YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Qadınların təkcə şəhərlərdə deyil, kəndlərdə, ucqar bölgələrdə də fəallığını artırmaq lazımdır

"Qadınların təkcə şəhərlərdə deyil, kəndlərdə, ucqar bölgələrdə də fəallığını artırmaq lazımdır". Trend-in məlumatına görə, bunu bu gün Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının Ümumrespublika Konfransında Baş nazirin müavini, YAP-ın icra katibi-sədr müavini Əli Əhmədov söyləyib.

Əli Əhmədov bildirib ki, Azərbaycanın həyatındakı müsbət dəyişikliklər Azərbaycan qadınının həyatında da əksini tapıb: "Bu, hər bir qadının Azərbaycanın həyatında necə əhəmiyyətli rol oynadığını dərk etməsində özünü göstərir".

Baş nazirin müavini deyib ki, qadın ictimai həyatda, cəmiyyətin ümumi inkişafında çox mühüm rol oynayır: "Azərbaycan cəmiyyətinin 50 faizini qadınlar təşkil edir. Biz bu potensialdan istifadə edərək Azərbaycanın daha da inkişafına nail ola bilərik".

Onun sözlərinə görə, ötən 5 il ərzində qadınların Azərbaycanda ictimai həyatda rolu artıb və bu, həm də YAP Qadınlar Şurasının fəaliyyətinin nəticəsidir. YAP Qadınlar Şurası Asiya Siyasi Partiyaları Şurasının fəaliyyətində də aktiv iştirak edir və bu, YAP Qadınlar Şurasının artıq beynəlxalq aləmdə fəaliyyətinin genişlənməyə başladığından xəbər verir: "Ötən beş il ərzində YAP Qadınlar Şurası ciddi nailiyyətlər əldə edib, bu, növbəti beş ildəki uğurlara zəmin yaradır. Biz 10 illik əzəmətə istinad edərək qarşıdakı 10 ildə daha əzəmətli inkişafa nail olmağa çalışmalıyıq. İnanıram ki, YAP Qadınlar Şurası bu istiqamətdə səmərəli fəaliyyət göstərəcək".

Əli Əhmədov bildirib ki, qarşıdan bələdiyyə seçkiləri gəlir: "Əvvəllər qadınlar bələdiyyələrdə 2-3 faiz təmsil olunurdu. 2009-cu ildə YAP-ın təşəbbüsü ilə qadınlar bələdiyyə seçkilərində aktiv iştirak etdilər və nəticədə bələdiyyələrdə təmsil olunan qadınların sayı 30 faizə çatdı".

YAP-ın Sədr müavini hesab edir ki, bu göstərici də kifayət deyil: "Bu il keçiriləcək bələdiyyə seçkilərində qadınların daha çox uğur qazanacağına inanıram. Azərbaycanın idarəçiliyində qadınlar aktiv iştirak edirlər. Qadınlar nə qədər çox idarəçilik sferalarında təmsil olunsa, problemlərin qərar qəbul edilən yüksək orqanlara çatdırılması daha effektiv olar".

Əli Əhmədov deyib ki, qadın hüquqlarının qorunması dövlət strukturları ilə bərabər YAP və YAP Qadınların Şurasının qarşısında duran məsələlərdən biridir. Onun sözlərinə görə, YAP sıralarında təmsil olunan 300 minə yaxın qadın partiyanın fəaliyyətində mühüm rol oynayır: "Qadınlar Şurasının yenidən seçiləcək rəhbərliyinin, yeni tərkibinin daha böyük uğurlar əldə edəcəyinə inanıram".