YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ölkəmizin iqtisadi qüdrətinin göstəricisi

Emin Bağırov

ETN Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru

2004-cü ildən başlayaraq, həyata keçirilən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası nəticəsində bölgələrimizdə geniş quruculuq və abadlıq işləri görülüb, çoxsaylı infrastruktur layihələri həyata keçirilib, müxtəlif profilli istehsal müəssisələri, sosial obyektlər fəaliyyətə başlayıb və minlərlə yeni iş yeri açılıb. Bütün bunlar hər bir rayonun, kəndin və qəsəbənin simasını dəyişməklə bərabər, əhalinin rifah halının yüksəldilməsinə, sosial problemlərinin həllinə müsbət təsir göstərib.

Bütün bu uğurların əldə edilməsində şübhəsiz ki, sözügedən dövrdə ayrı-ayrı illər üçün tərtib olunan dövlət büdcəsi də mühüm rol oynayıb. Bunu 2023-cü ilin dövlət büdcəsindən də aydın görə bilərik. İkinci Qarabağ savaşından sonrakı dönəmdə Azərbaycanın iqtisadi rayonları sırasında yer alan Qarabağ və Şərqi Zəngəzurda quruculuq layihələri üçün dövlət büdcəsindən transfertlər də ilbəil artırılıb. Bu bölgələrin bərpa və yenidənqurma işləri üçün 2021 və 2022-ci illərdə 4,9 milyard manat vəsait ayrılıb. Cari ilin büdcəsində isə həmin məqsəd üçün 3 milyard manat nəzərdə tutulub. Azərbaycan dövləti qaçqın və məcburi köçkün soydaşlarımızın işğaldan azad olunan ərazilərə Böyük Qayıdışını layiqli şəkildə təmin etmək əzmi nümayiş etdirir.

Prezident İlham Əliyevin imzaladığı Sərəncamla təsdiqlənən Böyük Qayıdış üzrə iş planı uğurla həyata keçirilir. Ümumiyyətlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasına və bərpasına müharibə başa çatdıqdan dərhal sonra başlayıb. Cəmi iki il yarım vaxt ötməsinə baxmayaraq, artıq işğaldan azad edilmiş ərazilərdə çoxlu sayda infrastruktur layihələrinin icrası uğurla başa çatıb. Yeni layihələrin icrası da intensiv şəkildə davam etdirilir. Ötən il keçmiş qaçqın və məcburi köçkün soydaşlarımız işğaldan azad edilmiş ərazilərə ilk qayıdışın böyük sevincini yaşayıblar. Belə ki, Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” konsepti ilə inşa olunan yaşayış məntəqəsi məskunlaşdırılıb. Mart ayında Talış kəndinə bir qrup ailə köçürüldü. Mayın sonlarında isə Laçına 20 ailənin köçü baş tutdu. Bu ilin dövlət büdcəsinə edilən əlavələrdə də Böyük Qayıdış amili yenə də diqqət mərkəzində saxlanılıb.

Xatırladaq ki, 2023-cü ilin dövlət büdcəsi ölkə Prezidenti İlham Əliyevin islahatların dərinləşməsinə, qeyri-neft sektorunun tərəqqisinə yönələn fərman və sərəncamları, habelə inkişaf proqnozları əsas götürülərək hazırlanıb. Əlbəttə, bu zaman respublikada maliyyə sabitliyinin mövcudluğu, maliyyə resurslarının getdikcə artması, irimiqyaslı layihələrin uğurla reallaşdırılması kimi məsələlər də diqqətdə saxlanılıb.

Son illərdə qəbul edilən dövlət büdcəsi layihələrinin uğurla gerçəkləşdirilməsi nəticəsində Azərbaycanda valyuta ehtiyatları artıb, tədiyə balansında müsbət saldoya nail olunub, davamlı inkişaf, sosial tərəqqi meyilləri daha da güclənib. Azərbaycanda büdcə-vergi siyasəti ümumi makroiqtisadi siyasətin tərkib hissəsi olmaqla real gözləntilər və proqnozlar üzərində qurulur. Bu siyasət davamlı, həm də uzunmüddətli keyfiyyətli inkişaf məqsədlərinə xidmət edir, müxtəlif fiskal riskləri nəzərə alır və müvafiq maliyyə ehtiyatlarını formalaşdırır. Yeri gəlmişkən, cari ilin dövlət büdcəsi haqqında qanunda və büdcə zərfinə daxil olan digər iki qanunda dəyişiklikdə ölkə ərazisində elektrik enerjisi təchizatı və digər infrastruktur layihələr üzrə yenidənqurma və əsaslı təmir xərcləri üçün 128 milyon manat, sahibkarlıq fəaliyyəti ilə bağlı verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması üçün 50 milyon manat vəsaitin yönəldilməsi nəzərdə tutulub.

Beləliklə, Prezident İlham Əliyevin liderliyi ilə iqtisadi inkişafını təmin edən Azərbaycan Cənubi Qafqazda həm siyasi, həm iqtisadi güc mərkəzi kimi sdantartlarını diqtə edir. Bu ilin dövlət büdcəsinə əlavələrin edilməsi də ölkəmizin iqtisadi qüdrətinin göstəricisidir.