YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dostluq və qardaşlıq rəmzi

Sədaqət Vəliyeva

Milli Məclisin deputatı

Bu gün dünya ölkələri arasında inamsızlığa, ikiüzlü siyasəta hətta bir zaman dost və tərəfdaş olan ölkələrin müharibəsinə şahidlik edirik. Mütərəqqi və qürurlu haldır ki, bütün bu  neqativ hallar fonunda Azərbaycan-Türkiyə qardaşlığı günü-gündən daha da inkşaf edir, dərinləşir və möhkəmlənir. Tarix boyu Azərbaycan-Türkiyə qardaşlığı kimi möhkəm, səmimi və dərin köklərə malik ikinci bir nümunəyə rast gəlinməmişdir. Dostluq və qardaşlıq rəmzinə çevrilmiş Azərbaycan-Türkiyə münasibətləri dünya ölkələrinə əsl nümunədir. Qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri əsasında qurulmuş və daima möhkəmlənən Azərbaycan-Türkiyə münasibətləri bu gün tarixinin ən yüksək zirvəsini yaşamaqdadır. İki ölkə arasındakı əlaqələrin sürətli şəkildə inkşaf edərək ali müttəfiqlik formasına qədər yüksəlməsi  ölkə liderləri Prezident İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yüksək siyasi bacarığının və liderlik qabiliyyətinin, uzaqgörən siyasətinin nəticəsidir.

Aprelin 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il sayca 3-cü dəfə qardaş Türkiyə Respublikasına səfər etdi. Səfər çərçivəsində ölkə başçımız İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə “TEKNOFEST” aerokosmik və texnologiya festivalında iştirak etdi. Eyni zamanda ölkə Liderləri zəlzələnin baş verdiyi Kahramanmaraş vilayətində Azərbaycan dövlətinin inşa edəcəyi min ev, məktəb, məscid və digər infrastruktur obyektlərindən ibarət yaşayış kompleksinin onlayn rejimdə təməlini qoydu. Bu, qardaşlığımızın dünyaya növbəti sübutu olmaqla yanaşı həm də anti-Azərbaycan və anti-Türk qüvvələrinə verilmiş bir mesaj idi: Sarsılmaz köklərə malik Azərbaycan-Türkiyə qardaşlığı əbədidir və iki qardaş ölkə hər zaman bir-birinin yanındadırlar.

“TEKNOFEST” festivalında çıxış edən Prezident İlham Əliyev ölkələrimiz arasındakı yüksək əlaqələrdən, dostluq və qardaşlıq münasibətlərindən bəhs etdi. Daha sonra Ali Baş Komandanımız Türkiyənin İkinci Qarabağ Müharibəsinin ilk dəqiqələrindən etibarən son dəqiqələrinə kimi Azərbaycanın yanında olduğunu və bu dəstəyin Azərbaycana əlavə güc və ruh verdiyini diqqətə çatdırdı. Ölkəmizin başçısı Türkiyənin son 20 il ərzində böyük və şərəfli yol keçdiyini, dünya miqyasında söz sahibinə çevrildiyini eyni zamanda qardaş Ölkənin bölgədə sülhün, sabitliyin və təhlükəsizliyin qarantı olduğunu vurğuladı.

Prezident İlham Əliyev xalqımızın Ulu Öndəri, Türk Dünyasının böyük oğlu Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırlayaraq əlavə də etdi: “Bir millət, iki dövlət, bir yumruq!” Bəli, Azərbaycan-Türkiyə birliyinin simvoluna çevrilən bu yumruq həm də birliyimizi gözü götürməyənlərin başına enəcək.

Ümumilikdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasına səfəri Azərbaycan-Türkiyə qardaşlığının dünyaya növbəti sübutu olmaqla yanaşı bütün Türk Dünyasına böyük qürur yaşatdı.Tanrı xalqlarımızı, ölkə Liderlərimiz cənab İlham Əliyevi və cənab Rəcəb Tayyib Ərdoğanı qorusun! Düşmənə göz dağı olan dostluğumuz və qardaşlığımız əbədidir!