YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Təxminlər və proqnozlar

Elman Nəsirov

Milli Məclisin deputatı, YAP Təftiş Komissiyasının üzvü, siyasi elmlər doktoru, professor

Türkiyə Respublikasında may ayının 14-də həm prezident, həm də parlament seçkiləri keçiriləcəkdir. Bu seçkilər öz əhəmiyyəti baxımından tarixi hadisə kimi qiymətləndirilə bilər. Səbəbləri bəllidir. Birincisi, bu seçkilər xüsusi tarixi zamana - Türkiyə Cümhuriyyətinin 100 illiyinə təsadüf edir. İkincisi, seçkilərin nəticələri təkcə Türkiyə dövlətinin milli maraqları çərçivəsi ilə yekunlaşmır, milli sərhədləri aşaraq qlobal məna və məzmun kəsb edir. Üçüncüsü, Türkiyədə fevralın 6-da  baş vermiş dəhşətli zəlzələ və onun doğurduğu fəlakətlər seçki prosesinə birbaşa və ya dolayısıyla təsir göstərir.

Martın 16-da Türkiyədə prezident və parlament seçkiləri üzrə kampaniyaya rəsmən start verilmişdir. Türkiyənin Yüksək Seçim Qurumunun (YSQ) qərarına əsasən, prezidentliyə namizədliyin irəli sürülməsi prosesi martın 19-dan 23-dək davam etmişdir. Namizədlərin siyahısı martın 31-də dərc olunmuşdur. Aprelin 1-dən etibarən rəsmən  təbliğat-təşviqat prosesi başlanmışdır.

YSQ  tərəfindən dörd namizəd qeydə alınmışdır. Bunlar hazırkı dövlət başçısı, hakim AK Partiyanın sədri və “Cumhur İttifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının sədri və “Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğlu, Məmləkət Partiyasının sədri Muharrem İncə və “Ata İttifaqı”nın namizədi Sinan Oğandır. Sonuncu iki namizəd parlamentdə təmsil edilməyən siyasi təşkilatlar tərəfindən irəli sürüldüyü üçün, müvafiq qanunun tələbinə əsasən, 100 min imza toplayaraq qeydə alınmışlar.

Türkiyənin 81 əyalətində 195 min seçki məntəqəsi fəaliyyət göstərəcəkdir. Bu siyasi kampaniyada 64 milyondan çox seçicinin səs verəcəyi proqnozlaşdırılır.

Heç şübhəsiz, seçkilərdə hazırkı Prezident Rəcəb Tayyib Ərdoğanın qalib gəlmək şansı daha yüksək qiymətləndirilir. O, seçkilərə  tərkibinə Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası və Yenidən Rifah Partiyası daxil olduğu “Cümhur İttifaqı” ilə qatılmışdır. Hür Dava Partiyası da Rəcəb Tayyib Ərdoğanın namizədliyini dəstəklədiyini bildirmişdir.

Sədri olduğu Ədalət və İnkişaf Partiyasının (AK Parti) Türkiyə Böyük Millət Məclisinin qrup toplantısında çıxış edərək “Türkiyəni inkişaf və güclənmək yolundan onları heç kimin saxlaya bilməyəcəyini ”diqqətə çatdıran cənab Ərdoğan vurğulamışdır ki, mərhum Menderes 1950-ci il mayın 14-də "Bəsdir daha, söz millətindir!" deyərək millətin qəlbinə girmiş və seçkilərdən qalib çıxmışdır. "Millətimiz 73 il sonra bir daha eyni gün müstəmləkədə qalmaq həvəsində olanlara "Bəsdir!" deyəcək. Söz də, qərar da, gələcək də millətindir. 2023-cü ildə də millətimizdən dəstək istəyirik”.

Türkiyə Respublikasının 12-ci Prezidenti Rəcəb Tayyib Ərdoğanın seçki prosesində növbəti dəfə millətindən dəstək istəməsi üçün tam mənəvi haqqı vardır. 2003-2014-cü illərdə Türkiyə Respublikasının Baş naziri, 2014-cü ildən isə Türkiyə Respublikasının Prezidenti olan Rəcəb Tayyib Ərdoğan təsadüfi deyildir ki, ölkəsinin inkişafı və tərəqqisi, habelə beynəlxalq təhlükəsizliyin təminatı yolunda atdığı misilsiz addımlarına görə “Zəmanəmizin Atatürkü” hesab olunur.

