YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əsassız iddialara və saxta tədqiqatlara elmi cavab

Qədim Azərbaycan torpağı olan Naxçıvan Yer kürəsində ilk insan məskənlərindən biridir. Azərbaycan xalqı bu diyarda qədim və zəngin mədəniyyət yaratmışdır. Naxçıvan, eyni zamanda, dünyanın da ən qədim mədəniyyət mərkəzlərindəndir. Azərbaycanın digər bölgələri kimi Qədim Şərq sivilizasiyaları ilə sıx bağlı olan Naxçıvan tarixi inkişafın gedişində dərin iz buraxmışdır. Bu diyarda Azərbaycan xalqının zəngin tarixi, elmi və mədəni irsi formalaşmışdır. Azərbaycanın, o cümlədən dünyanın ən qədim yaşayış və mədəniyyət mərkəzlərindən biri olan Naxçıvan min illərin tarixini yaşadan qədim yaşayış yerləri baxımından səyyahları, alimləri, tədqiqatçıları özünə cəlb edən bir məkan kimi tanınmışdır.

Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycanın XIX-XX əsrlər tarixinin yenidən yazılması haqqındakı ideyaları yalnız ölkəmiz dövlət müstəqilliyi qazandıqdan sonra reallığa çevrilmişdir. Bu baxımdan, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın zəngin tarixi inkişaf yolunun da gerçək surətdə öyrənilib araşdırılması və təqdim edilməsi Azərbaycan Respublikasının müstəqillik dövrünün mühüm hadisəsidir. Azərbaycan alimlərinin diqqətini Naxçıvanın müasir elmi yanaşma baxımından öyrənilməsi vacibliyinə cəlb edən ümummilli lider Heydər Əliyev deyirdi: “Naxçıvanın qədim, zəngin tarixi Azərbaycan tarixinin çox parlaq səhifələrindəndir. Bizim əsas məqsədimiz Naxçıvanın tarixini hərtərəfli öyrənmək, tədqiq etmək, onları elmi və populyar kitablarda dərc etmək, təbliğat materiallarında istifadə etməkdir”.

Bu mənada Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan tarixinin digər istiqamətləri kimi şəhər tarixinin də araşdırılması xüsusi əhəmiyyətə malikdir. Naxçıvan şəhəri uzun müddət Azərbaycanda mövcud olan bir çox dövlətlərin paytaxtı funksiyasını yerinə yetirmişdir. Naxçıvan şəhərinin tarixinin öyrənilməsi ciddi tarixi, elmi və siyasi əhəmiyyətə malikdir.             

Naxçıvan Dövlət Universitetinin prorektoru, tarix üzrə fəlsəfə doktoru Arzu Abdullayevin “Naxçıvan şəhərinin tarixi (XIX yüzillik)” monoqrafiyası XIX əsr Naxçıvan tarixinin tədqiqinə həsr olunmuşdur.

Arzu Abdullayev son illərdə Naxçıvan elmi mühitinin yetişdirdiyi gənc alimlərimizdən biridir. Uzunmüddətli elmi tədqiqatlarının nəticəsi olaraq 2021-ci ildə müdafiə etdiyi tarix üzrə fəlsəfə doktorluğu dissertasiyası ölkənin müxtəlif elmi müəssisələrində çalışan sahə tədqiqatçılarının diqqətini cəlb etmişdir.

Monoqrafiya giriş, üç fəsil, nəticə, ədəbiyyat siyahısı və əlavələrdən ibarətdir. Monoqrafiyanın elmi məsləhətçisi Naxçıvan Dövlət Universitetinin rektoru, tarix üzrə fəlsəfə doktoru Elbrus İsayev, elmi redaktoru Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov, rəyçiləri isə Azərbaycan Milli Elmlər Akademiyası Qafqazşünaslıq İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru,  professor Musa Qasımlı və tarix elmləri doktoru,  professor Anar İsgəndərovdur.

