YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni inkşaf səhifəsinin başlanğıcı

Sədaqət Vəliyeva

Milli Məclisin deputatı

Ömrünü xalqına və dövlətinə həsr etmiş Ümumilli Liderimiz Heydər Əliyev fitri istedadı, ali intellekti, yüksək rəhbərlik bacarığı, cəsarəti, qorxmazlığı, güclü iradəsi, böyük  dövlətçilik təcrübəsi ilə bütün çətinliklərin öhdəsindən layiqincə gəlmiş, Azərbaycanı böyük bəlalardan, faciələrdən xilas edərək sabitlik, iqtisadi inkişaf, tərəqqi yoluna çıxarmış və bugünkü qüdrətli Azərbaycan dövlətinin təməlini qoymuşdur. Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyev hər zaman qadın şəxsiyyətinə böyük hörmət bəsləmiş, onlara yüksək diqqət və qayğı ilə yanaşmış və ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoymuşdur.

Hələ 1969-cu ildə  Heydər Əliyev Respublikamıza ilk dəfə rəhbərlik etməyə başladığı vaxtdan etibarən Ulu Öndərimiz tərəfindən  qadınların yüksək rəhbər vəzifələrə təyin olunmasına başlanılmışdır. Qeyd edək ki, Azərbaycan tarixində ilk dəfə olaraq Ümumilli Liderimiz tərəfindən ali məktəblərə qadın rektorlar təyin edilmişdir. Eyni zamanda dahi Heydər Əliyev qadınların zəhmətini və fəaliyyətini yüksək dəyərləndirmiş, mütəmadi olaraq fəaliyyətində fərqlənən qadınları fəxri adlarla təltif etmişdir.

1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndərimiz qadınların cəmiyyətdə rolunun artırılması, dövlət idarəçiliyində iştirakı, kişilərlə bərabər hüquqlara malik olması kimi məsələləri və ümumilikdə qadın siyasətinin gücləndirilməsini prioritet hədəf olaraq qarşıya qoymuşdur. Bu istiqamətdə Ümumilli Liderimiz tərəfindən bütün lazımi şərait yaradılmış, bir çox sistemli və kompleks tədbirlər həyata keçirilmiş, Fərman və Sərəncamlar imzalanmış və ölkəmiz bir sıra beynəlxalq Konvensiyalara üzv olmuşdur. Azərbaycan 1995-ci ildə “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması” üzrə Konvensiyaya,  2000-ci ildə isə onun Əlavə Protokoluna qoşulmuşdur. Ulu Öndərimiz tərəfindən dövlət qadın siyasətinin hüquqi bazasının genişləndirilməsi istiqamətində də çoxsaylı tədbirlər həyata keçirilmişdir. Beləki,1995-ci ildə qəbul edilmiş Konstitusiyamızda qadınların hüquq bərabərliyi ən yüksək səviyyədə öz əksini tapmışdır. Eyni zamanda 1998-ci ildə “Azərbaycanda qadınların rolunun artırılması haqqında” Sərəncam, 2000-ci ildə “Azərbaycan Respublikasında Dövlət Qadın Siyasətinin həyata keçirilməsi haqqında” 289 saylı Fərman imzalanmışdır. Ölkəmizdə qadınların fəallığının artırılması istiqamətində mühüm əhəmiyyət kəsb edən hadisələrdən biri Ulu öndər Heydər Əliyevin dəstəyi əsasında Qadın Qurultaylarının keçirilməsi olmuşdur. 5 ildən bir keçirilən Qadın Qurultayları Azərbaycanda qadın hərəkatı tarixində yeni inkşaf səhifəsinin başlanğıcı oldu. Azərbaycan Respublikası Qadınlarının I Qurultayında iştirak edən Ulu Öndər Heydər Əliyev qadınlar haqqında bu fikirləri səsləndirmişdir:  “Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, isməti ilə, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi ilə, millətinə, torpağına olan hədsiz məhəbbəti ilə və gözəlliyi, Azərbaycan xalqının xüsusiyyətləri ilə tanınmışdır. Ancaq bununla bərabər, əsrlər boyu Azərbaycan qadınının üzərinə böyük zəhmətlər düşmüşdür. O zəhməti də qadın həmişə mərdliklə, cəsarətlə çəkmişdir və heç vaxt bu zəhmətdən inciməmişdir.”              

Bu fikirlər bir daha Heydər Əliyev dühasının Azərbaycan qadınına və onun zəhmətinə necə yüksək dəyər verməsinin göstəricisidir.

Ümumiyyətlə xalqımızın Ümumilli Lideri Heydər Əliyevin həyata keçirdiyi dövlət qadın siyasətindən, qadınlara olan diqqət və qayğısından nə qədər danışsaq azdır. Bu gün Azərbaycan qadını istər dövlət idarəçiliyində istərsə də cəmiyyətin bütün sahələrində yüksək vəzifələrdə layiqincə təmsil olunurlar. Eyni zamanda Azərbaycan qadınları dünya miqyasında da böyük uğurlar və nailiyyətlər əldə edir, şanlı bayrağımızı ən yüksək arenalarda dalğalandırır. Bütün bu deyilənlərə Birinci Vitse-prezidentimiz, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti bariz sübutdur. Mehriban xanım Əliyeva Azərbaycan qadınının ən yüksək xüsusiyyətlərini özündə  cəmləyərək fəaliyyəti ilə nümunəvi qadın obrazını yaratmışdır. Qeyd edək ki, Azərbaycan qadını dövlət idarəçiliyindəki fəaliyyəti ilə yanaşı Vətənin müdafiəsində və döyüş meydanlarında böyük fədakarlıq, şücaət nümayiş etdirmişdir. Həmçinin Azərbaycan Anasının vətənpərvərlik ruhunda tərbiyə etdiyi, böyüdüb boya başa çatdırdığı qəhrəman Azərbaycan oğulları torpaqlarımızı düşmən işğalından azad etdi. Azərbaycan qadının əldə etdiyi bütün uğurlar, yüksək nəticələr Ulu Öndərimiz Heydər Əliyevin müəllifi olduğu dövlət qadın siyasətinin nəticəsidir. Azərbaycan qadını hər zaman Xalqımızın Ümumilli Lideri, Ulu Öndəri Heydər Əliyevin əziz xatirəsini yüksək ehtiram və minnətdarlıq hissi ilə yad edəcək.