YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının ümumrespublika konfransı keçirilmişdir

Mayın 24-də Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının ümumrespublika konfransı keçirilmişdir.

Tədbiri açan YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva gündəlikdə duran məsələlər haqqında ətraflı məlumat vermişdir.

Qeyd olunmuşdur ki, Azərbaycanın ictimai-siyasi həyatında qadınların rolunun artması və fəaliyyət dairəsinin genişləndirilməsi ölkəmizin uğurlarından biridir. N.Əliyeva ötən konfransdan keçən dövr ərzində görülən işlərdən, Azərbaycan qadınının hüquqlarının qorunmasından, cəmiyyətdə yüksək mövqe tutmasından, gündən-günə artan fəallığından, onların milli maraqlar ətrafında sıx birləşməsində YAP Qadınlar Şurasının rolundan bəhs etmişdir.

Bildirilmişdir ki, hazırda YAP cəmiyyətin siyasi avanqardı, ölkənin ən nüfuzlu siyasi qüvvəsidir. Partiya çox geniş potensiala malikdir və qadınlarımızın da bu uğurlarda özünəməxsus payı vardır. Azərbaycanın ictimai-siyasi və sosial-iqtisadi və mədəni həyatında da qadınların rolu durmadan artmaqdadır. Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar çalışmasın. Öz vətəndaş mövqeyi, qadın hünəri ilə onlar kişilərlə çiyin-çiyinə əmək fəaliyyətlərini davam etdirirlər. Azərbaycan qadınları tükənməz enerji və məhəbbətlə doğma ocağında-ailəsində ömürlərinin şərəfli səhifələrini yaşamaqla bərabər, cəmiyyətdəki aktual problemlərin həllindən də kənarda qalmırlar.

YAP Qadınlar Şurasının sədri demişdir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın ədalət, humanizm, xeyriyyəçilik və digər bəşəri prinsiplərə söykənən, sərhəd tanımayan çoxşaxəli fəaliyyəti nəinki Azərbaycan, hətta dünya qadınları üçün nümunə və örnəkdir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə qadınlarımıza yüksək qiymət vermişdir. Bu gün həmin ənənə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Milli Məclisin sədrinin müavini Bahar Muradova bildirmişdir ki, ötən konfransdan keçən 5 il ərzində həyatımız xeyli dəyişmişdir. Bu illər ərzində qürur duyduğumuz uğurlu addımların sayı daha da artmışdır. Ötən 5 ildə görülən işlər haqqında danışarkən qeyd etmək lazımdır ki, Azərbaycan qadınları fəaliyyət göstərdikləri sahələrdə fədakarlıqla çalışmış, dövlət quruculuğu prosesinə layiqli töhfələr vermişlər. Son zamanlar YAP sıralarına çox fəal qadınlar daxil olurlar. YAP Qadınlar Şurasının müsbət işlərinin nəticəsidir ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin ideyaları geniş təbliğ edilir və sağlam düşüncəli qadınlar partiya sıralarına cəlb olunurlar.

B.Muradova demişdir ki, konfransda seçiləcək yeni idarə heyəti müntəzəm şəkildə toplanmalı, hədəflərini müəyyənləşdirməli, daha geniş beynəlxalq arenalara çıxmaq haqqında düşünməlidir. Bu konfrans gələcək 5 il üçün fəaliyyət proqramını hazırlamalıdır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Hicran Hüseynova Azərbaycan qadınının fəaliyyətinin partiyaya uğurlar gətirdiyini qeyd edərək demişdir ki, YAP bu baxımdan da digər partiyalara örnəkdir. Hazırda Azərbaycanın ictimai həyatının bütün sahələrində qadınların sayı və rolu getdikcə artır.

Komitə sədri müasir cəmiyyətdə erkən nikah, təhsildən yayınma halları, qanunsuz kəbin kimi problemlərin aradan qaldırılmasında ziyalı qadınlarımızın rolundan danışmış, partiya üzvü olan fəal qadınların bu sahədəki işini yüksək qiymətləndirmişdir.

H.Hüseynova bildirmişdir ki, rayon və şəhər icra hakimiyyətlərinin müavinlərindən birinin qadın təyin edilməsi onların dövlət idarəçiliyinə geniş cəlb olunmasından xəbər verir. Bu, Azərbaycan Prezidentinin qadınlara yüksək qayğısının və etimadının daha bir göstəricisidir.

Ümummilli lider Heydər Əliyevin qadınlara həmişə böyük diqqət və qayğı göstərdiyini xatırladan natiq məhz Ulu Öndər tərəfindən 1998-ci ildə “Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında” Sərəncam imzalandığını, Prezidentin Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradıldığını, Azərbaycan qadınlarının I qurultayının keçirildiyini diqqətə çatdırmışdır.

Milli Məclisin deputatı YAP Siyasi Şurasının üzvü Məlahət İbrahimqızı qadınların cəmiyyətdə yeri və rolu barədə danışarkən bildirmişdir ki, Azərbaycan qadınları tarixin hər bir mərhələsində ağır, məsuliyyətli vəzifələrin öhdəsindən layiqincə gəlmişlər. Hətta elə qadınlarımız olmuşdur ki, öz fitri istedadı, liderlik qabiliyyəti, qəhrəmanlıqları ilə tarixin yaddaşında qalmışlar.

