YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əhəmiyyətli və etibarlı enerji tərəfdaşı

“Azərbaycanın xarici siyasətində Balkan regionu prioritet istiqamətlərdən birinə çevrilib. Eyni zamanda, ölkəmiz də bu region üçün xüsusi əhəmiyyətə malikdir. Hazırda Azərbaycanın Balkan regionu ölkələri ilə münasibətlərində dinamizm müşahidə olunur, o cümlədən bu bölgənin bir hissəsi olan Bolqarıstanla əməkdaşlığı dinamik şəkildə inkişaf edir. Prezident İlham Əliyevin aprelin 25-də bu ölkəyə işgüzar səfəri bu reallığı bir daha təsdiqləyir”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin dəvəti ilə aprelin 25-də Azərbaycan Prezidenti İlham Əliyev bu ölkədə işgüzar səfərdə olub. Bu səfər Prezident İlham Əliyevin Bolqarıstana sayca beşinci səfəridir. Bundan əvvəl dövlətimizin başçısı bu ölkəyə 2005-ci, 2015-ci və 2022-ci illərdə rəsmi, 2009-cu ildə isə işgüzar  səfər edib. Azərbaycan-Bolqarıstan münasibətləri Prezident İlham Əliyevin 2015-ci ildə Sofiyaya rəsmi səfəri zamanı Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması ilə keyfiyyətcə daha yüksək mərhələyə yüksəlib.

Millət vəkili diqqətə çatdırıb ki, Azərbaycan Balkan regionu ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Azərbaycan təbii qazını Avropaya nəql edən və Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik boru kəməri bu regiondan - Yunanıstan və Albaniyadan keçir. Xatırladaq ki, 2022-ci ildə Yunanıstan-Bolqarıstan interkonnektoru istifadəyə verilib və Azərbaycan qazı Balkan regionuna daxil olub, eyni zamanda, bu regionda daxili interkonnektorlar vasitəsilə Azərbaycanın təbii qaz ixracı bazarı daha da genişlənib. Yunanıstan-Bolqarıstan qaz interkonnektorunun istismara verilməsi mərasimi ötən il 30-sentyabr-1 oktyabr tarixində Prezident İlham Əliyevin Bolqarıstana rəsmi səfəri çərçivəsində baş tutmuşdu. Həmin mərasimdə iştirak edən dövlətimizin başçısı bu hadisənin əhəmiyyətini vurğulamışdı.

Azərbaycan Prezidentinin Sofiyaya aprelin 25-də gerçəkləşən işgüzar səfəri zamanı isə hər iki dövlətin başçılarının iştirakı ilə “Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanma mərasimi, SOCAR-ın Bolqarıstandakı ofisinin açılışı keçirilib. Səfər zamanı prezidentlərin təkbətək görüşü də keçirilib və görüşdə ölkələrimiz arasında münasibətlərin strateji xarakter daşıdığı vurğulanıb.

Pərvin Kərimzadə qeyd edib ki, “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması  enerji sahəsində əməkdaşlığı daha da gücləndirəcək. Anlaşma Memorandumu Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün 4 ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyən edir. Əlavə qaz tədarükü “Həmrəylik halqası” adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək. Mərasimdə Prezident İlham Əliyev sənədin əhəmiyyətini vurğulayaraq deyib: “Bu gün imzalanmış Anlaşma Memorandumu icra olunduqdan sonra Avropada enerji təhlükəsizliyini birmənalı olaraq gücləndirəcək və Azərbaycan üçün daha çox Avropa ölkəsinə daha çox qazı ixrac etməyə fürsət yaradacaq. Bu gün Enerji Komissarı xanım Simsonun, Avropa Komissiyasının digər rəsmilərinin və dostlarımızın artıq qeyd etdiyi kimi, Azərbaycan Avropanın, mən deyərdim ki, nəinki enerji, o cümlədən bir sıra digər sahələrdə də etibarlı tərəfdaşıdır. Sizə məlumat vermək istəyirəm ki, Avropa İttifaqının 9 üzv dövləti ilə Azərbaycan “Strateji Tərəfdaşlıq haqqında” Bəyannamə və ya Sazişlərə imza atıb və qəbul edib. Bu, o deməkdir ki, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanın strateji tərəfdaşıdır və bu tərəfdaşlığın çox güclü gələcəyi var”.

Bolqarıstanın Prezidenti Rumen Radev isə Azərbaycanın etibarlı tərəfdaş olduğunu deyərək qeyd edib: “Prezident Əliyev Azərbaycanın etibarlı ticarət tərəfdaşı olduğunu sübut etdi. On ildən artıq müddət bundan əvvəl imzaladığımız müqaviləyə əsasən Bolqarıstanın artıq bir ildən çoxdur Azərbaycan tərəfindən etibarlı şəkildə təchiz olunduğu faktına əlavə etməli heç nə yoxdur. Bütün qlobal siyasi faktlara baxmayaraq, Azərbaycan müqavilənin şərtlərinə ciddi şəkildə əməl edir. Azərbaycan təkcə Bolqarıstanın deyil, həm də Avropa İttifaqının strateji tərəfdaşıdır. Bu, ötən ilin iyulunda, Azərbaycanın Avropa Komissiyası ilə enerji sektorunda strateji əməkdaşlığa və xüsusilə Avropa İttifaqına əlavə həcmdə qaz təchizatına dair Memorandum imzalaması ilə təsdiq olundu. Buna baxmayaraq, böyük sual qalmaqdadır. Bu həcmdə qaz Avropa İttifaqına konkret olaraq necə çatdırılacaq? Biz qazın qarşıdakı illərdə Avropaya çatdırılacağı barədə düşünürdük. İndi isə mən bu məsələ ilə bağlı təşkilatçılıqlarına və çevik reaksiyalarına görə nazirlərə minnətdarlığımı bildirməliyəm. Bu həll təkcə bizim ölkələrimiz üçün deyil, həm də bütün Mərkəzi və Cənub-Şərqi Avropaya ən sürətli, ən səmərəli və ən sərfəli şəkildə şaxələndirmə istiqamətində həlldir”.

“Bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycan-Bolqarıstan münasibətləri bundan sonra da davamlı olaraq genişlənəcək və dinamik inkişaf edəcək”,-deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.