YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Möhtəşəm uğurlarımızın təməlində Heydər Əliyev ideyaları dayanır

“Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində YAP Nərimanov rayon təşkilatı mayın 2-də “Heydər Əliyev - bir əsrə sığmayan ömür” mövzusunda tədbir keçirib.

Əvvəlcə Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin məzarı ziyarət olunub, məzarın önünə gül dəstələri düzülüb, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla anılıb.

Tədbirdə Azərbaycan Dövlət Xor Kapellasının ifasında Dövlət Himni səsləndirilib.

Sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev bildirib ki, Heydər Əliyev irsi milli dövlətçilik tarixidir, çünki o, bir-birindən kəskin fərqlənən iki ayrı dövrdə - həm SSRİ dönəmində, həm də müstəqillik illərində respublikamıza uğurla rəhbərlik edib, milli tərəqqini – iqtisadi inkişafı, mədəni intibahı və siyasi yüksəlişi təmin etməyə müvəffəq olub. S.Vəliyev vurğulayıb ki, Ümummilli Liderin iki fərqli dövrdə gördüyü işlər Azərbaycanın siyasi simasını, milli obrazını formalaşdırıb: “Müasir müstəqil Azərbaycan dövləti Ümummilli Lider Heydər Əliyevin şah əsəridir. Bugünkü qüdrətli Azərbaycanın lideri, Müzəffər Ali Baş Komandan İlham Əliyev məhz Ulu Öndərin yolunu davam etdirərək qalib sərkərdə kimi adını qızıl hərflərlə tarixə yazdırdı, xalqımızın Qarabağ arzusunu yerinə yetirdi”.

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev deyib ki, Ümummilli Lider öz həyatını müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna qovuşmasına həsr edib. E. Həbibullayev müstəqil Azərbaycan dövlətinin uğurlarının təməlində Heydər Əliyev ideyalarının dayandığını və Ulu Öndərin uzaqgörən siyasətinin Azərbaycanı gələcəyə inamla aparan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib.

Daha sonra videoçarx nümayiş olunub.

Tədbirdə YAP Veteranlar Şurasının üzvü, tarix elmləri doktoru, professor Dilarə Seyidzadə dahi şəxsiyyət Heydər Əliyevlə birgə çalışdığı illərdən və xatirələrdən geniş bəhs edərək Onun dövlətçilik və idarəçilik prinsiplərinin mükəmməlliyini, dünya liderləri arasında nə qədər böyük nüfuz sahibi olmasını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Azərbaycanın Xalq şairi Nəriman Həsənzadə, Əməkdar artist Tahir İmanov çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinə və bu sahənin inkişafına verdiyi əvəzsiz töhfədən danışıblar.

Tədbirdə, həmçinin çıxış edən YAP İdarə Heyətinin üzvü, kimya elmləri doktoru Əfsun Sucayev, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev, YAP Təftiş Komissiyasının üzvü Musa Musayev bildiriblər ki, 1993-2003-cü illərdə Ulu Öndərin rəhbərliyi ilə görülən işlər yeni Azərbaycanın parlaq gələcəyini inşa etmişdir. Heydər Əliyevin müstəqillik dönəmində ölkəmizə rəhbərlik etdiyi dövr, eyni zamanda, Azərbaycanı böyük Zəfərə aparan yolun başlanğıcı olmuşdur.

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev – bir əsrə sığmayan ömür” mövzusunda keçirilən yazı müsabiqəsinin qalibləri və Heydər Əliyevin bir əsrə sığmayan ömrünü öz rəsm əsərində canlandıran gənc rəssam mükafatlandırılıb.

Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar, partiya sıralarına yeni qəbul olunmuş şəxslərə isə üzvlük vəsiqələri təqdim edilib.

Tədbir bədii hissə ilə davam edib.

Sonda xatirə şəkli çəkdirilib.