Cənab Ərdoğanın rəhbəri olduğu Ədalət və İnkişaf Partiyasının hakimiyyətdə olduğu son 20 il ərzində Türkiyə əsrə bərabər inkişaf yolu keçmişdir. Türkiyə G-20 daxilində ÜDM-nin artım tempinə görə ilk beşliyə daxildir. Türkiyə güclü iqtisadiyyata malik ölkə olaraq ÜDM-nin səviyyəsinə görə dünyada 18-ci yeri tutur. Bu göstərici ölkədə 736,716 milyard ABŞ dollarına bərabərdir. Ərdoğan hökuməti Cümhuriyyətin 100 illiyində-2023-cü ildə Türkiyəni dünyanın nəhəng 10-cu iqtisadiyatına çevirməyi hədəf seçmişdi. Məhz cənab Ərdoğanın həyata keçirdiyi köklü iqtisadi islahatların nəticəsi olaraq ölkəyə investisiya axını davamlı xarakter aldı, ÜDM son 20 il ərzində iki dəfə, ixracat isə 10 dəfə artmış oldu.

Dünyada peşəkar xidmət sahəsində nəhəng kompaniyalardan biri olan Pricewaterhouse Coopers (PwC)-in apardığı tədqiqatların nəticələrinə görə, 2030-cu ilədək Türkiyə iqtisadiyyatı dünyada 12-ci yerə yüksələcəkdir, ÜDM isə 2, 996 trln ABŞ dollarına bərabər olacaqdır.

“Uzağagedən baxış: 2050-ci ilədək qlobal iqtisadi sistem necə dəyişəcək” adlı digər mühüm bir tədqiqatın təqdimatında isə vurğulanır ki, Türkiyə 2050-ci ilədək dünyanın 10 aparıcı iqtisadi dövləti arasında dominant mövqeyə malik olacaqdır. Tədqiqat işində o da xüsusi olaraq qeyd olunur ki, 2,996 trln. dollarlıq ÜDM-yə malik olacaq Türkiyə bu göstərici ilə İtaliyanı (2,541 trln dollar) və Cənubi Koreyanı (2,651 trln dollar) üstələyəcəkdir. Eyni tədqiqat işində o da vurğulanır ki, 2050-ci ildə Türkiyədə ÜDM-nin 5 trln-dan çox olacağı proqnozlaşdırılır.

Təsadüfi deyildir ki, Türkiyə Prezidentinin təşəbbüsü və rəhbərliyi altında ölkədə həyata keçirilən dərin islahatları yüksək qiymətləndirən Avropanın nüfuzlu “European Voice” qəzeti 2004-cü ildə cənab Ərdoğanı “İlin avropalısı” adına layiq görmüşdür.

Onu da xüsusi olaraq qeyd edək ki, Ərdoğan hökumətinin 2023-cü illə bağlı strateji planların əsasında həm də Türkiyə iqtisadiyyatının daha da şaxələndirilməsi, milli müdafiə sənayesinin inkişafı, Avropa və Asiya ilə əlaqələrin daha da yüksək səviyyəyə çatdırılması kimi məsələlər dayanır. Türkiyənin Xəzinədarlıq və Maliyyə Nazirliyinin 2023-2025-ci illəri əhatə edən Ortamüddətli Proqramında (MTP) bildirilir ki, inflyasiya hədəfi 2023-cü ildə 24,9%, 2024-cü ildə isə 13,8% səviyyəsində müəyyən edilmişdir. 2023-cü il üçün iqtisadi artım hədəfi 5%, 2024 və 2025-ci il üçün 5,5% proqnozlaşdırılmışdır. MTP-yə görə, Türkiyədə işsizlik səviyyəsi 2023-cü il üçün 10,4%, 2024-cü ildə 9,9% və 2025-ci il üçün 9,6%-ə enəcəkdir.

Eləcə də, Türkiyədə Milli Süni Zəka (SZ) Strategiyası (2021-2025) davam etdiriləcəkdir. Bəlli olduğu kimi, Strategiya 11-ci İnkişaf Planı çərçivəsində Sənaye və Texnologiya Nazirliyi və Prezident Administrasiyasının aidiyyəti ofisi tərəfindən birgə hazırlanmışdır. Sənəddə Türkiyənin 2025-ci ildə SZ sahəsində nail olmağı planlaşdırdığı hədəflər yer almışdır. Son illərdə əldə olunan uğurlar, yeni texnologiyaya əsaslanan silahların hazırlanması isə bu hədəflərin uğurla həyata keçirildiyini deməyə əsas verir.

