YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hər bir görüş Azərbaycanın qətiyyətli mövqeyinin təqdimatında əhəmiyyətli rol oynayır

Elmar Əhmədov

Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının sədri

Dövlətimizin çoxşaxəli, ədalətə və beynəlxalq hüquqa əsaslanan xarici siyasətinin uğurları biri-birini əvəzləməkdədir. Hazırkı dövrün əsas çağırışının bölgədə dayanıqlı sülhün təmin edilməsi üçün sülh müqaviləsinin imzalanmasının olduğunu nəzərə alsaq ölkəmizin bu təklifinə beynəlxalq dəstək diqqətdən kənarda qalmır. Sülh müqaviləsinin imzalanması istiqamətində keçirilən hər bir görüş  Azərbaycanın qətiyyətli mövqeyinin təqdimatında əhəmiyyətli rol oynayır. Bu baxımdan cənab İlham Əliyevin mayın 25-də Moskvaya işgüzar səfəri çərçivəsində Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclası çərçivəsində aparılan müzakirələrdə Ermənistanın baş naziri Nikol Paşinyana diplomatiya dərsi keçməsi, həmçinin Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə üçtərəfli görüşün keçirilməsi bu gün dünya mətbuatında da geniş müzakirə olunmaqdadır.

Dövlət başçısı İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın Laçın dəhlizini guya bloklaması barədə sərsəm fikirlərinə tutarlı   cavabı xüsusi diqqətdə oldu.   Qeyd etdi ki, Azərbaycan heç bir dəhlizi bloklamayıb. Laçın-Xankəndi yoluna gəldikdə, o açıqdır: “Sizin tanıdığınız Ermənistan və Azərbaycan sərhədində bütün beynəlxalq normalara uyğun olaraq nəzarət-buraxılış məntəqəsi qoyulub. Bu nəzarət-buraxılış məntəqəsi Rusiya sülhməramlı kontingentinin postundan 20 metr aralıda yerləşir. Bu gün həmin nəzarət-buraxılış məntəqəsindən erməni milliyyətindən olan Azərbaycan vətəndaşları Ermənistan tərəfinə sərbəst keçirlər. O cümlədən Qırmızı Xaçın xətti ilə daşınan pasiyentlər, həmçinin Xankəndi şəhərindən təcili yardım maşınları ilə bağlı heç bir maneə yoxdur. Hər hansı qərəzsiz insan, təbii ki, bunu görməlidir. Zənnimcə, kürsüdən əsası olmayan ittihamlar üçün istifadə etmək lazım deyil.” Ermənistanın hər addımda sülh müqaviləsinin imzalanması prosesini əngəlləməyə çalışması diqqətdən kənarda qalmır.

Günümüzün reallığı budur ki, Azərbaycan regionun lider dövləti kimi mühüm beynəlxalq platformalarda aparıcı aktor kimi qəbul olunur. Qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan münasibətlərin qurulması və genişləndirilməsi hər zaman Azərbaycanın müstəqil xarici siyasətinin əsas istiqamətidir. Ölkəmiz Avrasiya İqtisadi Birliyinin üzvü olmasa da quruma üzv dövlətlərlə əməkdaşlığı yüksələn xətlə inkişaf edir. Dövlət başçısı İlham Əliyev bu əməkdaşlığı rəqəmlər əsasında diqqətə çatdırdı. Belə ki, ötən il Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsi 31 faiz artıb və 4,7 milyard dollar təşkil edib. Bu ilin yanvar-aprel aylarında qarşılıqlı ticarətin həcmi daha 38 faiz artıb. Ötən il Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 9 faizə yaxın olub. Azərbaycan əmtəə dövriyyəsinin gələcək artımında böyük potensialın olduğunu görür. 

Bu gün mühüm nəqliyyat marşrutlarının, o cümlədən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının qovuşuğunda yerləşən Azərbaycanda müasir standartlara cavab verən nəqliyyat-logistika infrastrukturunun qurulması, eyni zamanda, ölkəmizin Xəzər dənizində böyük ticarət donanmasına sahib olması və digər amillər bizə bütün istiqamətlərdə daşımaları həyata keçirmək imkanı yaradır. Bu kimi uğurlarımız Azərbaycanın tranzit ölkə kimi beynəlxalq aləmdə nüfuzunu artırır.

Göründüyü kimi, Azərbaycan istər üzvü olduğu, istərsə də üzvü olmadığı beynəlxalq təşkilatlarda fəal iştirakı, ədalətə və beynəlxalq hüquqa söykənən mövqeyi ilə böyük nüfuz qazanıb. Dövlət başçısı İlham Əliyev Ali Avrasiya İqtisadi Şirasının geniş tərkibdə iclasındakı çıxışında “Mən Avrasiya İqtisadi Birliyinin sammitində ilk dəfədir iştirak edirəm. Halbuki, biz Avrasiya İqtisadi Birliyinə üzv dövlətlərin başçıları ilə həm Müstəqil Dövlətlər Birliyinin sammitləri çərçivəsində, həm də ikitərəfli formatda müntəzəm görüşürük. Buna görə də, baxmayaraq mən ilk dəfədir qonaq qismində iştirak edirəm, lakin yəqin ki, burada qonaq deyiləm. Bu gün bizim ünsiyyət qurmaq imkanımız oldu, ünsiyyətimiz davam edəcək” söyləməklə əməkdaşlıqda maraqlı olduğumuzu bir daha təsdiqlədi.