YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni imkanlar yaranıb

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri  

2021-ci il iyun ayının 15-i dövlətimizin tarixində əlamətdar gün kimi qalacaq. Məhz həmin gün ilk dəfə olaraq Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə dövlətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanı Qarabağda qarşıladı. Bizim üçün mühüm mənəvi əhəmiyyət kəsb edən Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması, əlbəttə ki, gələcək dərsliklərə yazılacaq mühüm tarixi hadisə kimi yaddaşlarımıza həkk olundu. Şuşa Bəyannaməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin "Bir millət, iki dövlət" və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" prinsipləri əsasında iki ölkənin strateji münasibətlərinə yeni bir pəncərə açdı. Belə ki, Şuşa Bəyannaməsində iki qardaş dövlət arasında hərbi, müdafiə sənayesi texnologiyaları, enerji, nəqliyyat, iqtisadi və humanitar əlaqələrdən bir çox sahələrdə əlaqələrin gələcəyi üçün bir yol xəritəsi təqdim olunur.

Bu gün regionumuzda baş verən hadisələrin gedişi Türkiyə və Azərbaycan tərəfindən  aparılan siyasətdə hər iki qardaş ölkənin haqlı olduğunu sübut etdi. Şuşa Bəyannaməsi dövrün reallıqları ortaya qoydu və bu tarixi gerçəkliyi siyasi, iqtisadi müstəvidə bütün region ölkələri qəbul etməlidirlər. Bəyannamənin əsas məqsədlərindən biri də bölgədə sülhün və əmin-amanlığın bərpa edilməsinə, həm regional, həm də beynəlxalq əhəmiyyət daşıyan strateji məsələlərdə qarşılıqlı, vəhdət halında fəaliyyət göstərilməsinə yönəlib. Başqa sözlə, bəyannamə həm iki ölkə arasında, həm də regionda, eləcə də beynəlxalq aləmdə iqtisadi-ticari əlaqələrin sürətlə inkişafına da təkan verəcək.

Azərbaycan Respublikası beynəlxalq hüququn bütün prinsplərinə əməl edərək, səmərəsiz fəaliyyət göstərən beynəlxalq təşkilatlara öz idarəçiliyi ilə nümunədir. Bu gün ölkəmiz qlobal təhlükəsizliyin təmin olunmasına böyük töhfələr verir. Qloballaşan, hər an dəyişən, müharibə və münaqişələrin səngimədiyi bir zamanda nəhəng dövlətlərlə bir cərgədə addımlayan ölkəmiz Qarabağ münaqişəsinin həlli ilə regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb.

İndi bütün dünyanın nəzər-diqqətini cəlb edən və marağına səbəb olan bölgələrdən biri də Qarabağ və Şərqi Zəngəzur regionudur. Ali Baş Komandanın rəhbərliyi ilə aparılan yenidənqurma işləri sürətlə davam etdirilir. Artıq üç ilə yaxın bir müddətdir ki, bu istiqamətdə ciddi maliyyə tutumuna malik çox böyük yol-kommunikasiya, enerji və infrastruktur layihələri həyata keçirilib və keçirilməkdir. Həmçinin sevindirici haldır ki, işğaldan azad olunan ərazilərdə aparılan abadlıq-quruculuq işlərində qardaş Türkiyənin də dəstəyi özünü büruzə verir. Cənab Prezidentin də qeyd etdiyi kimi, İkinci Qarabağ müharibəsindən sonra Türkiyə-Azərbaycan qardaşlığı, birliyi daha da yüksək pilləyə qalxıb. Azərbaycan və Türkiyə bayraqları bir yerdə dalğalanır.