YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik xalq böyük gələcəyə malikdir

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Hər bir xalqın tanınmasında dil  əhəmiyyətli rol oynayır. Ulu Öndər Heydər Əliyev daim bu çağırışı edirdi: “Dil, dil, bir də dil... Dili inkişaf etdirməliyik. Mən demişəm və bu gün də deyirəm. Bizim gənclərə deyirəm ki, rus dilini yaxşı bilin, ingilis, fars, ərəb, fransız dillərini də yaxşı bilin. Amma bunların hamısından yaxşı öz Azərbaycan dilimizi öyrənin. Əgər bunu bilməsən, sən tam azərbaycanlı olmursan.”

Azərbaycançılıq ideologiyasının qorunması və inkişaf etdirilməsi Ümummilli Liderin fəaliyyətinin əsasını təşkil edirdi. O, böyük qürur hissi ilə bildirmişdir ki, fəxr edirəm ki, mən azərbaycanlıyam. Dahi Lider Heydər Əliyev hələ keçmiş SSRİ imperiyasında rus dilinin ikinci ana dili kimi ölkənin bütün bölgələrində kütləvi şəkildə işlədildiyi bir vaxtda konfrans və yığıncaqlarda, yubileylərdə Azərbaycan dilində çıxışlar etmişdir. Bu siyasət məhz ötən əsrin 70-ci illərində daha güclü şəkildə özünü büruzə vermişdir. Ümummilli Lider  Heydər Əliyev Bakı Dövlət Universitetinin 50 illik yubileyində Azərbaycan dilində nitq söyləmişdir. Az keçməmiş bu dil dövlət əhəmiyyətli tədbirlərə yol açmışdır. Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında ana dilimizin dövlət dili kimi qəbul edilməsi həmin dövr üçün böyük hadisə idi. Azərbaycan dilçiliyində ilk dəfə olaraq dördcildlik "Müasir Azərbaycan dili" adlı fundamental dərslik çap olunmuşdur. 

Müstəqilliyimizin bərpasının  ilk illərində dilin adının dəyişdirilməsi, onunla bağlı ənənələrin nəzərə alınmaması indi də təəssüf doğurur. 1993-cü ildə xalqın təkidli tələbi ilə Ümummilli Liderin yenidən hakimiyyətə qayıtması dil siyasəti sahəsində də bir çox önəmli hadisələrlə yadda qalmışdır. Hər şeydən əvvəl milli-mənəvi sərvətimiz olan ana dilimizin adı bərpa olundu. Ulu Öndər  Heydər Əliyev hakimiyyətə gəldiyi qısa vaxtdan sonra respublikanın tanınmış dilçi alimlərini, görkəmli ziyalılarını bir yerə toplayıb geniş müzakirələr apardı, dilimizin adının dəyişdiliməsinin düşünülməmiş, səhv qərar olduğunu bildirdi. 1995-ci il noyabrın 12-də qəbul edilmiş müstəqil dövlətimizin ilk Konstitusiyasında Azərbaycan dilinin adı bərpa olundu və dövlət dili kimi öz təsdiqini tapdı. Bundan sonra hökumət səviyyəsində ana dilinin inkişafı və qorunması istiqamətində bir çox əhəmiyyətli sənədlər qəbul edildi. 2001-ci il iyulun 18-də Ulu Öndər tərəfindən "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Fərman imzalandı. Bu sənəd ana dilimizin inkişafı üçün böyük imkanlar yaratdı. Fərmanda deyilirdi: "İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik xalq əyilməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu, onun müqəddəs vətəndaşlıq borcudur.”

Son 20 ilə yaxın dövrdə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycan dilinin saflığının qorunması istiqamətində biri-birindən mühüm addımlar atır.  Ana dilimiz - ədəbi dilimiz xalqımızın tarixən təşəkkül tapmış milli sərvətidir. Bu milli sərvətə isə heç kəsin soyuqqanlı yanaşmasına yol vermək olmaz. Milli sərvətimizi qorumaq, onun keşiyində ayıq-sayıq durmaq hamımızın müqəddəs borcu və gündəlik vəzifəsidir. Ana dilimizin saflığının qorunması günümüzün əsas çağırışları sırasındadır. Ulu Öndər Heydər Əliyev bildirmişdir: “Biz fəxr edirik ki, müstəqil Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dili son bir əsrlik dövr ərzində böyük inkişaf yolu keçərək lüğət tərkibini zənginləşdirmiş, qrammatik quruluşunu cilalamış və dünya dilləri içərisində öz layiqli yerini tutmuşdur.”