Türkiyə son 20 il ərzində məhz cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında NATO çərçivəsində ikinci hərbi güc sahibinə çevrilmişdir. Məhz cənab Ərdoğanın xarizmalı və qətiyyətli lider olması sayəsində Türkiyə dünya siyasətində regional oyunçudan qlobal aktora çevrilmişdir. Dünya liderlərinin həll edə bilmədiyi qlobal təhlükəsizlik məsələlərinin tənzimlənməsində Prezident Ərdoğanın xidmətləri misilsizdir. Rusiya-Ukrayna müharibəsi kontekstində Yaxın Şərqdə və Afrika Ölkələrində yaranmış ciddi buğda qıtlığı böhranının aradan qaldırılmasında Türkiyə liderinin fəaliyyəti həlledici rol oynamışdır. Eyni zamanda Rusiya-Ukrayna dialoqunun təşkil olunması sahəsində də cənab Ərdoğanın atdığı addımlar “köhnə qitə”də sülh prosesinə ciddi töhfə olmuşdur. Bundan savayı, təxminən 4 milyon nəfərə qədər suriyalı qaçqına qucaq açıb, onların bütün təminatını üzərinə götürməklə, Türkiyə Prezidenti həm də Avropanı böyük miqrasiya böhranından hifz etmişdir. Təsadüfi deyildir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev martın 16-da şəxsi təşəbbüsü ilə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə xüsusi olaraq vurğuladı ki, “Türkiyə son 20 ildə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük və şərəfli yol keçmiş, dünyada söz sahibi olmuş, güc mərkəzinə çevrilmişdir. Bu gün dünyada Türkiyə ilə hesablaşırlar və ona hörmət edirlər. Türkiyənin hərbi gücünü, müdafiə sənayesi sahəsində böyük uğurlarını indi dünyada hər kəs görür. Bu illər ərzində Türkiyədə davamlı sabitliyin təmin olunması, ölkənin inkişafı bütün Türk dünyası üçün önəmli şərtdir.

2022-ci ildə Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilmiş Zirvə görüşündə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi onun Türk dünyasının gücləndirilməsində böyük xidmətlərini bir daha sübut edir.”

Eyni zamanda dövlətimizin başçısı cənab İlham Əliyev həmin yüksək səviyyəli tədbirdə Türkiyəni dünyada mühüm güc mərkəzlərindən birinə çevirmiş cənab Rəcəb Tayyib Ədoğanın qarşıdakı prezident  seçkilərində növbəti dəfə xalqın mütləq əksəriyyətinin etimadını qazanaraq qalib gələcəyinə inamını ifadə edərək bildirdi ki, ”Əminəm ki, əziz qardaşım bundan sonra da uzun illər ölkələrimiz arasındakı qardaşlıq əsasında qurulmuş əlaqələrin daha da möhkəmləndirilməsinə böyük töhfələr verəcəkdir.”

Bu inam və etimadın əsasında çox ciddi amillər dayanır. Tarixən dost və qardaş olan dövlətlərimiz və xalqlarımız arasındakı münasibətlər məhz iki nəhəng liderin-Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın yorulmaz və titanik fəaliyyəti sayəsində indiki pik səviyyəyə-strateji müttəfiqlik və hərbi müttəfiqlik səviyyəsinə yüksəlmişdir. 2021-ci il, 15 iyun tarixində hər iki liderin imzaladığı tarixi “Şuşa bəyannaməsi” təkcə münasibətlərimizin ali səviyyəsinin göstəricisi deyil, eyni zamanda düşmən qüvvələrə öz yerini göstərən bir addımdır.

Qardaş Türkiyə dövləti 44 günlük Vətən müharibəsinin ilk anından başlayaraq Azərbaycanın yanında oldu, ölkəmizə böyük mənəvi və siyasi dəstək göstərdi. Xüsusilə cənab Ərdoğanın Türkiyə Silahlı Qüvvələrinin Ali Baş Komandanı olaraq müharibənin davam etdiyi dövrdə verdiyi bəyanatlar üçüncü dövlətlərin Ermənistanın yanında yer almaq niyyətlərinin qarşısını aldı.

