YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycançılıq məfkurəsinin yaradıcısı

Rövlan Heydərov

YAP Naftalan şəhər təşkilatının sədri

Tarixin müxtəlif dövrlərində çətin sınaqlardan çıxan Azərbaycanı bu gün bütün dünya müstəqil dövlət kimi tanıyır. Təbii ki, Azərbaycanın bu günə gəlib çatmasında xalqımızın böyük oğlu, Ümummilli Lider Heydər Əliyevin böyük rolunu xüsusi vurğulamaq lazımdır. O, hələ sovetlər dönəmində ölkəmizə rəhbərlik etdiyi illərdə həyata keçirdiyi uğurlu siyasət sayəsində Azərbaycanın davamlı inkişafını təmin edib. Həyatının böyük hissəsini Azərbaycanın inkişafına həsr edən xalqımızın əvəzolunmaz övladı Heydər Əliyev Azərbaycan dövlətçilik tarixinin tamamilə yeni bir mərhələsini yaratmış böyük siyasətçi və tarixi şəxsiyyət kimi qəlblərdə əbədi yaşayır və bundan sonra da yaşayacaqdır.

2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam oldu. Ölkə Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında imzaladığı mühüm Sərəncam dahi şəxsiyyətin 100 illik yubileyinə ən böyük töhfədir. Bu Sərəncam eyni zamanda, xalqımızın dahi rəhbərinə olan sonsuz hörmət və ehtiramını, sevgisini bir daha çatdırmaq, Ulu Öndərin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərini gələcək nəsillərə ötürmək üçün bizlərə geniş imkan yaradır.

2023-cü il “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin çoxsahəli fəaliyyətinin və dövlətçilik təfəkkürünün təbliği məqsədilə görüyü işləri, misilsiz xidmətləri, tematik sitatları xatırlamaq yerinə düşərdi. “Ulu Öndər Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” deyəndə Azərbaycan xalqının həyatında və dövlətçilik fəaliyyətində müstəsna xidmətləri olan bir şəxsiyyətin bu sahədə gördüyü işlər hər birimizin gözü önündə canlanır. 

Ulu Öndər Heydər Əliyev hələ respublikamıza birinci rəhbərliyi dövründə azərbaycançılıq məfkurəsi istiqamətində çox böyük, həm də qətiyyətli addımlar atmışdı. Azərbaycan tarixinin, dilinin, ədəbiyyatının, mədəniyyətinin hərtərəfli şəkildə və dərindən öyrənilməsi, təbliği, gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsində, milli şüurun dirçəlişi, ümumən, bütün sahələrdə azərbaycançılıq amalının möhkəm, etibarlı bazasının formalaşdırılması yönündə həyata keçirilən qətiyyətli tədbirlər məhz Ulu Öndərin parlaq dühası, ardıcıl səyləri sayəsində reallaşmışdı.

Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin fəlsəfi, siyasi mənası olduqca dərindir. Azərbaycançılıq milli həmrəyliyi, bütövlüyü təmin edən, milli təəssübkeşlik və vətənpərvərlik hissini gücləndirən məfkurədir. Ümummilli Liderin müəllifi olduğu, sistemləşdirdiyi azərbaycançılıq ideologiyası təkcə bu ölkənin ərazisində yaşayan insanları yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edərək dünya azərbaycanlılarının milli istinad mənbəyinə çevrilib.

Azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsini şərtləndirən tarixi-siyasi amillərin təsnifatını, xaricdə yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının qorunması sahəsində dövlətin qarşısında duran vəzifələri, onların Azərbaycana münasibətdə üzərinə düşən mənəvi öhdəlikləri, habelə azərbaycanlı anlayışının sosial-fəlsəfi məzmununu müəyyənləşdirən konsepsiyadır.

Ötən illər ərzində Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinə sadiq qalmış və onu inkişaf etdirmişdir. Belə ki, 1988-ci ildən Ermənistanla Azərbaycan arasında davam edən müharibə nəticəsində 20 faiz Azərbaycan torpaqlarının işğal faktını heç vaxt qəbul etməyən Azərbaycan münaqişənin birdəfəlik köklü həll olunması və ərazilərin işğaldan azad olunaraq köçkün və qaçqın soydaşlarımızın öz torpaqlarına geri qayıtması tələb kimi ortaya qoyulmuşdur. Bunun nəticəsi olaraq 2020-ci ildə 44 günlük müharibə dövründə biz Azərbaycan xalqının bir an belə dayanmadan necə vahid bir gücə çevrildiyinin və böyük əzm ilə vətəndaş borcunu göstərərək Müzəffər Orduya rəhbərlik edən Cənab Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşərək “Dəmir Yumruğa” çevrildiyinin şahidi olduq. Məhz azərbaycançılıq ideologiyası 30 ildən bəri davam edən münaqişənin bitməsinə və Azərbaycanın qələbə çalmasına yol açdı.

Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu müstəqil Azərbaycan dövləti bundan sonra da Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında uğurlara imza atacaq. 44 günlük Vətən müharibəsində şanlı Zəfər salnaməsi yazan Azərbaycan dövləti bundan sonra da adını bütün dünyaya güclü dövlət kimi yazdıracaqdır.