YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qüdrətli və qalib Azərbaycanın yaradıcısı

Vətəni sevmək, ona doğma ana kimi müqəddəs bağlılıq azərbaycanlı olaraq ən ali və ən müqəddəs dəyərlərimizdir. Həqiqətən də insan öz Vətəninə və doğma yurduna hədsiz bağlılıqla xoşbəxt ola bilər. Dahilərdən birinin qeyd etdiyi kimi bir ölkənin ərazi baxımdan böyüklüyü həqiqi ölçüsünü ifadə etmir və bir milləti millət edən torpaq deyil. Torpaq sadəcə anadır, Vətəndir. Torpağı, onun üstündə yaşayanları qoruyan, milləti millət edən isə  liderdir. Bütün dövrlərdə lidersiz bir xalqın yaşadığı ağrıları, acıları  görmək o qədər də çətin deyil.

Ötən əsrin sonlarında müstəqil Azərbaycanın ictimai- siyasi həyatına nəzər salanda lidersizlik mühitinin yaratdığı faciələri, xaosu və vətəndaş itaətsizliyini aydın görmək mümkündür. Əgər həmin dönəmdə xalqımızın Heydər Əliyev kimi lideri olmasaydı, bugünkü müstəqil Azərbaycanın varlığı şübhə altında idi.

Ən ağır gündə ulu öndər Heydər Əliyev canından artıq sevdiyi Azərbaycana, xalqımıza sahib çıxaraq müstəqilliyimizi qorumaqla kimin kim olduğunu nümayiş etdirdi. Bu böyük şəxsiyyət könülləri əbədi fəth edərək əsl xilaskar  kimi millətimizi və dövlətimizi yıxılmağa qoymadı.

Bu fikirləri Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru, siyasi şərhçi Emin Bağırov bildirib.

E.Bağırov qeyd edib ki, ulu öndər Heydər Əliyevin Vətən və millət qarşısındakı misilsiz tarixi xidmətləri daim xatırlanır və  hər zaman hörmətlə yad edilir. Ümummilli liderin Azərbaycan rəhbəri kimi gördüyü tədbirlər xalqın yaddaşının özünə qayıdışı, milli özünüdərkin, milli ruhun hədsiz yüksəlişinin təmin olunması baxımından mühüm önəm daşıyır. Dahi şəxsiyyətin gərgin fəaliyyəti ilə Azərbaycanda coşqun quruculuq layihələri, sənaye və kənd təsərrüfatında, o cümlədən mədəniyyət və təhsil sahələrində görülən islahatlar nəticəsində əldə olunan uğurlar bugünkü nailiyyətlərimizin təməli kimi dəyərləndirilir.

Ümummilli lider xalqımızın müstəqillik yolunda qarşılaşacağı çətinlikləri o dövrlərdə uzaqgörənliklə nəzərə alaraq, problemləri sovet represiya maşınının sərt təzyiqləri fonunda dəqiq təhlil edir, tarixi layihələrini gerçəkləşdirirdi. Məsələn, xalqımızın böyük oğlu Azərbaycana rəhbərliyinin birinci dönəmində müstəqilliyimizi bərpa edəcəyini əvvəlcədən görərək, Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi  məktəb yaratdı və minlərlə azərbaycanlı gəncin bu təhsil ocağında hərb sənətinin sirlərinə  yiyələnmələrinə əlverişli şərait yaratdı. Nəticədə təcavüzkar Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınmasında, xalqın haqlı olaraq “Heydər Əliyev məktəbi” adlandırdığı indiki Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunları misilsiz qəhrəmanlıqlar nümayiş etdirdilər.