Naxçıvan şəhərinin XIX əsr boyu tarixi simasını konkret prizmalarından araşdıran Arzu Abdullayev  faktlara və tarixi hadisələrin ictimai-siyasi, milli mənəvi köklərinə əsaslanaraq, məsələlərə elmi-konseptual rakursdan yanaşır. Tədqiqatçı Naxçıvanın qədim dövrlərdən bəri Azərbaycan tarixindəki yeri məsələsinə toxunur.

Monoqrafiyanın giriş hissəsində mövzunun aktuallığı əsaslandırılmış, Naxçıvan şəhəri haqqında antik və orta əsr yazılı mənbələrində verilən məlumatlar xronoloji ardıcıllıqla ümumiləşdirilmişdir. Diyarın inkişaf  tarixini Azərbaycanın daxili və beynəlxalq ictimai-siyasi vəziyyəti kontekstində araşdıran ölkə tarixçilərinin, eləcə də dövrün xarici ölkələrdən olan müasirlərinin fundamental əsərlərinə münasibət bildirilmiş, tədqiqatın məqsəd və vəzifələri, metodları müəyyən edilmişdir.

“Naxçıvan şəhəri Rusiya imperiyası ilə Qacarlar dövləti arasındakı müharibələr dövründə” adlı birinci fəsildə Cənubi Qafqaza münasibətdə əsrlər boyu dərinləşən beynəlxalq ziddiyətlərin düyün nöqtəsi kimi nəzərdən keçirilən şəhərin strateji əhəmiyyətini şərtləndirən amillər analiz olunmuş, hərbi və diplomatik mübarizə şəraitinin Naxçıvan şəhərinin sosial-iqtisadi həyatına və demoqrafik durumuna təsiri araşdırılmış, döyüşlərin Naxçıvan şəhərinin infrastrukturuna, demoqrafiyasına, memarlığına vurduğu ziyanı sübut edən faktlar sadalanmışdır.

Naxçıvan xanlığının və Naxçıvan şəhərinin tarixinə dair materialların sərf-nəzər edilərək çeşidlənməsi, aidiyyatı üzrə qruplaşdırılması obyektiv çətinlik yaratsa da, müəllif bu çətinliyin öhdəsindən gələ bilmişdir. Qafqaz və ətraf  bölgələrin nəzarətdə saxlanılması üçün mühüm strateji əhəmiyyət kəsb edən xanlığın və Naxçıvan şəhərinin işğalının rəsmiləşdirilməsinin Azərbaycan xalqı üçün acı nəticələri qeyd olunmuşdur.

“Rus işğalından sonrakı dövrdə Naxçıvan şəhərinin ictimai siyasi və iqtisadi həyatı” adlı ikinci fəsildə şəhərin tarixi coğrafiyası və şəhər quruluşu tədqiq olunmuş, Naxçıvan tarixi coğrafiyasına həsr edilmiş tədqiqat əsərlərindən, şəhər haqqında məlumat verən mənbələrdən səmərəli istifadə olunmuşdur. Bu fəsildə Naxçıvan toponiminin bölgənin deyil, şəhərin adı kimi işlədildiyi əsaslandırılmış, təbii-coğrafi şəraiti təsvirlənmiş, coğrafi kordinatları və sərhədləri müəyyənləşdirilmişdir. 1827-ci ildə hazırlanmış plana uyğun olaraq şəhərin sxematik qurluşu, dağıntılara məruz qalmış qala divarları, məscidlər barədə müfəssəl məlumat verilmişdir. 1831-ci ilə dair kameral siyahılar əsasında şəhərə aid olan məhəllələr sadalanmış, Rusiyanın müstəmləkəçi ambisiyalarından irəli gələn köçürmə siyasəti ilə Naxçıvanın müsəlman türk əhalisinin milli tərkibini dəyişdirmək niyyəti ifşa olunmuşdur. Dövrün kameral təsvirlərinə, Naxçıvan əyalətinin statistikasına, həmin dövrün müasirləri olan müəlliflərin əsərlərinə və sair istinadla əhalinin artım dinamikasını, orta yaş səviyyəsini, cinsə görə kəmiyyət göstəricilərini, məşğuliyyət istiqamətlərini əhatə edən təhlillər aparılmışdır.

