YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əbədi və dönməz

“Mayın 10-da Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Prezident İlham Əliyev Şuşa şəhərindən etdiyi müraciət tarixi müraciət kimi dəyərləndirilməlidir. İlk növbədə, Qarabağın tacı, 44 günlük Vətən müharibəsində Zəfərimizin rəmzi olan Şuşa şəhərindən bu müraciətin edilməsi böyük məna daşıyır. Məlumdur ki, Ümummilli Liderimiz Heydər Əliyevin doğum gününü hər il xalqımız və dövlətimiz böyük təntənə, milli bayram səviyyəsində qeyd edir. Ulu Öndərin 100 illik yubileyi isə daha möhtəşəm oldu. Torpaqlarımızın azad edilməsi, o cümlədən Şuşanın azad edilməsinə görə Ulu Öndərimizin ruhu şaddır”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, Azərbaycan Prezidenti müraciətində Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı əvəzolunmaz xidmətlərindən geniş bəhs edib. Müasir Azərbaycanın tarixi Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Ulu Öndər Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycanda siyasi hakimiyyətə gəlişi xalqımızın yaddaşına möhtəşəm tərəqqiyə dönüş anı, şərəfli bir tarixin başlanğıc günü kimi həkk olunub. 1969-1982-ci illərdə ölkənin sosial-iqtisadi göstəricilərinin təhlili göstərir ki, zəngin təcrübəyə, nadir istedada malik Heydər Əliyevin rəhbərliyi altında respublikada istehsalın həcmi və məhsuldarlıq sürətlə yüksəlib, böyük nailiyyətlər qazanılıb. Qısa müddət ərzində Azərbaycan keçmiş ittifaq respublikaları arasında sosial-iqtsadi cəhətdən ön sıralara çıxdı, eləcə də milli mədəni və mənəvi intibah dövrü başladı. Haqlı olaraq deyilir ki, o dövrdə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə milli şüurun və milli özünüdərkin oyanışı baş verdi ki, bu da Azərbaycanı müstəqilliyə aparan yolun başlanğıcı idi. 

Millət vəkilinin sözlərinə görə, 1988-ci ildən başlanan və 1993-cü ilin ortalarına qədər baş verən proseslər göstərdi ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olmadığı müddətdə xalqımızın başına çox böyük faciələr gəldi, ermənilər tərəfindən torpaqlarımızın bir hissəsi işğal olundu, Azərbaycan məhv olmaq, parçalanmaq təhlükəsi ilə üz-üzə qaldı. Ona görə də, xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyev 1993-cü ilin iyun ayında ikinci dəfə hakimiyyətə gəldi. Çox ağır bir dövrdə dövlət idarəçilik sükanını öz əlinə alan Ulu Öndərimiz özünün cəsarəti, polad iradəsi, fədakarlığı nəticəsində bütün çətinlikləri qısa müddətdə dəf etdi, Azərbaycanı məhv olmaqdan xilas etdi. Biz haqlı olaraq Heydər Əliyevi xalqmızın xilaskarı kimi dəyərləndiririk. Bundan sonra isə ölkədə sabitlik təmin olundu, qanunsuz silahlı birləşmələr ləğv olundu, Azərbaycan tərəqqi yoluna çıxdı. Ulu Öndərimiz müstəqil Azərbaycan dövlətinin möhkəm təməlini, bünövrəsini yaratdı. Bu elə bir bünövrə oldu ki, dahi şəxsiyyətin özünün dediyi kimi Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi. 1993-cü ildən 2003-cü ilədək dahi liderimiz həyatını müstəqil dövlətimizin və xalqımızın inkişafına həsr etdi. O hakimiyyəti dövründə xalqımızın tərəqqisi, ölkəmzin güclənərək beynəlxalq miqyasda öz layiqli yerini tutması üçün titanik fəaliyyət göstərdi.

