YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gələcək inkişafın əsası

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

Təbii sərvətlərimizin əsl sahibi olmaq Azərbaycan xalqının ən böyük arzularından biri idi. Ölkəmiz 1991-ci il 18 oktyabr tarixində dövlət müstəqilliyini bərpa etsə də bu sevinci yalnız 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra yaşadı. Müstəqilliyimizin bərpasının ilk illərində ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi, idarəçilik qabiliyyətinin yoxluğu ucbatından Azərbaycan böyük faciələrlə üz-üzə qaldı. Bütün sahələrdə uğursuzluqlar xalqın sabaha ümidini itirmişdi.  Belə bir çətin dövrdə Ümummilli Liderin xalqının səsinə səs verərək hakimiyyətə qayıdışı Azərbaycanın həyatında yeni bir mərhələnin əsası oldu. Azərbaycan yenidən quruldu. İqtisadi strategiyasının dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istinadən işlənib hazırlanması ölkəmizin gələcək inkişafının əsası oldu. Azərbaycan qısa müddətdə sabitlik məkanına çevrildi. Bu isə öz növbəsində ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin  iqtisadiyyatımıza yatıracaqları investisiyanın təhlükəsizliyinə tam əminlik yaratdı.

Ulu Öndər Heydər Əliyevin 26 avqust 1994-cü il tarixdə  Suraxanı neft yatağının sənaye üsulu ilə istismarına başlanmasının 90 illiyinə həsr olunmuş təntənəli mərasimdəki  çıxışında səsləndirdiyi  “Azərbaycanın neft yataqları xalqımızın ən böyük milli sərvətidir və ondan bu gün də, gələcəkdə də çox ehtiyatla istifadə etmək lazımdır. Düşünmək lazımdır ki, bizim sərvətlərimiz təkcə bugünkü nəsillər üçün deyil, nəvə-nəticələrimiz, gələcək nəsillərimiz üçün də gərəkdir” fikirləri xalqımız tərəfindən böyük rəğbətlə qarşılandı. Ümummilli Lider bu kimi çağırışları ilə xalqına bağlılığını, daim xalqının xoş gələcəyi üçün çalışdığını təsdiqlədi.  

1999-cu ildə Dövlət Neft Fondunun yaradılması da ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Neft gəlirlərindən səmərəli istifadəni təmin etmək məqsədilə yaradılan bu qurumun vəsaitləri hesabına həyata keçirilən sosial-iqtisadi layihələr ölkənin hərtərəfli inkişafına geniş imkanlar açır. Cənab İlham Əliyevin çıxışlarında da bu məqam hər zaman xüsusi yer tutur ki, neftlə zəngin çox ölkələr var. Amma bu resurslar heç də onlara böyük uğur gətirmir. Əhali arasında təbəqələşmə prosesi gedir. Lakin Azərbaycanda iqtisadi inkişaf strategiyasının qabaqcıl ölkələrin təcrübəsinə uyğun şəkildə qurulması bu kimi problemlərin yaşanmamasına gətirib çıxarır. Ölkəmizdə neft gəlirlərinin ədalət prinsipi əsasında bölünməsi əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı addımların atılmasını təmin edir. Bu günümüzün reallıqları ulu öndər Heydər Əliyevin bütün çıxışlarının mahiyyətində dayanan «Neft-Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur» tezisinin təsdiqidir.

Neft gəlirlərinin düzgün istiqamətləndirilməsi Azərbaycanın hazırkı inkişafında özünün aydın ifadəsini tapır. Son 20 ilə yaxın dövrdə Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev ilk gündən bəyan etdi ki, iqtisadi göstəricilər yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır.  Vətəndaş amili dövlət siyasətinin əsasını təşkil edir. Dövlət başçısı İlham Əliyevin irəli sürdüyü təşəbbüslər ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır, dəstəklənir. Bir çox neft hasil edən ölkələrdən fərqli olaraq Azərbaycan nefti insan kapitalına çevirdi. Görülən və görüləcək işlərin fonunda bir daha bu reallıq öz təsdiqini tapır ki, ölkənin davamlı inkişafında iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması əsasdır. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri də insan amilinə dəyəri nümayiş etdirir. Soydaşlarımızın gələcəkdə daha rahat yaşayışı üçün bütün zəruri addımlar atılır. Bütün bunlar Ümummilli Lider  Heydər Əliyevin gələcəyə hesablanmış siyasətinin və hazırda bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir.

DİGƏR Xəbərlər Arxiv