azərbaycan regionda qalıcı sülhün bərqərar olması üçün təşəbbüs göstərir. Sözsüz ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasının perspektivləri var. Sadəcə olaraq, Ermənistan siyasi iradə nümayiş etdirməlidir ki, bölgədə daimi sülh təmin edilsin. Bu da erməni tərəfinin Azərbaycan ərazilərini rəsmi olaraq bəyan etdiklərini kağız üzərində həkk etməsində və Qarabağ Azərbaycan ərazisi kimi tanımasından asılıdır. Təbii ki, Pakistan bu müstəvidə də Azərbaycanın mövqeyini dəstəkləyir. Eyni zamanda Azərbaycan da Pakistanı Kəşmir məsələsində hər zaman dəstəkləyib. Bu dəstək sözsüz ki, bundan sonra davam edəcək. Ölkələrimizin digər vacib məsələlərdə və bütün beynəlxalq təşkilatlarda bu dəstəyi və həmrəyliyi nümayiş etdirməsi şübhəsizdir. Bu qarşılıqlı dəstək ölkələri və xalqları daha da yaxınlaşdıran amillərdir”.

Deputat hesab edir ki, 44 günlük müharibə dövründə Türkiyə və Pakistan Azərbaycanla bir yerdə olub: “Müharibədən sonra da ölkələrimiz arasında perspektiv əməkdaşlıq istiqamətləri üzərində qarşılıqlı əlaqələr davam edir. Artıq Azərbaycanla Pakistan arasında ticarət və sərmayə, eyni zamanda enerji məsələsində perspektiv imkanlar formalaşıb. Həmçinin müdafiə sənayesi sahəsində də əməkdaşlığın müxtəlif istiqamətləri nəzərdən keçiriləcək. Bu sırada enerji sahəsində böyük perspektivlər var. Bütün bunlarla yanaşı iki ölkə arasında uçuşların sayı artacağı təqdirdə birgə ticarətin həcminin yüksələcəyi mümkündür. Bu istiqamətdə əldə edilən anlaşma memorandumu prosesin daha da sürətlənməsinə təkan verəcək”.

Millət vəkili Azərbaycanla Pakistan arasında təhsil sahəsində əməkdaşlığın böyük potensialının olmasından bəhs edib: “Bu gün Azərbaycanda Pakistandan olan 750 tələbə təhsil alır. Ötən il sadəcə 100 tələbə təhsil alırdı. Məhz bu fakt təhsil sahəsində olan əməkdaşlığın xarakterini göstərir. Eyni zamanda, Pakistanda təhsil alan azərbaycanlılar da var. Təbii ki, qarşıdakı perspektivdıə müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri genişləndirilməsi proqnozlaşdırılır. Hər iki ölkə silahlı qüvvələrinin həyata keçirdiyi birgə hərbi təlimlərin sayının artırılması məsələsi gündəmdədir. Çünki dünyada vəziyyət dəyişir, qeyri-sabitlik nöqtələri artır, ona görə də güclü hərbi potensial müstəqilliyin və ərazi bütövlüyünün qarantıdır. Çünki bu gün beynəlxalq hüquq selektiv şəkildə tətbiq edilir. BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri icra edilir, digərləri isə 30 il kağız üzərində qalır. Azərbaycan əraziləri məhz bu konteksdə BMT qətnamələri ola-ola Ermənistanın işğalında qaldı və heç kəs bu qətnamlərin icrasını tələb etmədi. Nəhayətdə, Azərbaycan özünün hərbi gücünə ərazilərini Ermənistanın işğalından azad edərək tarixi ədaləti bərpa etdi”.