XIX əsri Naxçıvan şəhərinin tarixində kapitalist münasibətlərinin yaranması dövrü kimi xarakterizə edən müəllif kənd təsərrüfatında və saneyədə meydana gəlməkdə olan kapitalist istehsal üsulunun ilkin rüşeymlərini nəzərə alaraq dəyişikliklərin necə getdiyini retrospektiv metod vasitəsi ilə müəyyənləşdirmişdir.

Tədqiqatçı məsələlərə sistematik yanaşır və Naxçıvanın XIX əsr zamanına dair  gerçəkliklərini tədqiq edərkən tarixin arxiv sənədlərini dərindən sərf-nəzər edir.

Bütün bunlara nəzərən müəllifin tədqiqat prizmasından yanaşaraq bir məsələni də qeyd etmək gərəkdir: tədqiqatçı  faktları arxiv materialları və araşdırmalar sistemi kontekstindən yada salmaqla Naxçıvan şəhərinin ictimai, siyasi vəziyyəti haqqındakı birtərəfli baxışlara aydınlıq gətirmişdir. Tədqiqatçı indiyədək gizli saxlanılan faktları çox dəqiq və yığcam şəkildə sadalayır, Naxçıvan şəhərinin siyasi coğrafiyasının işğaldan əvvəl və işğaldan sonrakı vəziyyətini yada salır.

Müəllif kitabın III fəslində XIX əsrin əvvəllərindən başlayaraq əsrin sonlarına qədər Naxçıvan şəhərində məktəb və maarifin inkişafı məsələlərinə dair faktları sadalayır, ədəbi-mədəni həyatda baş vermiş hadisələrin milli mənəvi xarakterini, ictimai-siyasi və sosial dəyərlərini açıqlayır. Böyük ziyalılar ordusunun simasında mədəni həyatdakı inqilabi, mənəvi-iradi əlamətləri diqqət mərkəzinə çəkir. Bütün bunlarla bərabər, müəllif milli mədəniyyətimizdə xüsusi xidmətləri olan yazıçı və alimlərin, pedaqoqların, ictimai-siyasi xadimlərin fəaliyyətləri ilə bağlı məsələlərə dair məlumat verir.

O da qeyd edilməlidir ki, yeri gəldikcə bu gün Naxçıvanın tarixi abidələrinin bərpası və pasportlaşdırlması istiqamətində həyata keçirilən tədbirlərin mütərəqqi xarakteri, milli özünüdərkə təsir dinamikası monoqrafiyada əhatəli səciyyələndirilmişdir.

Ümumiyyətlə, Arzu Abdullayevin "Naxçıvan şəhərinin tarixi (XIX yüzillik)” monoqrafiyası Naxçıvana dair faktları, gerçəklikləri əks etdirən, onların aydın salnaməsini verən sistematik və fundamental struktura malik bir tədqiqat əsəri kimi çağdaş tarixşünaslığın uğurlarından biridir.

Tədqiqat işinin əsas müddəa və nəticələrindən ali məktəblərin müvafiq fakültələrində ixtisas kurslarının aparılmasında, Naxçıvanın XIX yüzillik tarixinə aid ümumiləşdirilmiş əsərlərin yazılmasında, dərslik və dərs vəsaitlərinin hazırlanmasında, tarixi mövzuda elmi seminar və konfransların keçirilməsində, Naxçıvan bölgəsi əhalisinin etnik tarixi haqqında tarixi gerçəkliyin dünya ictimaiyyətinə çatdırılmasında geniş istifadə oluna bilər. Kitab tarixçilər, tədqiqatçılar, tələbələr, magistrlər və geniş oxucu kütləsi üçün dəyərli mənbədir. Ən əsası isə, təqdim olunan bu əsər Azərbaycanın qədim bölgəsi olan Naxçıvan haqqında əsassız iddialara, saxta tədqiqatlara elmi cavabdır.