Ölkənin bütün sahələrində qadınların böyük rolu olduğunu deyən M.İbrahimqızı Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ölkəmiz və xalqımızın gələcəyi üçün var qüvvəsi ilə çalışdığını, böyük işlər gördüyünü bildirmişdir. Vurğulamışdır ki, bu gün hər bir Azərbaycan vətəndaşı, o cümlədən, qadınlarımız ölkəmizə ulu öndər Heydər Əliyevin uğurlu davamçısı Prezident İlham Əliyevin rəhbərlik etməsindən qürur duyurlar. Prezidentin reallaşdırdığı böyük siyasətin nəticəsində Azərbaycan uğurlu inkişaf yolunda inamla irəliləyir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Ülviyyə Həmzəyeva, YAP Gəncə şəhər təşkilatı Qadınlar Şurasının sədri Pərvin Kərimzadə, YAP Lerik rayon təşkilatı Qadınlar Şurasının sədri Arzu Vəliməmmədova, YAP Zaqatala rayon təşkilatı Qadınlar Şurasının sədri Vəfa Süleymanova və YAP Quba rayon təşkilatı Qadınlar Şurasının sədri Aysel Şeydayeva çıxış edərək ötən konfransdan keçən dövr ərzindəki fəaliyyətlərindən danışmış, ümummilli lider Heydər Əliyevin uğurlu siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini faktlarla diqqətə çatdırmışlar.

Konfransda çıxış edən Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-icra katibi Əli Əhmədov YAP Qadınlar Şurasının ötən 5 ildəki fəaliyyətini yüksək qiymətləndirərək demişdir: “Azərbaycanın inkişafında, beynəlxalq aləmdə nüfuzunun artmasında qadınların müstəsna rolu olmuşdur. Bu gün cəmiyyətdə fəal mövqe tutan qadınlar ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun Prezident İlham Əliyev tərəfindən davam etdirilməsini dəstəkləyir, bu siyasi xəttin reallaşmasında fəal iştirak edirlər. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət ayrı-ayrı sosial qrupların deyil, bütövlükdə bütün cəmiyyət üzvlərinin həyatında müsbət dəyişikliklərə səbəb olmuşdur. Dövlət siyasətinin prioritet istiqaməti insanların həyat şəraitini yaxşılaşdırmaqdan, daha yüksək yaşayış səviyyəsini təmin etməkdən ibarətdir. Bu istiqamətdə qəbul olunan dövlət proqramlarının həyata keçirilməsində YAP Qadınlar Şurasının üzvləri də fəal iştirak edirlər. Partiyanın aparıcı üzvləri olan qadınların fəaliyyətinin nəticəsidir ki, YAP Qadınlar Şurası Asiya Siyasi Partiyalar Assosiasiyasının Qadınlar Şurasına üzv olmuşdur və bu beynəlxalq təşkilatda Azərbaycanı layiqincə təmsil edir, uğurlarımızı və problemlərimizi dünya arenasına çıxarır. Qadınlar ictimai-siyasi həyatın bütün sahələrinə nüfuz edərək ötən müddət ərzində ölkədə keçirilmiş parlament və prezident seçkilərində fəallıq nümayiş etdirmiş, Azərbaycanın demokratik inkişafına töhfələr vermişlər.

Qeyd olunmuşdur ki, Azərbaycanda gender məsələləri bütün səviyyələrdə gözlənilir. Qadınların ictimai həyatda özlərini təsdiq etməsi üçün mükəmməl qanunvericilik bazası yaradılmışdır. Təsadüfi deyildir ki, qadınlarımız Milli Məclisdə, beynəlxalq təşkilatlarda, dövlət idarəçiliyində təmsil olunurlar.
Qarşıdakı bələdiyyə seçkilərinə toxunan Əli Əhmədov bildirmişdir ki, hazırda Azərbaycanda bələdiyyələrin 30 faizinə qadınlar rəhbərlik edirlər. Lakin bu göstərici də partiyanı qane etmir. Ona görə də dekabr ayında keçiriləcək bələdiyyə seçkilərində YAP Qadınlar Şurasının üzvləri daha fəal olmalı, ən layiqli və intellekt səviyyəsi yüksək olan qadınların namizədliyi irəli sürülməlidir.

Bildirilmişdir ki, 630 mindən çox üzvü olan YAP Heydər Əliyev ideyalarının gələcək nəsillərə çatdırılması naminə mübarizə aparır. Bu işdə qadınlar xüsusi rola malikdirlər. Onlar Azərbaycanın müstəqilliyinin daha da möhkəmləndirilməsinin zəruriliyini tam mənada başa düşür və bu istiqamətdə ürəklə çalışırlar.
Əli Əhmədov qadınlara ölkə həyatında nümayiş etdirdikləri fəal və konstruktiv mövqeyə görə təşəkkür etmiş, YAP Qadınlar Şurasına gələcək fəaliyyətində uğurlar arzulamışdır.

Sonra konfransda təşkilati məsələyə baxılmışdır. Nurlana Əliyeva yenidən YAP Qadınlar Şurasının sədri seçilmişdir.

Milli Məclisin deputatları Sevinc Fətəliyeva, Sevinc Hüseynova və YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova Şura sədrinin müavinləri seçilmişlər.

Daha sonra 59 nəfərdən ibarət Şura üzvləri və 24 nəfərdən ibarət İdarə Heyəti üzvləri seçildi. Şuranın və İdarə Heyətinin yeni tərkibində Heydər Əliyev Fondunun prezidenti, YAP sədrinin müavini Mehriban Əliyeva, Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi-Prezidentin köməkçisi Dilarə Seyidzadə, Milli Məclis sədrinin müavini Bahar Muradova, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı və başqaları vardır.

 

DİGƏR Partiya xəbərləri Arxiv