1969-1982-ci illərdə Vətənini, xalqını hədsiz məhəbbətlə sevən böyük öndərimizin bilavasitə şəxsi təşəbbüsü ilə müasir Azərbaycan memarlığının şah əsərləri sayılan və respublikamızın siyasi- mədəni həyatında böyük əhəmiyyəti olan saraylar, öz görkəmi ilə şəhərə xüsusi gözəllik verən neçə-neçə möhtəşəm binalar, həmçinin xalqımızın tarixində mühüm rol oynamış şəxslərə əzəmətli heykəllər ucaldıldı. Bununla yanaşı, iqtisadiyyat inkişaf etdirildi, yeni sənaye müəssisələri işə salındı, kənd təsərrüfatındakı böhran aradan qaldırıldı.  

Bu məqamda onu da deyim ki, ulu öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonrakı dövr əslində respublikamızı müstəqil dövlət quruculuğuna aparan yolun başlanğıcı idi. Başqa sözlə, ötən əsrin 70-ci illərindən başlanan iqtisadi inkişaf, milli-mədəni dirçəliş, özünüdərk və milli ruhun yüksəlişi xalqımızın illərdən bəri qəlbində yaşatdığı dövlətçilik ideyasının milli-azadlıq mübarizəsində əsas hərəkətverici qüvvəyə çevrilməsinə mühüm zəmin yaratdı.

Müstəqilliyin ilk illərində isə ölkədə hökm sürən xaos sosial-iqtisadi böhranı daha da dərinləşdirmiş və ölkə iqtisadiyyatı acınacaqlı vəziyyətə düşmüşdü. Yeni dövrün tələblərinə uyğun iqtisadiyyatın olmaması, yerli və keçmiş SSRİ miqyasında fəaliyyət göstərən müəssisələr arasında mövcud əlaqələrin pozulması, ölkənin siyasi-iqtisadi və informasiya blokadasına alınması nəticəsində ölkə məhvə doğru gedirdi. Belə ki, 1990-cı illərin əvvəllərində ÜDM-in, sənaye istehsalının, xarici ticarət dövriyyəsinin həcmi azalmış, həmçinin inflyasiya idarəolunmaz səviyyəyə çatmışdı.  

Azərbaycanın gələcək taleyinin müəyyənləşdiyi belə bir ağır və çətin zamanda bütün həyatını xalqına həsr etmiş Heydər Əliyev hakimiyyətə qayıdışı ilə böyük xilaskar missiyasını yerinə yetirdi. Bununla da xalqımızın itirilmiş inamı özünə qaytarıldı, ölkədə yeni inkişaf dövrünün əsası qoyuldu, xaos və böhran sona çatdı, vətəndaş müharibəsinin qarşısı alındı və atəşkəsə nail olundu.

Hakimiyyətə “Mən Azərbaycanın müstəqilliyini Azərbaycan xalqı üçün böyük nailiyyət hesab etmişəm və bu müstəqilliyin əldə olunmasına xidmət etmişəm. Bundan sonra ömrümün qalan hissəsini də Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, inkişaf etməsinə sərf edəcəyəm” prinsipi ilə qayıdan dahi şəxsiyyət ömrünün sonunadək bu strateji xəttə sadiq qaldı. Bu gün isə tam əminliklə deyə bilərik ki, əgər o vaxt ölkədə baş verən hadisələrə ümummilli lider müdaxilə etməsəydi,  Azərbaycan adlı dövlət hazırda dünya xəritəsində olmazdı.

Alim sonda qeyd edib ki, 100 illik yubileyini coşqu ilə qeyd etdiyimiz böyük azərbaycanlı, xalqımızın əvəzsiz övladı Heydər Əliyev Azərbaycanın ən böyük sərvətdidir. Əbədiyyət simvolu kimi ulu öndər Heydər Əliyev  canından artıq sevdiyi Azərbaycanın və azərbaycanlıların qəlbində həmişə yaşayacaq, sevgi ünvanı kimi and yerimiz olacaq. Onu qədirbilənliklə anmaq  və xatirəsini həmişə qeyd etmək hər birimizin vətəndaşlıq borcudur.