Başqa sözlə, dostluq və qardaşlığımız hər zaman olduğu kimi, növbəti dəfə də tarixin sınağından şərəflə çıxdı. Eyni məntiqlə Türkiyədə baş vermiş zəlzələnin fəlakətli nəticələrinin aradan qaldırılması prosesində Azərbaycanın verdiyi mühüm töhfə tam məntiqi və qanunauyğundur.

Prezident İlham Əliyevin vurğuladığı kimi, “Azərbaycan hökuməti və xalqı zəlzələ baş verən andan qardaş Türkiyəyə humanitar yardımlar etmək üçün səfərbər olmuşdur. Azərbaycandan 940 nəfər, o cümlədən xilasedicilər, tibb personalı və könüllülər zəlzələ bölgəsinə göndərilmişdir. Türkiyəyə göndərilən xilasedicilərin sayına görə Azərbaycan dünya ölkələri arasında birinci yerdə olmuşdur. Xilasedicilərimizin və həkimlərimizin səyi nəticəsində dağıntılar altından 53 nəfər sağ çıxarılmışdır. Həmçinin 780 nəfərin cəsədi dağıntılar altında aşkar edilmişdir. Tibb personalımız ümumilikdə 3 mindən artıq şəxsə tibbi xidmət göstərmişdir. Bu günə qədər 45 milyon ABŞ dollarından artıq vəsait AFAD və digər humanitar qurumların bank hesabına köçürülmüşdür. Bununla yanaşı, qardaş Türkiyəyə 5320 ton humanitar yardım çatdırılmışdır.”

Xüsusilə vurğulamaq lazımdır ki, Heydər Əliyev Fondu Türkiyədə baş verən zəlzələyə ilk reaksiya verən təşkilatlardan biri oldu. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə Türkiyədəki zəlzələ bölgəsinə fevralın 6-dan martın 15-dək olan məlumata görə 2518 çadır, 135 elektrik generatoru, 19 min 894 ədəd yataq və yataq ləvazimatı, 404 min 58 adda dərman və tibbi ləvazimat, 143 min 955 dəst isti geyim, 2653 qızdırıcı avadanlıq, 6603 qutu ərzaq və qida məhsulu və digər zəruri əşyalar alınaraq göndərilmişdir. Ümumilikdə Heydər Əliyev Fondu tərəfindən Türkiyənin zəlzələ bölgəsinə 9 milyon 485 min 563 manat (5 milyon 579 min 743 dollar) məbləğində yardım göstərilmişdir.

Bütün bunlardan savayı, Azərbaycan Türkiyənin zəlzələ bölgəsində 100 milyon ABŞ dolları məbləğində yaşayış binalarının, sosial obyektlərin və təhsil ocağının tikintisini həyata keçirəcəkdir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələnin baş verdiyi ilk anlardan dövlətin bütün resurslarını səfərbər edərək təbii fəlakətin ağır nəticələrinin aradan qaldırılması prosesinə başladı. Zəlzələ bölgələrinə çoxsaylı səfərlər edərək, insanlara hərtərəfli dəstəyin göstərilməsi kimi olduqca mürəkkəb prosesinin uğurlu təminatı üçün bütün mümkün vasitə və mexanizmləri işlək vəziyyətə gətirdi. Prezident Ərdoğan zəlzələdən böyük ziyan çəkmiş yaşayış məntəqələrində insanlar qarşısında çıxış edərkən inamla bildirirdi ki, ”cəmisi 1 il ərzində 319 min ev tikib qanuni sahiblərinə təhvil verəcəyik, bütövlükdə isə 650 min ev tikəcəyik.”

Göründüyü kimi, Prezident Rəcəb Tayyib Ərdoğan təbii fəlakətin müdhiş nəticələrinin aradan qaldırılmasına siyasi fəaliyyətinin prioritet məsələsi kimi yanaşır, bu istiqamətdə konkret öhdəliklər götürür və onların icrası üçün xalqından növbəti dəfə mandat almaq niyyətini ortaya qoyur. Eyni zamanda zəlzələ nəticəsində həlak olmuş və yaralanmış insanlara ehtiram əlaməti olaraq aparacağı seçki kampaniyası dövründə musiqidən istifadə olunmayacağını bəyan edir.

