YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqımızın tarixi nailiyyəti

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

May ayının 10-da Ulu öndər Heydər Əliyevin 100 illik yubiley günündə Şuşa şəhərindən xalqına müraciəti zamanı Prezident İlham Əliyev Azərbaycanda təhlükəsizliyin təmin edildiyini, əmin-amanlıq hökm sürdüyünü vurğulayan dövlətimizin başçısı deyib: “Müstəqillik ən böyük nemətdir, ən böyük sərvətdir. Bu gün biz bütün azərbaycanlılar qürur hissi ilə qeyd edirik ki, biz sözün əsl mənasında, müstəqil ölkə kimi yaşayırıq. İndi dünyanın hər bir yerində müharibələr, toqquşmalar, qarşıdurmalar hökm sürür, hər gün biz bunu görürük. Azərbaycan sabitlik adasıdır, təhlükəsizlik adasıdır. Bu da böyük sərvətdir və Azərbaycan xalqı bunu yaxşı bilir. Çünki biz müstəqilliyimizin ilk illərində çətin günlər yaşamışdıq.”

Müstəqil yaşamaq, taleyinin sahibi olmaq, öz dövlətini qurmaq hər bir xalqın arzusudur. Müstəqil dövlət olmaq, müstəqil dövlətdə yaşamaq sərvətdir. Hər bir xalqa məxsus olmayan sərvət. Azərbaycanın dövlət müstəqilliyi respublikamızın hər bir vətəndaşı üçün ən böyük sərvətdir. Azərbaycan xalqı da həmişə bu istəklə yaşamışdır. Azərbaycan əsrlər boyu mücadilələr aparmış, torpağına göz dikən, azadlığını buxovlayan, ona düşmən kəsilən yadellilərlə ölüm-dirim savaşına qalxmış, saysız qurbanlar vermişdir. 1991-ci ildə yenidən əldə etdiyimiz müstəqillik xalqımızın ötən əsrin əvvəllərində yaşadığı şərəfli tarixin şüurlarda yaratdığı milli oyanışın, azadlıq eşqinin bəhrəsidir.

Ümummilli liderimiz Heydər Əliyev çıxışlarında tez-tez deyirdi ki, biz nadir bir irsin varisləyirik: “Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır”.

Ulu Öndər Heydər Əliyev yenidən ölkə rəhbərliyinə qayıdaraq dövlətimizi və dövlətçiliyimizi dağılmadan və məhvolmadan xilas etməsəydi, cənab İlham Əliyev iqtisadi yüksəlişi, dünyaya inteqrasiyanı, müxtəlif təhlükə və təhdidləri dəf etməyi, qonşu və digər dövlətlərlə bərabərhüquqlu və milli maraqlara əsaslanan siyasət qurmasaydı müstəqilliyimiz uzun ömürlü olmazdı.

Prezident İlham Əliyev Ulu Öndərimizin gördüyü möhtəşəm işləri eyni qətiyyət və prinsipallıqla davam etdirərək Azərbaycanı sabitlik və əmin-amanlıq adası kimi qoruyub saxlayır, Cənubi Qafqazın lider dövlətinə çevirərək iqtisadi qüdrətini və siyasi nüfuzunu daim artırıır. Bu gün Azərbaycan ayaqda möhkəm duran bir ölkədir, müstəqil ölkədir, müstəqil siyasət aparan ölkədir, güclü iqtisadiyyata malik olan bir ölkədir. Azərbaycanın dövlət müstəqilliyi xalqımızın tarixi nailiyyətidir. Müstəqil dövlətimizin qədrini bilmək, onu qorumaq, inkişafına əlimizdən gələn köməyi, göstərmək hər birimizin müqəddəs borcudur.