YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan neft strategiyasının uğurlarını yaşayır

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri

Ümummilli Lider Heydər Əliyev bildirmişdir ki, “Əsrin müqaviləsi” ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır və inanıram ki, XXI əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır.

Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində “Əsrin müqaviləsi”nin rolu böyükdür. Ümummilli Lider Heydər Əliyevin  “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisi dövlətimizin həyata keçirdiyi siyasətin əsasında dayanır. “Əsrin müqaviləsi”  Azərbaycanın təkcə iqtisadi deyil, ümumiyyətlə, bütün sahələrdə davamlı uğurlarının əsasıdır. Bu saziş Azərbaycanın iqtisadi və siyasi müstəqilliyini təmin etdi, beynəlxalq münasibətlər sistemində ölkəmizin rolunu artırdı, etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirərək əməkdaşlığın coğrafiyasının regional çərçivədən çıxaraq beynəlxalq miqyas almasına yol açdı. “Əsrin müqaviləsi”nin  Azərbaycana qazandırdığı uğurları ümumiləşdirərkən söylənilən fikir bugünkü reallıqlarımızdır. Azərbaycanın iqtisadi və siyasi müstəqilliyinin təmin edilməsi və möhkəmləndirilməsi dünyaya səs salan tarixi Zəfərimizdə də öz sözünü dedi.

Bir sözlə, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın neft-qaz sənayesində yeni bir mərhələnin əsası qoyuldu. Ümummilli Liderin işləyib hazırladığı yeni neft strategiyasının reallaşdırılmasında o zamanlar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti vəzifəsində çalışan cənab İlham Əliyevin böyük xidmətləri olub. Məhz həmin dövrdə Vaşinqton, Nyu-York, Hyuston, Dallas, İstanbul və digər şəhərlərdə iri neft şirkətlərinin rəhbərləri ilə səmərəli görüşlər keçirən və danışıqlar aparan cənab İlham Əliyev xalqımızın milli maraqlarını tam təmin edən müqavilə şərtlərinin əldə olunması üçün gərgin səylər göstərmişdir. Bu gün  Ümummilli Liderin şah əsəri olan müasir müstəqil Azərbaycan hər bir sahədə böyük uğurlara nail olmaqla dünya birliyində layiqli yer tutub. Neft gəlirlərinin idarə edilməsində şəffaflığın təmin olunması beynəlxalq səviyyədə təqdir edilir. Dahi şəxsiyyətin böyük uzaqgörənliklə yaratdığı Dövlət Neft Fondu şəffaflıq kriteriyaları üzrə nümunəvi qurum kimi dəyərləndirilir. Fondun vəsaitləri hesabına həyata keçirilən sosial-iqtisadi layihələr Azərbaycanın hərtərəfli inkişafını təmin edir. “Əsrin müqaviləsi” Azərbaycanın dünəninə baxış fonunda gələcəyinin təqdimatıdır. 

Ümummilli Lider, həmçinin bildirmişdir: “Biz Azərbaycanda neft strategiyasını hazırlayıb həyata keçirməyə başlayarkən qarşımıza əsas bir böyük məqsəd və vəzifə qoymuşuq: Azərbaycanın zəngin təbii sərvətləri olan neft və qaz yataqlarının xarici şirkətlərlə, onların investisiyalarının cəlb olunması vasitəsilə müştərək işlənilməsini təşkil etmək, bunun nəticəsində zəngin yataqlarımızda neft və qaz hasilatını təmin etmək və təbiidir ki, bunların hamısını Azərbaycanın milli mənafelərinin təmin olunmasına yönəltmək. Yəni bütün bu strategiya yalnız və yalnız Azərbaycanın milli mənafeləri üçün həm işlənib hazırlanıb, həm də həyata keçirilir.”

Neft strategiyasının əsas tərkib hissələri olan Bakı-Tbilisi-Ceyhan neft  və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin reallığa çevrilməsi ilə Azərbaycan regional inkişafın aparıcı qüvvəsinə çevrildi. Bu mühüm məqam da daim önə çəkilir ki, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri təkcə iqtisadi xarakter daşımır. O, eyni zamanda Qafqazda, xüsusən Cənubi Qafqazda, Türkiyədə təhlükəsizliyi və sabitliyi təmin etmək üçün əsas vasitələrdən biridir. 
Azərbaycanın yeni neft strategiyası, onun qarşıya qoyduğu məsələlər, Azərbaycanın iqtisadiyyatı və bunun gələcəyi, demokratik, hüquqi, dünyəvi dövlət kimi ilbəil inkişaf etməsi, bazar iqtisadiyyatı ilə irəliləməsi, bütün  bunlar əsas prinsiplərimizdir. 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndiyini təsdiqləyir. Ölkəmizin reallaşdırdığı enerji layihələri dövlətləri, xalqları bir araya gətirir, onlar arasında körpü rolunu oynayır. Bu gün Azərbaycana hansı tərəfdən baxsaq dahi şəxsiyyətin müəllifi olduğu neft strategiyasının uğurlarını görərik. Yaradılan möhkəm iqtisadi təməl bu gün işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərində öz sözünü deyir.