Təəssüf ki, eyni yanaşma tərzi müxalifət düşərgəsi üçün yaddır. Onlar  dəhşətli zəlzələnin yaratdığı olduqca mürəkkəb şəraitdən belə öz siyasi məqsədləri üçün yararlanmaqdadırlar. Zəlzələnin fəlakətli nəticələrini aradan qaldırmaq üçün ümummilli həmrəylik göstərmək əvəzinə, iqtidarı hər məsələdə, hətta təbii fəlakətin baş verməsində belə ittiham etməkdədirlər. Xalqın faciəsi üzərində siyasi divident qazanmaq yolunu tutublar. Xalq isə hər şeyi görür. Kimin kim olduğunu çox gözəl bilir. Əslində bu davranışları ilə onlar təkcə hakimiyyətə deyil, həm də xalqa qarşı müxalifətdə olduqlarını təsdiqləmiş oldular. Heç şübhəsiz, bu davranış siyasi müxalifətin seçkilərdə məğlubiyyətini şərtləndirən əsas amil ola bilər.

Haqqında bəhs olunan müxalif düşərgəni təmsil edən 6 siyası partiya “Millət İttifaqı”nda və ya “Altılı masa”da birləşmişdir. Bura Kamal Kılıçdaroğlunun sədrlik etdiyi Cümhuriyyət Xalq Partiyası (CHP), Meral Akşenerin sədrlik etdiyi İyi Partiya (İYİ), Temel Karamollaoğlunun sədrlik etdiyi Səadət Partiyası (SP) və Gültekin Uysalın sədrlik etdiyi Demokrat Partiyası (DP), həmçinin Ədalət və İnkişaf Partiyasından istefa verib, yeni partiyalar yaradan keçmiş baş nazir Ahmet Davutoğlunun Gələcək Partiyası və sabiq xarici işlər və iqtisadiyyat naziri olmuş Ali Babacanın Demokratiya və Atılım Partiyası (DEVA) daxildir. Faktiki olaraq mart ayının 6-dək müxalif düşərgəsi vahid namizəd problemini həll edə bilmirdilər. Cümhuriyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlunun müxalifətin vahid namizədi ideyasına qarşı İyi Partiyanın rəhbəri Meral Akşenerin çıxış etməsi bu düşərgə daxilində ciddi mərkəzdənqaçma meyllərinin yaranmasını şərtləndirə bilərdi. Xanım partiya sədri müxalifətin vahid namizədi qismində heç də Kamal Kılıçdaroğlunu deyil, ya 2019-cu ildə İstanbulun meri seçilmiş Əkrəm İmamoğlunu, ya da həmin ildə Ankaranın meri kimi fəaliyyətə başlayan Mənsur Yavaşın namizədliyini dəstəkləyəcəyini bəyan etmişdir. Müxalifətdaxili aparılan qızğın müzakirələrin sonunda kompromis əldə edilmiş oldu. Meral Akşener müdafiə etdiyi hər iki namizədlə bağlı mümkün risklərin hesablanması qarşılığında mövqeyində dəyişiklik etmək məcburiyətində qaldı. Risklərin mahiyyəti ondan ibarətdir ki,  İstanbulun 54 yaşlı meri Əkrəm İmamoğlu daşıdığı vəzifəyə seçildikdən sonra YSQ üzvlərini “işini bilməyən axmaqlar” adlandırmış və nəticədə qarşı tərəfin məhkəməyə müraciətinin nəticəsi olaraq onun həbsi və siyasi fəaliyyətinə xitam verilməsi ilə bağlı məhkəmə qərarı elan edilmişdir. Müvafiq hüquqi prosedurların icrası ilə əlaqədar o, hələ ki, öz vəzifəsini icra edir, lakin istənilən an onun həbs oluna biləcəyi də istisna təşkil etmir. Deməli, sadalanan reallıqlar fonunda Əkrəm İmamoğlu müxalifətin vahid namizədi statusu üçün yararlı hesab olunmamışdır.

Ankaranın meri Mənsur Yaşar isə ölkədə milliyətçi imicinə malik siyasətçidir. Bu amil ölkədəki solçu və kürd seçiciləri ondan uzaqlaşdıran amil kimi qiymətləndirilmişdir. Bu səbəbdən onun da namizədliyi məqbul sayılmamışdır.

