Xəbərlər
Müttəfiqlik formatını daha da gücləndirəcəyik

Rövşən Əhmədov
YAP Ağcabədi rayon təşkilatının sədri
Mayın 3-də Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransın Şuşada keçirilməsi erməni vandalizminin izlərinin və Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi bərpa və yenidənqurma işlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, eyni zamanda Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması üçün formalaşdırdığı sülh gündəliyinin nəzərdən keçirilməsi baxımından xüsusi əhəmiyyətə malik idi.
Konfransda iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev beynəlxalq məsələlərə münasibət bildirərək ölkəmizin mövqeyini iştirakçıların və dünya ictimaiyyətinin diqqətinə bir daha çatdırmışdır.
ABŞ-ın Ceymstaun Fondunun baş elmi işçisi Vladimir Sokorun Azərbaycanın Türkiyənin öz milli prioritetləri arasında ən yüksək prioritet daşıdığına dair sualını cavablandıran cənab Prezident bildirdi ki, “Türkiyə və Azərbaycanı rəsmi olaraq müttəfiq edən Şuşa Bəyannaməsi burada, Şuşada, bu binadan bir neçə metr aralıda imzalanmışdır. Bu, tarixi hadisə idi. Buna baxmayaraq, Azərbaycanla Türkiyə arasında münasibətlər de-fakto müttəfiq münasibətləri idi və biz bunu xüsusi olaraq son iyirmi ildə nümayiş etdirmişdik. Prezident Ərdoğanın Türkiyəyə rəhbərlik etdiyi son iyirmi ildə bizim münasibətlərimiz mənim onunla birgə səylərimiz nəticəsində təkcə qardaş xalqlar arasında deyil, eyni zamanda, müttəfiqlər arasında olan münasibətlərə çevrilmişdir”.
Azərbaycanın Türkiyənin hərbi müttəfiqi olmasından dolayı olaraq NATO-nun hərbi müttəfiqinə çevrilmişdir.
Dövlətimizin başçısı dünyaya bəyan etdi ki, “Azərbaycanla Türkiyə arasındakı gələcək münasibətlərə gəlincə, mən tamamilə əminəm ki, hər iki ölkə nəinki təkcə bu müttəfiqliyin formatını qoruyub saxlayacaq, hətta onu gücləndirəcəkdir. Çünki yeni geosiyasi reallıqda bu, artıq regional sabitliyin və təhlükəsizliyin mühüm amilinə çevrilib. İstər bu hərbi komponent, enerji, kommunikasiyalar, istərsə də ticarət və digər sahələr olsun. Mən çox nikbinəm və düşünürəm ki, Türkiyə və Azərbaycan arasında münasibətlərin qardaşlıq xarakterini heç nə dəyişməyəcək”.
Bu gün dünyadakı Türk düşmənlərini ən çox narahat edən məsələ Azərbaycan- Türkiyə müttəfiqliyinin gündən-günə möhkəmlənməsidir. Bu iki türk dövlətinin sıx, bərabərhüquqlu və səmərəli əməkdaşlığı zamanın hökmüdür, tariximizdən irəli gələn obyektiv zərurətdir. Böyük türk xalqının maraqlarının qorunması və etibarının yüksəldilməsi uğrunda aparılan mübarizədə qardaşların bir-birinə dəstək verməsindən başqa bir iş ola bilməz. Dünya sivilizasiyasının inkişafına böyük töhfələr vermiş olan böyük türk xalqı bu vəzifənin öhdəsindən layiqincə gəlir.