Xəbərlər
Rafael Hüseynov: İlk Avropa Oyunlarının əks-sədası gələcək illərdə hələ çox eşidiləcək
«Azərbaycanın Avropa Şurasına üzv qəbul olunmasından elə də çox zaman keçməyib. Amma bu gün tarixdə ilk Avropa Oyunları keçirilir və məkan Azərbaycandır. Deməli, qısa bir müddət ərzində çətin və müstəqil yollarla irəliləyən Azərbaycan elə bir mərhələyə çatıb ki, Avropa öz tarixinin ən əlamətdar hadisələrindən birini təşkil etməyi Azərbaycana həvalə edir. Bu, ölkəmizin dünyada, və konkret olaraq Avropada artan gücünün, etiraf olunan qüdrətinin təcəssümüdür». Bu fikirləri Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Rafael Hüseynov deyib.
R.Hüseynov bildirib ki, istənilən beynəlxalq miqyaslı mədəniyyət, idman və ya ictimai mənalı hər hansı bir hadisənin mütləq mənada ayrıca bir siyasi çəkisi də var. Onun sözlərinə görə, buna görə də ilk Avropa Oyunları, sadəcə idman tədbiri hesab edilə bilməz. Bu, həm də böyük siyasi yükü olan bir hadisədir və Azərbaycanın son illər tarixi içərisindəki ən uğurlu addımlarından biri sayılmalıdır.
«Nəyə görə ayrı-ayrı qüvvələr, ayrı-ayrı ölkələr, Azərbaycanı istəməyən hansısa cərəyanlar ilk Avropa Oyunlarına kölgə salmağa, təşkilatçılıq işindəki uğurları hansısa formada ləkələməyə, bu Oyunların baş tutmasına müəyyən maneələr yaratmağa çalışırlar? Çünki onlar anlayırlar ki, bu tədbir Azərbaycanın onsuz da artan nüfuzunun bir az da yüksəlməsinə, ölkəmizin daha artıq tanınmasına növbəti bir təkan verəcək. Amma Azərbaycan dövlətinin əzmi, dövlət başçısının iradəsi elə bir yüksək səviyyədədir ki, bütün bunlara baxmayaraq, zövq, təşkilatçılıq bacarığı, Azərbaycanın maraqlarının təsdiqi üçün ən müxtəlif fədakarlıqlara hazırlıq sayəsində artıq bütün çətinliklər arxada qalıb. Beləliklə, Azərbaycan öz tarixində ilk dəfə olaraq son dərəcə böyük idman tədbirinin altına öz imzasını atacaq. Düşünürəm ki, bu Oyunların əks-sədası gələcək illərdə hələ çox eşidiləcək»- deyə, R.Hüseynov qeyd edib.