Nəhayət, qeyd edilən hər iki namizədin ölkənin strateji əhəmiyyətli şəhərlərinin meri olması reallığı da öz sözünü demişdir. Müxalifət bu şəhərlər üzərində idarəçiliyin iqtidarın nəzarətinə keçə bilməsi ehtimalının real məzmun kəsb edə biləcəyindən ehtiyatlanmışdır. Bundan savayı, müxalifətin vahid namizədi Kamal Kılıçdaroğlunun qalib gələcəyi təqdirdə adları çəkilən hər iki merin ölkənin vitse-prezidentləri təyin olunacaqları vədi də, yəqin ki, həm Meral Akşeneri, həm Əkrəm İmamoğlunu, həm də Mənsur Yavaşı məlum güzəştə getməyə vadar edən amillərdən olmuşdur. “Millət İttifaqı” seçkidə qalib gələcəyi təqdirdə bütövlükdə beş müxalifət partiyasının liderlərinin gücləndirilmiş parlamentar sistemə keçid prosesində vitse-prezident olacağını açıqlamışdır.

 İlk turda prezident seçilmək üçün etibarlı səslərin 50 faizindən çoxunu almaq tələb olunur, əks halda ən çox səs yığmış iki namizəd ikinci tura (28 may) çıxa bilər.

Partiyalar 600 nəfərlik parlamentə – Türkiyə Böyük Millət Məclisinə düşmək üçün təkbaşına və ya ittifaq daxilində ölkə üzrə etibarlı səslərin azı 7 faizini qazanmalıdırlar.

YSQ 36 partiyanın seçkilərdə iştirakını təsdiqləmişdir. Namizədlərin rəsmi siyahısı aprelin 19-da açıqlanmışdır.

Beləliklə, Türkiyədə keçiriləcək prezident və parlament seçkiləri ilə bağlı yuxarıda apardığımız təhlil və analizlər bir sıra nəticələrə gəlməyə, təxmin və proqnozlar irəli sürməyə imkan verir.

Birincisi, son 20 ildə Türkiyənin hərtərəfli inkişafı və dünyanın güc mərkəzlərindən birinə çevrilməsi Prezident Rəcəb Tayyib Ərdoğan və onun rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının adı ilə bağlıdır. Qədirbilən Türkiyə xalqının gözü tərəzidir. Xalq heç vaxt seçimində yanılmır. Xalqın növbəti dəfə cənab Rəcəb Tayyib Ərdoğana və onun rəhbərlik etdiyi “Cümhur İttifaqı”na səs verəcəyi şübhə doğurmur.

İkincisi, müxalif “Millət İttifaqı”seçkilərdə heç də daxilən monolit qüvvə kimi iştirak etmir. Onların vahid namizədi  Kamal Kılıçdaroğlunun sol təmayüllü siyasi cərəyandan gəlməsi amilini nəzərə alsaq, onun sağ mənşəli mühafizəkar Anadolu seçicilərindən geniş dəstək ala bilməyəcəyi proqnozlaşdırılandır. Obyektivlik naminə onu da qeyd edək ki, bu “ittifaq” öz mahiyyəti etibarilə “məqsədli nigah”ı xatırladır. Seçkilərdə qalib gəlmək naminə diametral fərqli siyasi əqidə və baxışların daşıyıcısı olan siyasi partiyaların bir araya gəlməsi müvəqqəti xarakter daşıyır və seçkilərdə məğlubiyyət faktı kifayətdir ki, onların parçalanması və müxtəlif siyasi qütblərdə yer alması baş tutsun. Bu yerdə “Millət İttifaqı”nın üzvü, İyi Partiyanın rəhbəri Meral Akşenerin müxalifətin durumu ilə bağlı acı etirafını xatırlamaq yerinə düşər: “Təəssüflə demək istəyirəm ki, altılı masa millətin iradəsini, qərarlarını əks etdirmək qabiliyyətini itirmişdir. Bu qurum ümumi ağıl platforması olmaqdan çıxmışdır. Alternativlərin qara siyahıya salındığı notarius kontoruna çevrilmişdir. Biz qumar masasında və ya notarius masasında olmayacağıq. Şəxsi ambisiyaları Türkiyədən üstün tutdular.” Zənnimizcə, əlavə şərhə ehtiyac yoxdur.

Nəhayət, hipotetik baxımdan onu da qeyd edək ki, əgər Türkiyədə keçiriləcək prezident seçkilərində Azərbaycan xalqının iştirak etməsinin hüquqi əsasları olsaydı, seçicilərimizin mütləq əksəriyyəti məhz Rəcəb Tayyib Ərdoğanın lehinə səs verərdi və onu növbəti dəfə siyasi hakimiyyətin olimpinə yüksəldərdi.