YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Perspektiv planlar

Fidan Hüseynova

YAP Quba rayon təşkilatının sədri

Sosial-iqtisadi sahədə sürətlə irəliləyən, həyata keçirdiyi demokratik islahatlar, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində gördüyü işlərlə seçilənlər sırasında yer alan Azərbaycanı xarakterizə edən mühüm xüsusiyyətlərdən biri də qısa zaman kəsiyində enerji təhlükəsizliyinin təmininə nail olmasıdır. Prezident İlham Əliyevin uğurlu enerji siyasəti ölkəmizi regionda böyük enerji mərkəzinə çevirib. Ölkəmizin təşəbbüskarı olduğu layihələr təkcə region üçün deyil, dünya miqyasında da böyük əhəmiyyət daşıyır. Bu sahədə ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı durmadan çoxalır. Hazırda dünyada yaşanan məlum gərginliklər fonunda ölkələrin milli təhlükəsizliyinə yaranan təhdidlər enerji təhlükəsizliyinin aktuallığını daha da artırıb.

Mayın 31-də paytaxtımızda öz işinə başlayan Beynəlxalq enerji həftəsinin ilk günündə 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılış mərasimləri baş tutdu. Xəzər regionunun ən nüfuzlu enerji tədbirinin açılışında iştirak edən dövlət başçısı İlham Əliyev çıxış edərək Azərbaycanın neft-qaz sektorunun mövcud durumu və gələcək planlar barədə iştirakçılara ətraflı məlumat verdi.

Ölkə başçısı vurğulayıb ki, bu gün enerji təhlükəsizliyi milli təhlükəsizliyə bərabərdir və hətta milli təhlükəsizlik gündəliyində ən başlıca yeri tutur. Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlığının müsbət məqamları olduqca çoxdur və gələcək potensial da olduqca genişdir. Avropa İttifaqı ilə Azərbaycan ötən ilin iyulunda enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalayıb. Memorandum uğurla icra edilir. Ölkəmiz Avropa İttifaqı ilə bərabər, Cənub Qaz Dəhlizi Məşvərət şurasının üzvüdür.

Prezident İlham Əliyev gələcək planlara diqqət çəkərək bildirdi ki, 2027-ci ilə qədər Avropa bazarına qaz təchizatımızı iki dəfə artırmaq perspektiv planlardandır. Qaz təchizatımız ötən il 8 milyard kubmetr idi, bu il 12 milyard kubmetr nəql ediləcək. Bu, bizim ümumi ixracımızın yarısıdır və 2027-ci il üçün biz bu rəqəmi 20 milyarda çatdıracağıq. Bunun üçün mənbələr var: “Şahdəniz” və “Abşeron” yataqları. Enerji səmərəliliyi və bərpaolunan enerji məsələsi sahəsində də bizim Avropa İttifaqı ilə dialoqumuz mövcuddur. Bunun nəticəsində biz elektrik enerjisinin istehsalı üçün qaza qənaət edəcəyik və həmin qazı artıq beynəlxalq bazarlara çıxaracağıq. 

Ölkə başçısı çıxışı zamanı onu da qeyd etdi ki, Yaradılmış nəhəng enerji infrastrukturu Avrasiyanın enerji xəritəsini dəyişdirib və Azərbaycanı qərb ölkələri üçün vacib tərəfdaşa çevirib. Enerji tərəfdaşlığında neft və qazdan sonra, bərpaolunan enerjinin Azərbaycan üzərindən Avropaya ixrac edilməsi də diqqət mərkəzindədir. Xəzər dənizinin Azərbaycan sektorunda əldə edilən elektrik enerjisinin yeraltı kabel xətləri ilə Avropaya ötürülməsi nəzərdə tutulur. Bu sahənin inkişaf etdirilməsi üçün böyük miqdarda investisiya tələb olunur. Azərbaycanın əldə etdiyi uğurlar və etibarlı tərəfdaşlar sayəsində bu sahəyə gələcəkdə böyük investisiya yatırılacaq və ölkəmiz şaxələndirilmiş enerji mənbələrində əhəmiyyətli çəkiyə malik olacaq.

Əhəmiyyətli tədbirlərdən biri Yunanıstan-Bolqarıstan interkonnektorunun açılışıdır. Bunun nəticəsində artıq Azərbaycan Bolqarıstana da qaz nəql edəcək. Bolqarıstan vasitəsilə digər ölkələrə də qazın nəqli imkanlarını nəzərdən keçiririk və tezliklə qonşu ölkələrə də bizim qazımız nəql ediləcək. Rumıniya artıq bu əməkdaşlıq formatının üzvüdür. Bu ilin sonuna qədər qazımız Macarıstana və Serbiyaya nəql ediləcək. Bununla da bizim qaz ixracımızın coğrafiyası genişlənəcəkdir.

Azərbaycan enerji sahəsində qazandığı uğurlarla dünyanın aparıcı dövlətlərindən birinə çevrilməkdədir. Əlbəttə, bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu enerji siyasətinin göstəricisidir. Bütün bunlar isə ölkəmizin beynəlxalq miqyasda nüfuzunu daha da artırır.