YAP İdarə Heyətinin üzvü qeyd edib ki, bu gün Prezident İlham Əliyev Heydər Əliyev yolunu uğurla davam etdirir. Dövlətimizin başçısının ötən illər ərzində həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın beynəlxalq müstəvidə nüfuzu əhəmiyyətli dərəcədə artıb, regional və qlobal enerji, eləcə də nəqliyyat layihələri ölkəmizin dünya üçün önəmini təsdiqləyib, dünya dövlətləri ilə bərabərhüquqlu əsaslarda münasibətlər qurulub. Həmçinin  nüfuzlu beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq həyata keçirilib. Məhz fəal diplomatiya sayəsində beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı sənədlər qəbul olunub, dünya ölkələri də Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bəyan ediblər. 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad edərkən də bu sənədlər hüquqi baza rolunu oynayıb. Vətən müharibəsi zamanı cənab İlham Əliyevin güclü strateq, cəsur və məğlubedilməz sərkərdə olduğu bir daha təsdiqləndi. Bununla da, cənab İlham Əliyev ATA vəsiyyətini yerinə yetirdi. Amma işğaldan azad edilmiş ərazilərimizi bərpa etmək hazırda qarşımızda dayanan ən ümdə vəzifədir. Artıq o torpaqlara artıq həyat qayıdır.

Pərvin Kərimzadə söyləyib ki, işğaldan azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdışın təmin olunması yeni strateji mərhələdə Azərbaycanın əsas prioritetləri sırasında yer alır. Söhbət bütünlüklə dağıdılmış ərazilərin minalardan təmizlənməsindən, şəhər və kəndlərin bərpasından, zəruri infrastruktur qurulmasından gedir. Prezident İlham Əliyevin müraciətində deyildiyi kimi, bütün quruculuq işlərinin təməlində Azərbaycan xalqının maraqları dayanır: “Qarabağ və Şərqi Zəngəzurda olarkən bir daha əyani şəkildə görə bilirsən ki, Qarabağ və Şərqi Zəngəzur dirçəlir, yollar, körpülər, tunellər, elektrik stansiyaları, su anbarları, məktəblər, xəstəxanalar, yaşayış binaları, məscidlər inşa edilir, yenidən qurulur və ya təmir olunur, elektrik xətləri çəkilir”. Cənab Prezident həmçinin vurğulayıb: “Azərbaycan Ulu Öndərin yolu ilə gedərək öz dövlət müstəqilliyini daha da möhkəmləndirib. Bu gün, sözün əsl mənasında, müstəqil xarici və daxili siyasət apara bilən ölkələrin sayı dünyada çox məhduddur. Azərbaycan o ölkələrdəndir ki, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Maliyyə resurslarımız, maddi vəziyyətimiz imkan verir ki, ancaq öz daxili resurslarımız hesabına yaşayaq və daxili resurslar hesabına Qarabağı, Zəngəzuru yenidən quraq”.

“Azərbaycan dövləti bu gün işğaldan azad edilmiş əraziləri bərpa etməklə yanaşı bütövlükdə regionda yeni təşəbbüslərlə çıxış edir. Vətən müharibəsində qələbə qazanan Azərbaycan regionda yeni reallıqlar yaradıb. Bu reallıqlar isə bölgədə sülh, təhlükəsizlik və əməkdaşlığın təmin olunmasına hədəflənib. Biz zaman-zaman Ermənistanın həm hərbi, həm də siyasi-diplomatik müstəvidə təxribatlarının şahidi oluruq. Lakin bu təxribatlar yeni reallıqları dəyişdirmək iqtidarında deyil. Çünki 44 günlük müharibədə qələbə qazanan, yeni reallıqlar yaradan Azərbaycan şərtləri diktə edir. Beləliklə, bugünkü müstəqil Azərbaycan məhz Heydər Əliyevin nurlu, parlaq zəkasının bəhrəsidir. Dövlətimiz Heydər Əliyev yolu ilə gedərək daha böyük nailiyyətlərə imza atacaq!”,-deyə Pərvin Kərimzadə vurğulayıb.