YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şuşa Bəyannaməsi gələcəyin təqdimatıdır

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz yeni reallıqlar yaratdı. Bu reallıqlar daim dünyaya birlik, həmrəylik nümunəsi olan Azərbaycan- Türkiyə  münasibətlərində  yeni bir mərhələnin əsasını qoydu.   Bu yeni mərhələnin başlanğıcı qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2021-ci il 15 iyun tarixində azad Qarabağa reallaşdırdığı ilk səfər çərçivəsində Şuşada dövlət başçısı İlham Əliyev ilə birgə imzaladığı Şuşa Bəyannaməsi oldu.  Şuşa Bəyannaməsi qardaşlığın yeni tarixi mərhələsidir. Bu sənəd Türkiyə və Azərbaycan arasındakı müttəfiqlik münasibətlərinin bütün əməkdaşlıq sahələrini əhatə edir.

Şuşa Bəyannaməsində Azərbaycan-Türkiyə münasibətlərinin bütün sahələrdə uğurlu davamı xüsusi qeyd edilir. Nəzərdə tutulan hədəflər bu əməkdaşlığı daha da dərinləşdirəcək. İki dost ölkənin əlaqələrindən bəhs edərkən ilk olaraq iqtisadi əməkdaşlığı xüsusi qeyd etmək istərdik. Reallıq budur ki, Azərbaycan və Türkiyə dövlətlərinin birgə səyləri, siyasi iradəsi və qətiyyəti sayəsində reallaşan enerji layihələri bölgəyə sülh, sabitlik gətirərək dövlətlər, xalqlar arasında körpü rolunu oynayır. Əvvəllər regional çərçivədə başlanan əməkdaşlıq sonrakı illərdə coğrafiyasını genişləndirərək çoxtərəfli formata çevrilib. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin, iqtisadi əhəmiyyətinə görə onlardan geri qalmayan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallığa çevrilməsi ilə Azərbaycan regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrildi. Azərbaycan təşəbbüsçüsü və iştirakçısı olduğu enerji layihələrinin uğurlu icrası ilə dünyanın enerji xəritəsini yenidən tərtib etdi.

İki qardaş ölkə arasında əlaqələr hərbi sahədə də yüksək səviyyədədir. Azərbaycan və Türkiyə ordularının ənənəvi olaraq keçirilən hərbi təlimləri bu əlaqələrə işıq salır. Azərbaycan 44 günlük Vətən müharibəsində yazdığı tarixlə haqqı-ədaləti, beynəlxalq hüququ bərpa etdi, işğala son qoydu.  Azərbaycan tarixi Zəfəri ilə 2020-ci ilin heç zaman unudulmayacaq tarixini yazdı. 10 noyabr böyük öndər Mustafa Kamal Atatürkün anım günü olduğu üçün dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 8 noyabr, Şuşanın işğaldan azad olunduğu gün Zəfər Günü kimi təsis olundu. Bu, mühüm addım da Azərbaycan-Türkiyə birliyinin təqdimatı oldu. 

Şuşa Bəyannaməsi müttəfiqliyin geostrateji əhəmiyyətini artırdı. Bu sənəd ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edəcəkdir. Ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir.

Hər bir sahədə olduğu kimi azad olunmuş ərazilərin yenidən qurulması prosesində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur. Dövlət başçısı İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizdə bərpa-qurculuq işləri başlanan zaman dost ölkələrin bu işlərə cəlb ediləcəyini bildirmişdir. Qardaş Türkiyə bərpa-quruculuq işlərinin uğurla həyata keçirilməsində ölkəmizə hər bir dəstəyi göstərir. Cənab Rəcəb Tayyib Ərdoğanın 10 dekabr 2020-ci ildə Zəfər paradında səsləndirdiyi “Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır. Türkiyə və Azərbaycan kürək-kürəyə verdikcə Allahın izni ilə çətinliklərin öhdəsindən gəlməyə, uğurdan-uğura çatmağa davam edəcəkdir. Allah köməyimiz olsun!” fikirləri də postmünaqişə dövründə iki  qardaş ölkənin birgə həyata keçirəcəyi  işlərin anonsu kimi dəyərləndirildi.

Dövlət başçısı İlham Əliyev bildirir ki, bu müttəfiqlik özünü hər yerdə – siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində göstərir.

Şuşa Bəyannaməsi gələcəyin təqdimatıdır. Bu sənəd Azərbaycanın siyasi, diplomatik və iqtisadi uğurudur.

DİGƏR Xəbərlər Arxiv